ABŞ-də PUA “Boeing 737” sərnişin təyyarəsi ilə toqquşmadan son anda yayınıb

2021/02/78f0f-1614420461.jpg
Oxunub: 222     14:45     27 İyun 2026    
ABŞ-nin Nyu-Cersi ştatında “United Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsi eniş zamanı Pilotsuz Uçuş Aparatı (PUA) ilə toqquşmadan son anda yayınıb.

Ordu.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Telekanalın əldə etdiyi dispetçer danışıqlarının səs yazısına əsasən, pilot “Biz az qala PUA ilə toqquşacaqdıq” deyə məlumat verib.

Onun sözlərinə görə, diametri təxminən 90 santimetr olan dairəvi formalı PUA təyyarədən cəmi 30 metr aşağıda uçurdu.

Florida ştatının Ki-Uest şəhərindən havaya qalxan “Boeing 737” təyyarəsində 106 sərnişin və 5 ekipaj üzvü olub. Təyyarə yerli vaxtla saat 17:30 radələrində Nyuark Liberti hava limanına təhlükəsiz eniş edib.

“United Airlines” bildirib ki, sərnişinlərin təyyarədən çıxarılması normal qaydada həyata keçirilib.

Dispetçer danışıqlarından məlum olub ki, təxminən eyni vaxtda “GoJet Airlines” tərəfindən həyata keçirilən “United Express” reysinin pilotu da həmin ərazidə, təxminən 600 metr yüksəklikdə başqa bir PUA müşahidə etdiyini bildirib.

ABŞ Federal Aviasiya Administrasiyasının məlumatına görə, hava limanlarının yaxınlığında PUA-ların müşahidə olunması ilə bağlı hər ay təxminən 100 məlumat daxil olur.

Qurum nəzarət olunan hava məkanında və ya təyyarələrin yaxınlığında xüsusi icazə olmadan PUA istifadəsinin qəti qadağan edildiyini bir daha xatırladıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   PUA   Boeing-737  


Bizi "telegram"da izləyin