ABŞ analitik mərkəzi: “Bayraktar” TB3 Avropanın müdafiə sənayesinə inteqrasiyanın simvoludur

2026/06/1782558919.jpg
Oxunub: 287     15:01     27 İyun 2026    
ABŞ-nin “Brookings” İnstitutunun yeni təhlilində Türkiyənin Avropa müdafiə sənayesindəki rolunun son illərdə əhəmiyyətli dərəcədə dəyişdiyi vurğulanıb.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Hesabatda bildirilib ki, Türkiyə Avropa İttifaqının formalaşmaqda olan müdafiə arxitekturasından kənarda qalsa da, Avropanın müdafiə sənayesi infrastrukturuna getdikcə daha sıx inteqrasiya olunur.

Sənəddə qeyd edilir ki, artıq əsas məsələ “Türkiyə ilə müdafiə sahəsində əməkdaşlıq edilib-edilməməsi” deyil, bu əməkdaşlığın müvəqqəti və situativ tərəfdaşlıq formatından çıxaraq institusional xarakter alıb-almayacağıdır.

Təhlildə bu dəyişimin ən bariz nümunəsinin İtaliyada müşahidə olunduğu vurğulanır.

Bildirilir ki, İtaliya Hərbi Dəniz Qüvvələrinin BAYKAR tərəfindən hazırlanan “Bayraktar” TB3 Pilotsuz Uçuş Aparatını (PUA) “Cavour” aviadaşıyıcısında istifadə etməyi planlaşdırması təkcə yeni platformanın alınması kimi qiymətləndirilmir.

“Brookings” hesab edir ki, bu qərar Türkiyə müdafiə sənayesinin Avropanın istehsal, sertifikatlaşdırma, tapşırıq sistemləri və logistika infrastrukturuna inteqrasiyasının başlanğıcını ifadə edir.

Hesabatda 2025-ci ildə yaradılan BAYKAR-LEONARDO birgə müəssisəsi olan “LBA Systems” bu prosesin əsas elementi kimi göstərilir.

Qeyd olunur ki, BAYKAR artıq sadəcə Avropaya məhsul satan şirkət deyil, Avropanın ən böyük müdafiə şirkətlərindən biri olan LEONARDO-nun strateji sənaye tərəfdaşlarından birinə çevrilir.

Təhlildə vurğulanır ki, “Bayraktar” TB3 Avropa üçün sadəcə yeni PUA deyil.

Ukrayna müharibəsindən sonra dəniz əməliyyatları konsepsiyasının ciddi şəkildə dəyişdiyi, uzaqmənzilli yüksək dəqiqlikli zərbə sistemləri, gəmi əleyhinə raketlər, “gəzən sursat” və insansız platformaların klassik aviadaşıyıcı konsepsiyasını yenidən formalaşdırdığı qeyd olunur.

Bu baxımdan “Cavour” və “Bayraktar” TB3 kombinasiyasının İtaliyaya daha aşağı xərc, daha uzun əməliyyat müddəti və daha geniş fəaliyyət sahəsi qazandıra biləcəyi bildirilir.

Hesabatda Türkiyənin Avropa müdafiə sənayesindəki yüksəlişinin yalnız İtaliya ilə məhdudlaşmadığı vurğulanır.

İspaniyanın HÜRJET proqramı üzrə əməkdaşlığı, Polşanın “Bayraktar TB2” tədarükü və radioelektron mübarizə sahəsində birgə layihələri, Rumıniyanın dəniz platformaları və zirehli texnika proqramları, Portuqaliyanın Türkiyə istehsalı dəniz platformalarına üstünlük verməsi, eləcə də Böyük Britaniya ilə “Eurofighter Typhoon” danışıqları bu tendensiyanın nümunələri kimi göstərilir.

Bundan əlavə, 2026-cı ilin may ayında BAYKAR ilə “Safran Electronics & Defense” arasında imzalanmış strateji tərəfdaşlığın da Avropanın Türkiyəyə münasibətindəki dəyişikliklərin göstəricilərindən biri olduğu qeyd edilir.

Hesabatda Türkiyə Avropa üçün “müdafiə sənayesində yaxın istehsal mərkəzi” kimi xarakterizə olunur.

Sənədə əsasən, Türkiyə müdafiə şirkətləri aşağı xərc, birgə istehsala açıqlıq, qısa tədarük müddəti və real döyüş təcrübəsi sayəsində Avropanın artan müdafiə ehtiyaclarına operativ cavab verə bilir.

Bu səbəbdən Türkiyənin Avropa müdafiə ekosisteminə siyasi mexanizmlərdən daha çox zavodlar, birgə müəssisələr, baş podratçılar və təchizat zəncirləri vasitəsilə faktiki inteqrasiya etdiyi vurğulanır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Bayraktar   TB3   Avropa  


Bizi "telegram"da izləyin