Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Əsgərlərlə bağlı vaxtilə qəbul edilmiş, lakin çoxdan unudulmuş mühüm qərarlar” başlıqlı məqaləsində yazıb.
Nəşr qeyd edib ki, ümumilikdə, görülən işlərin təqdim olunmasında pis heç nə yoxdur, hərçənd təqdimetmə forması, vurğuların seçimi, zamanlama, eləcə də xüsusən “xırda” proqramların məhz müdafiə naziri tərəfindən videoçarxlar vasitəsilə təqdim edilməsinin nə dərəcədə məqsədəuyğun olması ilə bağlı müəyyən suallar yarana bilər.
“Bununla yanaşı, Papikyanın əsgər üçün müsbət nəsə etmək istəyi və səmimi niyyətləri qətiyyən şübhə altına alınmır.
Məsələn, möhkəmləndirilmiş mövqelərə və yeni silahlanmanın nümayişinə həsr olunmuş qapalı səfərlərin birində ona yaxınlaşıb şikayət etmişdilər ki, yayın istisində əsgər mövqedə “çəkməsiz” olub. Suren Papikyan buna belə reaksiya vermişdi: “Bu istidə 24 saat “sapoq”la qalmağı təsəvvür edirsinizmi? Onun döyüş növbəsi vaxtı deyildi, qoy bir az ayaqlarını dincəltsin, siz də çəkməzdiniz”. Ola bilsin ki, bəziləri burada intizam problemi görür, lakin hazırda söhbət başqa məqamdan gedir.
Başqa bir məsələ isə müəyyən proqramların nə dərəcədə effektiv və düzgün olması, nə dərəcədə yenidən baxılmağa ehtiyac duyulmasıdır. Məsələn, 2026-cı ilin yanvarından, qış çağırışından qüvvəyə minən məcburi müddətli hərbi xidmətin qısaldılması qərarının əvvəlcə yalnız çətin sahələrdə döyüş növbəsi çəkənlərə şamil edilməsi mümkün deyildimi? Vaxtilə bu cür təkliflər səsləndirilmişdi. Ola bilsin ki, bu halda ədalətsizliklə bağlı müzakirələr daha az olardı”, - deyə nəşr ildirib.
KİV-ə görə, 2018-ci il hakimiyyət dəyişikliyindən sonra dəfələrlə yazıb ki, orduda populizm yolverilməzdir və “xırda” proqramları bayraq etmək olmaz.
“İdeya arxa plana keçməməli, əsas vurğu yalnız maddi məsələlərə yönəlməməlidir. Maddi tərəf, şübhəsiz ki, vacibdir, lakin ideyasız, aydın “döyüş” tapşırıqları olmadan bu kifayət etmir.
2025-ci il dekabrın 10-da dərc olunmuş “Tarixçi və Ermənistanın müdafiə naziri Suren Papikyan. Tarixçi niyə “real Ermənistan”a uduzur?” başlıqlı məqalədə bir epizoda toxunmuşduq. Həmin epizodda Suren Papikyanın 2010-2016-cı illərdə İrəvan şəhərinin 54 nömrəli orta məktəbində, 2011-2018-ci illərdə isə “Kvant” liseyində tarix müəllimi işlədiyi dövrdə yuxarı sinif şagirdlərinə Azərbaycan barədə danışmasından bəhs edilirdi.
Ermənistan Silahlı Qüvvələrində həyata keçirilən islahatlar və proqramlar Suren Papikyan tərəfindən təqdim olunduqca, hakimiyyət nümayəndələri də sübut etməyə çalışırlar ki, guya onlar əsgəri düşünüblər, əvvəlkilər isə yox. Və ya guya Nikol Paşinyan hakimiyyəti əsgərlərin məzuniyyətlərini düşünür, halbuki əvvəllər heç bir “məişət” xarakterli mühüm məsələ həll edilməyib. Halbuki Suren Papikyan əsasən yalnız öz vəzifə dövrünü qiymətləndirir və demək olar ki, keçmişə nəzər salmır”, - deyə məqalədə qeyd edilib.
Nəşr vurğulayıb ki, buna baxmayaraq, yuxarıda deyilənlərin fonunda, hakimiyyət orqanları andiçmə mərasimi ilə bağlı iki günlük məzuniyyət məsələsini və ya Monte Melkonyan adına hərbi-idman məktəbinin kursantları üçün yaradılmış şəraiti bayraq edərək keçmiş hərbi rəhbərliyə “palçıq atdığı” bir vaxtda, bir neçə mühüm məqamı xatırlatmaq zəruridir.
“Birincisi, Seyran Ohanyanın müdafiə naziri olduğu dövrdə, hərbi kollektivdə qarşılıqlı münasibətlərin tənzimlənməsi və əsgərin ləyaqətini alçaldan hallara qarşı mübarizə çərçivəsində 20 il əvvəl əsgərin tualet təmizləyib-təmizləməməsi mövzusu bağlandı. Müqavilə əsasında tualet və hamamların təmizliyinə cavabdeh yeni ştatlar yaradıldı və tədricən bu hal ordudan tamamilə aradan qaldırıldı. Razılaşarsınız ki, bəzən tualet təmizləmək məsələsi əsgərin həyatı bahasına başa gəlirdi.
İkincisi, əsgərlər üçün yeməklərin hazırlanması və qida təminatı sahəsində də islahatlar aparıldı. O cümlədən, hərbi hissələrdə turşu qoymaq əvəzinə, konkret şirkətlərlə əməkdaşlıq çərçivəsində hazır məhsulların alınmasına başlanıldı. Üstəlik, hakimiyyət dəyişikliyindən sonra orduda tətbiq olunan qida proqramı da Seyran Ohanyanın nazirliyi dövründə hazırlanmışdı, sadəcə onun icrasına hələ başlanmamışdı.
Üçüncüsü, müxtəlif çətinliklərin qarşısını almaq məqsədilə 2015-ci ildə qərar qəbul edildi ki, çağırışçılar artıq çağırış məntəqələrində tibbi peyvəndlərdən keçməsinlər. Bu peyvəndlər ya çağırışdan əvvəl mülki tibb müəssisələrində, ya da çağırış başa çatdıqdan sonra xidmət etdikləri hərbi hissədə həyata keçirilməli idi. Bundan əvvəl isə püşkatma prinsipi tətbiq olunmuşdu.
Dördüncüsü, 2016-cı ildə qərara alındı ki, Ermənistan Silahlı Qüvvələrinin yeni çağırılmış əsgərləri hərbi geyimi birbaşa mərkəzi toplanış məntəqəsində alsınlar.
Beşincisi, 2017-ci ilin yay çağırışından etibarən, müdafiə naziri artıq Vigen Sarkisyan olduğu dövrdə qərara alındı ki, çağırışçılar elə toplanış məntəqəsindəcə ordu yeməyinə keçsinlər və evdən heç bir qida gətirməyə ehtiyac qalmasın.
Altıncısı, Ermənistan hökumətinin 2017-ci il 10 avqust tarixli 983-N saylı qərarı ilə hərbi-idman məktəbi “Monte Melkonyan adına Hərbi-İdman Məktəbi” fondu adlandırıldı və həmin ilin sentyabrın 1-dən etibarən məktəbə qəbul olunanlar təhsil müddətini Dilicanda keçirməyə başladılar.
“Cəmiyyətimizdə Dilicandakı möhtəşəm komplekslə bağlı geniş müzakirələr gedirdi. Orada tikinti işləri hələ başa çatmamışdı və Dövlət Gəlirləri Komitəsi üçün tədris mərkəzi inşa olunurdu. Cəmiyyətimiz çox narahat idi ki, belə bir mərkəz üçün vəsait xərcləmək nə dərəcədə məqsədəuyğundur. Məhz həmin vaxt mənim ağlımda bir fikir yarandı: bu, mütləq Monte Melkonyan adına hərbi-idman məktəbi olmalıdır. Bu təkliflə Ermənistan prezidentinə müraciət etdim. Prezident çox qısa zamanda yalnız razılıq vermədi, həm də bu proqramın hazırlanması və həyata keçirilməsi barədə tapşırıq verdi. Bundan sonra cəmiyyətdə müzakirələr dərhal dayandı və düşünürəm ki, hamı böyük məmnuniyyətlə qəbul etdi ki, məhz Monte Melkonyan adına məktəb bu kompleksdə fəaliyyət göstərəcək. Həmin gündən etibarən çoxlu insanlar bu gün mövcud olan şəraitin yaradılması üçün gündəlik iş gördülər”, - deyə Monte Melkonyan adına hərbi-idman məktəbinin yeni kompleksinin təntənəli açılış mərasimində Vigen Sarkisyan bildirmişdi.
Yeri gəlmişkən, bu gün ordunu həm şəxsi imici, həm də hakimiyyətinin piаr məqsədləri üçün istifadə edən Nikol Paşinyan, məsələn, müdafiə nazirinə öz hakimiyyətləri dövründə həyata keçirilmiş, artıq yenilik sayılmayan islahatları ayrıca videoçarxlarla təqdim etməyi “məsləhət görən” Nikol Paşinyan 2017-ci ildə müxalifət deputatı olarkən Dilicanda Monte Melkonyan adına hərbi-idman məktəbinin rəsmi açılışında və Monte Melkonyanın 60 illiyinə həsr olunmuş tədbirdə iştirak edərkən bir epizodu çox ağır qəbul etmişdi”, - deyə müəllif yazıb.
KİV qeyd edib ki, hətta Paşinyan bu barədə öz “Facebook” səhifəsində paylaşım da etmişdi.
“Zalın tərtibatından gözlənti o idi ki, Monte haqqında film göstəriləcək, lakin film müdafiə naziri Vigen Sarkisyanın müsahibəsi ilə başladı, o müsahibədə Kinematoqraflar Evinin necə Monte Melkonyan adına məktəbə çevrildiyindən və guya hətta dünyanın aparıcı təhsil ocaqlarının belə bu cür şəraitə malik olmadığından danışılırdı.
Əsas obraz Vigen Sarkisyan idi, müsahibədən, çıxışdan, müşavirədən parçalar var idi, sanki Kinematoqraflar Evini onun babası tikmişdi. Monte haqqında film də oldu, əlbəttə. Amma sonra…”.
KİV-in məlumatına görə, Paşinyan həmin paylaşımında həmçinin vurğulamışdı ki, əsas tədbir başlamazdan əvvəl məktəbin şagirdlərinə və valideynlərinə zalı tərk etmələrinin lazım olduğu deyilib ki, yüksək rütbəli qonaqlar üçün yer açılsın.
“Məktəbin kursantları və valideynləri isə tədbir bitənə qədər çöldə, ağacın altında gözləyiblər və hər şey başa çatdıqdan sonra avtobuslarla geri qayıdıblar. Əlbəttə, ola bilər ki, hansısa məqam düzgün təşkil olunmayıb, lakin bu gün hakimiyyətin başında duran Nikol Paşinyan eyni şeyi etmirmi, hətta desək ki, daha pis çalarlarla?
Yeri gəlmişkən, müxalifətçi Nikol Paşinyanın bu paylaşımı o vaxt Vigen Sarkisyanın mətbuat katibi olmuş, bu gün isə Nikol Paşinyan-Anna Hakopyan cütlüyünün himayəsindən yararlanan Artsrun Hovhannisyanın da təəccübünə səbəb olmuşdu.
“Ermənistan parlamentinin deputatı, “Yelk” fraksiyasının rəhbəri Nikol Paşinyanın “Facebook”dakı paylaşımını təəccüblə oxudum. Həmin paylaşımda siyasətçi noyabrın 21-də Dilicanda keçirilən tədbirə toxunur və faktiki olaraq Ermənistanın “milli qəhrəmanı”nın 60 illik yubiley tədbirlərinin planlaşdırılması zamanı Müdafiə Nazirliyini Monte Melkonyan adına hərbi-idman məktəbinin şagirdlərinə diqqətsizlik göstərməkdə ittiham edir. İnanmağa çalışıram ki, bu, sadəcə natamam məlumatlanmanın nəticəsidir.
Reallıq isə ondan ibarətdir ki, noyabrın 20-də, yəni Nikol Paşinyanın məktəbdə olmasından bir gün əvvəl, eyni konsert eyni müğənnilər və eyni ifalarla yalnız məktəbin şagirdləri üçün təşkil olunmuşdu. Konsert niyə bir dəfə və hamı üçün keçirilmədi? Çünki zal cəmi 200 nəfər üçün nəzərdə tutulub və orada məktəbin 200 şagirdini, onların valideynlərini, ordunun rəhbərliyini, dövlət qurumlarının və parlamentin bütün fraksiyalarının rəhbərlərini, o cümlədən elə Nikol Paşinyanın özünü yerləşdirmək sadəcə mümkün deyildi. Yəni bayram konsertini ilk olaraq məhz məktəbin şagirdləri izləmişdilər.
…Konsertin əvvəlində hərbi-idman məktəbi, şagirdlər, onların məqsədləri və arzuları, qəbul imtahanları, ailələri haqqında film nümayiş etdirildi. Həmin filmdə müdafiə nazirinin müsahibəsi qısa bir hissə idi və o, məktəbin missiyası və hərbi təhsilin perspektivləri barədə danışırdı.
Konsertdən sonra isə məktəbin şagirdləri ölkə prezidentinin, hökumət üzvlərinin və çoxsaylı dəvətli qonaqların iştirakı ilə bayram süfrəsinə qatılıblar. Nikol Paşinyan zaldan tez çıxıb və tədbirin sonuna qədər qalmayıb.
Bütün bunlarda məktəbin şagirdlərinə qarşı diqqətsizlik axtarmaq üçün ən azı güclü fantaziya lazımdır.
Və ən əsası: əslində həm konsert, həm də müxtəlif tədbirlər dövlətin və xüsusən də Müdafiə Nazirliyinin məktəbin şagirdlərinə münasibətini tam dərk etmək üçün ikinci dərəcəli xarakter daşıyır. Əsas məsələ məktəbin Dilicandakı möhtəşəm kompleksə köçürülməsidir və ölkənin sabahkı müdafiəçilərinin yaşayışı, təhsili, istirahəti və asudə vaxtı üçün ən yaxşı şəraitin yaradılmasıdır. Monte Melkonyan adına hərbi-idman məktəbi bu gün qətiyyətli addımlarla respublikanın ən yaxşı yuxarı məktəbi olmağa doğru irəliləyir.
Cənab Paşinyanın bu acı dolu paylaşımı məni dərindən məyus etdi. Böyük istək olduqda, əlbəttə, bütün bunları görməməzliyə vurmaq olar. Amma heç olmasa, tədbirdə şəxsən iştirak etməmiş insanları yanlış təsəvvürə salmamaq lazımdır”, - deyə müxalifət fraksiyasının rəhbəri Paşinyana cavabında Artsrun Hovhannisyan bildirmişdi.
Unutmayaq ki, 2018-ci il hakimiyyət dəyişikliyindən sonra Nikol Paşinyan hakimiyyəti Monte Melkonyan adına hərbi-idman məktəbinin indiki binasını dəfələrlə hərrac yolu ilə satışa çıxarmağa cəhd edib”, - deyə nəşr qeyd edib.
Müəllif bildirib ki, 2019-cu ilin martında jurnalistlərlə söhbətində o vaxt Ermənistan Dövlət Əmlakının İdarə Edilməsi Komitəsinin sədri Narek Babayan demişdi: “İstənilən əmlak təyinatına uyğun istifadə olunmalıdır. Bu halda isə bu bina otel kimi inşa edilib. İndi manipulyasiyalara əl atıb deyirlər ki, əsgər buna layiq deyil və s. Baxın, məktəb təyinatına uyğun verilməyib. İndi eyni qaydada hündür tavanlı bir futbol zalını götürüb uşaq bağçasına verək və deyək ki, bizim uşaqlar buna layiq deyilmi?”.
Nəşr yazıb ki, Dilicandakı bu binanın satılması qərarını Vigen Sarkisyan mənfi qarşılamışdı və bu təşəbbüs uğur qazanmayıb.
“Gələcəkdə belə bir qərarın yenidən qəbul olunub-olunmayacağını deyə bilmərik, lakin istirahət dövrlərində məktəbin binasının bir hissəsi müəyyən tədbirlər, düşərgə toplantıları üçün icarəyə verilir.
Bununla yanaşı, bəzi proqram və ideyaların keçmişi, çavuş sistemi, “Tapşırıqla idarəetmə” adlı NATO konseptual təşəbbüsü və sair məsələlərin unudulması mövzusuna da başqa hallarda toxunmuşuq. Əlbəttə, bu, o demək deyil ki, əvvəlki hakimiyyətlər dövründə arzuolunmaz şəxslər, mənfi halllar, nöqsanlar, boşluqlar və döyüş qabiliyyətinin möhkəmləndirilməsi sahəsində gecikmələr olmayıb”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az