Tarixi boyunca İsrail Hərbi Hava Qüvvələri (HHQ) Aralıq dənizi sahillərində yerləşən bazalarından xeyli uzaqda zərbə əməliyyatları həyata keçirib. 1981-ci ildə İsrail HHQ “Opera əməliyyatı” çərçivəsində İraqın nüvə proqramına zərbələr endirib. Həmin zərbələr F-16 “Fighting Falcon”un ilk mühüm “hava-yer” əməliyyatı kimi tarixə düşüb və bu, F-16-nın ilk və ən böyük operatoru olan ABŞ Hərbi Hava Qüvvələrindən əvvəl baş verib.
Bu uzaqmənzilli zərbədən dörd il sonra “Taxta Ayaq əməliyyatı”, Fələstin Azadlıq Təşkilatının Tunis şəhərindəki qərargahına bombardman hücumu həyata keçirildi. O vaxta qədər əsasən hava üstünlüyü qırıcısı kimi istifadə edilən səkkiz “McDonnell Douglas F-15 Eagle” təyyarəsi İsrailə məxsus “Boeing 707” yanacaqdaşıyan təyyarəsi tərəfindən havada yanacaqla təmin edilmişdi. İsrail HHQ-nin qarşısında duran çətinlik ondan ibarət idi ki, qırıcılar Aralıq dənizi üzərindən təxminən 2000 kilometr (1250 mil) gediş-gəliş məsafəsi qət etməli idilər.
İsrail HHQ aydın şəkildə anlayır ki, o, əlavə təhdidlərlə, xüsusilə də İrandan gələn təhlükələrlə üzləşə bilər. O, keçmişdə belə zərbələr həyata keçirib və gələcəkdə də bunu etməyi gözləyə bilər. XXI əsrdə də sürpriz amilinin qorunması həlledici əhəmiyyət daşıyır.
İsrail artıq ABŞ istehsalı olan “Lockheed Martin F-35 Lightning II” təyyarəsindən, o cümlədən İsrail HHQ-yə məxsus F-35I “Adir” variantından istifadə edir. Məsələ ondadır ki, beşinci nəsil çoxməqsədli qırıcının İsraillə onun regional rəqibləri arasındakı məsafəni necə qət etməsi təmin olunsun. Təyyarələr ya gövdədən kənara çıxan və stels imkanlarını azaldan əlavə yanacaq çənləri daşımalıdır, ya da logistik baxımdan çətin və hər zaman əlçatan olmayan havada yanacaq doldurmaya güvənməlidir.
F-35I “Adir”in texniki göstəriciləri
İstismara qəbul edildiyi il: 2016
İstehsal olunan sayı: təxminən 48 (tezliklə 50-nin xidmətdə olması gözlənilir)
Uzunluğu: 15,7 metr
Qanad açılımı: 10,7 metr
Maksimal qalxma çəkisi: təxminən 31 751 kiloqram
Mühərrik: 1 ədəd “Pratt & Whitney” F135
Maksimal sürət: təxminən 1930 kilometr/saat/“Mach 1,6+”
Uçuş məsafəsi: təxminən 2220 kilometr
Xidmət tavanı: 15 240 metrdən çox
Silahlanma:
Daxili top: 1 ədəd 25 millimetrlik GAU-22/A fırlanan top
Yükdaşıma qabiliyyəti: daxili və xarici asqılarda 8165 kiloqrama qədər
Ekipaj: 1 nəfər
F-35I “Adir” artıq stels xüsusiyyətli uzadılmış məsafəli yanacaq çənlərinə malikdir
“The Times of Israel” nəşri bu həftə məlumat verib ki, İsrail HHQ bu problemi həll edib, F-35I təyyarələrini stels və aşağı radar izini qoruyan uzadılmış məsafəli yanacaq çənləri ilə təchiz edib.
“Biz təyyarənin uçuş məsafəsini gizlilikdən güzəştə getmədən artıran yanacaq çənləri hazırladıq və qanadlara dörd raket əlavə etdik”, - deyə İsrailin ABŞ-dəki səfiri Yexiel Leiter “Israel Hayom” qəzetinə müsahibəsində bildirib.
İsrail HHQ-nin bir neçə ildir ki, beşinci nəsil qırıcının havada yanacaq doldurmadan İran İslam Respublikasında uzaq hədəflərə zərbə endirməsinə imkan verən məsafə artırıcı yanacaq çənləri üzərində işlədiyi güman edilir.
Problem ondan ibarət idi ki, xarici yanacaq çənləri F-35I-nin radar izini artırır və gizliliyini azaldır. Həll variantlarından biri düşmən hava məkanına daxil olmadan əvvəl çənlərin atılması idi, lakin bu da təyyarənin çevikliyini məhdudlaşdırır.
Leiter stels qabiliyyətinin necə qorunduğunu açıqlamayıb, lakin ehtimal edilir ki, çənlər təyyarənin xarici həndəsəsinə uyğunlaşdırılmış konformal quruluşdan istifadə edir və bununla da müşahidə oluna bilən izi məhdudlaşdırır.
F-35I yeni dəyişikliklər üçün yaxşı uyğunlaşdırılıb
F-35I “Adir” (ibranicədə “güclü” mənasını verir) yerli istehsal edilmiş missiya kompüterləri, İsrail HHQ-yə məxsus radioelektron mübarizə kompleksi və digər sistemləri ilə seçilir. Baza F-35 modelinə edilən bu dəyişikliklər İsrailin qırıcı üzərində illər və hətta onilliklər ərzində təkmilləşdirmələr apararaq üstünlüyünü qorumasını təmin etmək məqsədi daşıyırdı.
“Army Recognition” nəşrinin izah etdiyi kimi, F-35I həm də “ön xətt qırıcısı olmaqla yanaşı, milli sənaye üçün sınaq platforması” rolunu oynayır. Bu isə təyyarəyə zərurət yarandıqca yeni sistemlərin inteqrasiyasına imkan verir.
“Adir” yalnız çoxməqsədli döyüş təyyarəsi kimi deyil, həm də İsrailin geniş inteqrə olunmuş hava və raketdən müdafiə şəbəkəsi daxilində yüksək səviyyəli sensor və komanda-idarəetmə, rabitə, kəşfiyyat, müşahidə və hədəf təyinatı qovşağı kimi istifadə olunur”, - deyə “Army Recognition” əlavə edib.
Uçuş məsafəsini artıran yanacaq çənləri, yanacaq doldurma tələbatını azalda biləcək dəyişikliklər arasında nəzərdən keçirilir. Bu, “təyyarənin modul quruluşundan istifadə edərək onun performans profilini İsrailin uzaqmənzilli zərbə və çəkindirmə ehtiyaclarına uyğunlaşdıran daha geniş milli fərdiləşdirmə strategiyasının bir hissəsi” ola bilər.
Leiter F-35-də edilən təkmilləşdirmələrlə yanaşı, İsrail HHQ pilotlarını da tərifləyib.
“Pilotlarımızın F-35-də uçuş saatlarının sayı təyyarənin hazırlanmasında tərəfdaş olmuş digər xarici ölkələrin bütün pilotlarının ümumi uçuş saatlarından çoxdur. Pilotlarımızdan gələn rəy “Lockheed Martin” şirkətinə çatdırılır. Bir neçə həftə əvvəl oraya səfər edəndə şirkətin baş icraçı direktoru mənə dedi ki, İsrailin təqdim etdiyi məlumat və inkişaflar şirkətim üçün milyardlarla dollar dəyərindədir”, - deyə Leiter bildirib
İsrail F-35 qırıcısını sevir və ondan geniş istifadə edib
İsrailin F-35 proqramına marağı 2000-ci illərin əvvəllərinə gedib çıxır. O zaman İsrail HHQ köhnəlmiş F-16 parkını ən azı 100 ədəd F-35A ilə əvəz etməyə açıq şəkildə sadiqlik nümayiş etdirmişdi. Yəhudi dövləti 2010-cu ildə bu təyyarələrin alınmasına dair razılaşma məktubu imzalayıb. 2016-cı il iyunun 22-də İsrail Texas ştatının Fort Uort şəhərində şirkətin müəssisəsində keçirilən mərasimdə ilk F-35A-nı qəbul edərək “Lockheed Martin” F-35 Birgə Zərbə Qırıcısının ilk xarici operatoru olub.
İsrail HHQ 2017-ci ilin dekabrında F-35 parkının əməliyyat hazırlığını elan edib. Bu, İsrailin Nevatim Hərbi Hava Bazasındakı intensiv inteqrasiya və təlim prosesinin başa çatdığını göstərirdi. Qeyd edildiyi kimi, F-35I modelləri ümumilikdə F-35A-ya bərabərdir, lakin İsrail istehsalı texnologiya və silahlarla, o cümlədən təyyarənin mövcud avionikasının üzərinə inteqrasiya olunmuş qabaqcıl yerli radioelektron mübarizə sistemi ilə təchiz edilib. Digər dəyişikliklərə İsrail HHQ üçün uyğunlaşdırılmış xüsusi dəbilqəüstü göstərici sistemləri, İsrail Müdafiə Qüvvələrinə xas məlumat ötürmə funksiyaları və F-35-in onsuz da güclü olan məlumat toplama və emal imkanlarının təkmilləşdirilməsi daxildir.
“Adir” ötən ilin iyununda İranın nüvə və ballistik raket proqramlarını hədəf alan, 12 gün davam edən “Yüksələn Aslan” əməliyyatı zamanı xüsusilə gücünü göstərdi. Zərbələr Tehranın nüvə proqramının sıradan çıxarılmasına kömək etdi və bir neçə yüksək rütbəli hərbi və nüvə aliminin öldürülməsi ilə nəticələndi.
Dəyanət Ağalarlı
Ordu.az