Ukrayna radioelektron mübarizəyə davamlı yeni kəşfiyyat PUA-sını təqdim edib

2026/06/1782559208.jpg
Oxunub: 202     15:14     27 İyun 2026    
Ukraynanın müdafiə texnologiyaları şirkəti “General Cherry” cəbhə xəttinin arxasında kəşfiyyat məlumatlarının toplanması üçün hazırlanmış və radioelektron mübarizə təhdidlərinə qarşı dayanıqlı yeni sabit qanadlı “Sweetheart” kəşfiyyat Pilotsuz Uçuş Aparatını (PUA) təqdim edib.

Ordu.az xəbər verir ki, sistem hazırda Ukrayna Silahlı Qüvvələrinin tərkibində döyüş sınaqlarından keçirilir.

PUA-nın seriya təhvilinə isə bu ilin sonrakı aylarında başlanılması planlaşdırılır. “Sweetheart” 150 kilometrədək uçuş mənzilinə malikdir. Platforma təxminən üç saat havada qala bilir və 300-900 metr yüksəklikdə tapşırıqları yerinə yetirə bilir.

PUA katapult və ya əlavə buraxılış avadanlığına ehtiyac olmadan əldən buraxılır. Cəmi 4 kiloqram ağırlığında olan platformanın qanad açılımı 1,7 metrdir. Sistem rəqəmsal görüntü ötürmə kanalı, idarəolunan yaxınlaşdırma kamerası, lazer məsafəölçəni və avtomatik hədəf izləmə sistemi ilə təchiz edilib.

“Sweetheart” həmçinin maneələrə davamlı rabitə sistemlərinə və alçaq hündürlükdə uçuş zamanı aşkarlanma ehtimalını azaltmaq üçün aşağı radara görünmə qabiliyyətli gövdə konstruksiyasına malikdir.

“General Cherry” şirkətinin təsisçisi Yaroslav Hrişin bildirib ki, “Sweetheart” oxşar imkanlara malik digər kəşfiyyat PUA-ları ilə müqayisədə təxminən altıda bir xərc hesabına istehsal olunur.

O, “Militarnyi” nəşrinə açıqlamasında bildirib ki, məqsədləri aşağı xərcə malik, istifadəsi asan və eyni zamanda düşmən xəttinin dərinliklərində mürəkkəb tapşırıqları yerinə yetirə bilən kəşfiyyat platforması hazırlamaq olub.

“Sweetheart” məhz bu ehtiyacı qarşılayır”, - deyə Hrişin qeyd edib.

Onun sözlərinə görə, bu qiymət səviyyəsində hərbçilər platformanı itirməkdən çəkinməyəcək və bəzi hallarda kritik əhəmiyyətli kəşfiyyat məlumatları əldə etmək üçün PUA-nı məqsədli şəkildə birtərəfli missiyalara göndərə biləcəklər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   PUA  


Bizi "telegram"da izləyin