Tramp niyə Ermənistanda milyardlar xərcləməyi planlaşdırır?

2026/02/1771059480.jpg
Oxunub: 373     15:57     14 Fevral 2026    
ABŞ-nin vitse-prezidenti Vensin Ermənistan və Azərbaycana səfəri, şübhəsiz ki, qeyri-adi hadisədir.

Ordu.az xəbər verir ki, bu barədə “Absatz.media” saytı “Gəlir faizləri haqqında: Tramp niyə Ermənistanda milyardlar xərcləməyi planlaşdırır?” başlıqlı məqaləsində yazıb.

Nəşr qeyd edib ki, bu, həmin ölkələr üçün həqiqətən fövqəladə hadisədir.

“Vens səfəri ilə sözün əsl mənasında Ermənistanı dünya siyasətinin zirvəsinə qaldırır, cəmi üç milyon əhalisi olan bu ölkənin qlobal əhəmiyyət daşıdığını göstərir. Müasir dünyanın azsaylı böyük güclərindən biri belə düşünürsə, deməli, bu, həqiqətən də belədir. Bəs Ermənistanın əhəmiyyəti nədən ibarətdir?

İrəvanda Vens bəyan edib ki, ABŞ nüvə enerjisi üzrə saziş çərçivəsində Ermənistana kiçik modul reaktorlar tədarük edəcək. Tədarüklərin dəyəri 5 milyard dollardır. Bundan əlavə, “uzunmüddətli perspektivdə yanacaq tədarükü və reaktorun servis xidməti üzrə daha 4 milyard dollarlıq müqavilələr nəzərdə tutulur”, - deyə nəşr qeyd edib.

Müəllif sual ünvanlayıb ki, bu cür səxavətin səbəbi nədir?

“Amerikalılar ümid edir və inanırlar ki, Ermənistanı Rusiya təsirindən çıxara və onu ən azı uzun müddətə, hətta bəlkə də həmişəlik öz maraq və təsir dairələrinə inteqrasiya edə bilərlər.

Bəs ABŞ niyə Ermənistana investisiya qoymalı və “Rosatom” ilə rəqabət aparmalıdır? Doğrudanmı amerikalılar hətta uzunmüddətli perspektivdə də mənfəət gözləyirlər? Bəli, gözləyirlər və bu barədə dəqiq və düzgün hesablamalar aparıblar. ABŞ baxımından oraya nüvə reaktorlarının tədarükü yalnız bütün Cənubi Qafqazda (Ermənistan, Azərbaycan, Gürcüstan) vahid enerji sisteminin yaradılması halında məna kəsb edir və bu sistemə Türkiyə də qoşulmalıdır. Bu isə o deməkdir ki, Ermənistan yalnız formal olaraq suveren ölkə olaraq qalacaq, çünki özü nəzarət edə bilmədiyi enerji sistemindən tam asılı olacaq. Bu, həm də o deməkdir ki, Ermənistan artıq Rusiya ilə sıx bağlı olmayacaq. Və bəli, bu, ABŞ üçün nəhəng gəlirlər deməkdir, çünki enerji investisiyaları özlüyündə deyil, məhz “Tramp yolu” (Zəngəzur dəhlizi-red.) ilə bağlıdır, bu, Azərbaycanın Naxçıvandan keçərək Türkiyə və Avropaya uzanan, Ermənistanın Zəngəzur vilayətindən keçən logistika dəhlizidir”, - deyə məqalədə vurğulanıb.

Nəşr bildirib ki, bu dəhliz vasitəsilə təkcə Azərbaycandan deyil, həm də Türkmənistandan, Qazaxıstandan və ən əsası Çindən mallar daşınacaq.

“Onlar Rusiyadan yan keçərək qərbə doğru hərəkət edəcəklər. “Tramp yolu”nun 70 faizindən çoxu amerikalıların mülkiyyətində qalacaq. “Forbes”in məlumatına görə, marşrutun illik ticarət dövriyyəsi 50 milyard dollar təşkil edəcək. Yəni elektrik enerjisinə 9 milyard dollar sərmayə qoymaq da, marşrutun infrastrukturuna 5 milyard dollar yatırmaq da məntiqlidir. Bundan əlavə, Rusiyanı Cənubi Qafqazda təsir imkanlarından məhrum etmək ABŞ üçün sadəcə ölçüyəgəlməz dəyərə malikdir”, - deyə KİV vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Ermənistan  


Bizi "telegram"da izləyin