Aşotyan: “Ermənistanın Avropa İttifaqına inteqrasiyası bir mifdir”

2026/06/1782367736.jpg
Oxunub: 290     15:48     27 İyun 2026    
“Ermənistanın Avropa İttifaqına inteqrasiyası real siyasi proses deyil və Nikol Paşinyan bu mövzudan daha çox daxili siyasi məqsədlər üçün istifadə edir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan bildirib.

Aşotyan qeyd edib ki, Ermənistanın Avropa İttifaqına inteqrasiyası ilə bağlı səsləndirilən fikirlər reallıqdan uzaqdır və buna baxmayaraq Nikol Paşinyan həmin ideyanın əsas təbliğatçısına çevrilib.

“Ermənistanın Avropa İttifaqına inteqrasiyasının bir mif olması mübahisəsiz və aşkar faktdır. Sadəlövh oxucuda sual yarana bilər ki, əgər belədirsə, niyə Paşinyan bu “nağıl”ın əsas müdafiəçisinə çevrilib?”, - deyə o bildirib.

Aşotyanın sözlərinə görə, Paşinyanın “qərbyönümlü siyasətinin” üç əsas səbəbi var.

“Birincisi, onun real siyasəti bütövlükdə pantürkist layihə ilə üst-üstə düşür. Bu layihənin arxasında yalnız Türkiyə deyil, həm də Böyük Britaniya dayanır. Bu iki aktor Avropa İttifaqının üzvü deyil və Paşinyan erməni cəmiyyətinə həqiqəti deyə bilmir. Buna görə də o, Avropanın geosiyasi ilğımlarını yaradaraq reallığı gizlədir.

İkincisi, “avrointeqrasiya” seçkiqabağı dövrdə seçicilərə asanlıqla satıla bilən şirin nağıl idi. Uzun illər bu yanaşmanın əsas daşıyıcısı “Vətəndaş Müqaviləsi” partiyası deyil, onun müttəfiqləri olub. Lakin Paşinyan bu mövzunu öz tərəfdaşlarından mənimsədi. Çünki onun yaratdığı “sülh” konsepsiyası gözlənilən qədər dəstək qazanmırdı”, - deyə o qeyd edib.

Aşotyan bildirib ki, Paşinyanın üçüncü məqsədi hakimiyyətini istənilən vasitə ilə qoruyub saxlamaqdır.

“Öz hakimiyyətinin davamlılığını təmin etmək üçün Paşinyan əvvəlcədən Qərbdə özünə dayaq formalaşdırdı, özünü “öz adamı” kimi təqdim etdi və özünü “Avropa dəyərləri”nin qoruyucusu elan edən strukturların gözlərini, qulaqlarını və ağızlarını bağladı. Buna əsas müxalif qüvvələrin “rusiyameylli” kimi təqdim olunması kampaniyası da kömək etdi”, - deyə o bildirib.

Aşotyan daha sonra Ermənistanın həqiqətən Avropa perspektivi olsaydı hansı addımların atılmalı olduğunu sadalayıb.

“Əgər Ermənistanın doğrudan da Avropa perspektivi olsaydı, ilk növbədə Ermənistan-Avropa İttifaqı Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişinin (CEPA) icrası ilə bağlı geniş audit aparılmalı, hesabat dərc edilməli və 75 faizdən aşağı nəticə göstərən vəzifəli şəxslər vəzifədən uzaqlaşdırılmalı idi.

Ölkədə bütün siyasi məhbuslar azad edilməli, siyasi motivli təqiblər dayandırılmalı idi. Rəsmi Brüsseldən Ermənistanın gələcəkdə Avropa İttifaqına üzvlüyünün mümkünlüyünü təsdiqləyən hüquqi qüvvəyə malik sənəd alınmalı idi. Bundan başqa, Ermənistanın qarşısında hansı əlavə şərtlərin qoyulacağı da əvvəlcədən açıqlanmalı idi”, - deyə Aşotyan bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqına üzvlük yolunda Ermənistan qarşısında yeni tələblər də qoyula bilər.

“Məsələn, son şərtlərdən biri Rusiyanın hərbi bazasının Ermənistan ərazisindən çıxarılması ola bilər. Bundan əlavə, hökumətdə Avropa inteqrasiyası və islahatlar üzrə ayrıca nazirlik yaradılmalı, Brüssel tərəfindən Moldovadakı kimi milyardlarla avroluq dəstək mexanizmi formalaşdırılmalı idi”, - deyə o vurğulayıb.

Aşotyan qeyd edib ki, bu siyahı daha da genişləndirilə bilər və Avropa İttifaqına üzvlük üçün referendum, rəsmi müraciət və namizəd statusunun verilməsi kimi addımlar da atılmalı idi.

“Lakin bütün bunlara baxmayaraq, nə Brüssel, nə də İrəvan sadaladığım tədbirlərə əl atacaq. Hətta “avrointeqrasiya” narrativinə ciddi görünüş vermək üçün belə bunu etməyəcəklər. Mən buna qəti şəkildə inanmıram”, - deyə Aşotyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Aşotyan   Ermənistan    


Bizi "telegram"da izləyin