NATO rəsmisi BAYKAR-ı gələcəyin müdafiə sənayesinə nümunə göstərib

2026/06/1782558985.jpg
Oxunub: 284     15:04     27 İyun 2026    
NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanının müavini, Hava marşalı Con Strinqer Türkiyə müdafiə sənayesini və BAYKAR tərəfindən hazırlanan “Bayraktar” Pilotsuz Uçuş Aparatlarını (PUA) NATO-nun gələcək müdafiə arxitekturası üçün nümunə göstərib.

Ordu.az xəbər verir ki, Strinqer bunu Ankarada keçiriləcək NATO sammiti öncəsi Anadolu Agentliyinə müsahibəsində deyib.

O bildirib ki, alyans qapalı və istehsalçıdan asılı müdafiə sistemlərindən uzaqlaşaraq daha açıq, çevik və qarşılıqlı uyğun sistemlərə keçməlidir.

Strinqerin sözlərinə görə, BAYKAR son illərdə müdafiə sənayesində mövcud yanaşmanı dəyişən ən diqqətçəkən şirkətlərdən biridir.

“BAYKAR beş il əvvəl hələ mövcud olmayan və mövcud sistemi sarsıdan Avropa şirkətlərinin ən yaxşı nümunələrindən biridir. Bu şirkətlər uzun illər qəbul edilmiş əsas prinsipləri yenidən formalaşdırırlar”, - deyə o bildirib.

Hava marşalı əlavə edib ki, aşağı xərcə malik, uzun müddət havada qala bilən və yüksək dəqiqlikli zərbə imkanlarına sahib “Bayraktar” PUA-ları müasir döyüş meydanının oyun qaydalarını dəyişən sistemlər sırasındadır.

Strinqer NATO-nun gələcəkdə müxtəlif ölkələr və istehsalçılar tərəfindən hazırlanmış sistemləri daha sürətlə inteqrasiya edə bilməsinin vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, qapalı proqram təminatı arxitekturaları alyansın transformasiyasını ləngidir. “İstifadə edəcəyimiz arxitekturaların həqiqətən açıq olması ən vacib məsələdir”, - deyə o bildirib.

Strinqer qeyd edib ki, iyulun 7-8-də Ankarada keçiriləcək NATO sammitində alyansın birliyi, müdafiə xərclərinin artırılması və Ukraynaya dəstək məsələləri müzakirə olunacaq.

O həmçinin xatırladıb ki, ABŞ Prezidenti Donald Tramp son dövrlərdə Avropalı müttəfiqlərin müdafiə yükünü kifayət qədər bölüşmədiyini bildirib və NATO üzvlərini daha çox töhfə verməyə çağırıb.

Türkiyənin alyansdakı roluna toxunan Strinqer vurğulayıb ki, Ankara geosiyasi mövqeyi və hərbi imkanları ilə NATO-nun əvəzolunmaz üzvlərindən biridir.

“Türkiyə NATO-ya qoşulduğu gündən etibarən alyansın ən mühüm üzvlərindən biri olaraq qalır. Türkiyə hərbçiləri, dənizçiləri və hərbi hava qüvvələrinin şəxsi heyəti hər gün NATO-da hər kəsin təhlükəsizliyi naminə xidmət göstərir”, - deyə o bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   BAYKAR  


Bizi "telegram"da izləyin