Erməni ekspert: “Yeni atom elektrik stansiyası məsələsində ABŞ modelinin seçilməsi iqtisadi avantürizmin nəticəsidir”

2026/02/1770707626.jpg
Oxunub: 466     17:32     12 Fevral 2026    
“Hazırda dünyada cəmi iki kiçik güclü modul reaktor fəaliyyət göstərir: biri Rusiya Federasiyasında, digəri isə Çindədir və sonuncu yalnız yaxın vaxtlarda istismara verilib”.

Ordu.az xəbər verir ki, bu barədə erməni politoloq, enerji təhlükəsizliyi üzrə ekspert Vahe Davtyan ABŞ-nin dəstəyi ilə Ermənistanda modul atom elektrik stansiyasının tikilə biləcəyi ilə bağlı müzakirələrə toxunaraq bildirib.

“Yəni, əslində, burada eksperimental xarakterli bir istiqamətlə üz-üzəyik və mən əminəm ki, bu, Ermənistan üçün bir neçə baxımdan məqsədəuyğun deyil.

Birincisi, bunlar sınaqdan keçmiş texnologiyalar deyil və ya sınaqdan keçirilibsə belə, çox lokal şəraitdə tətbiq olunub, hələ beynəlxalq sertifikatlaşdırmadan keçməyib.

İkincisi, modul reaktorların inkişaf etdirildiyi ölkələrə baxdıqda görürük ki, bunlar əsasən iri enerji sistemlərinə malik dövlətlərdir və modul reaktorları daha çox ehtiyat vasitə kimi nəzərdən keçirirlər. Söhbət Rusiya Federasiyası və ABŞ-dən gedir, bu ölkələrdə əlçatmaz yaşayış məntəqələri və ya sənaye-iqtisadi əhəmiyyətli ərazilər mövcuddur və orada bu cür modul həllərə ehtiyac yaranır. Hindistanda da son vaxtlar bu istiqamətdə danışılmağa başlanıb. Ermənistanın ehtiyat stansiyaya ehtiyacı yoxdur, çünki ölkədə çətin əlçatan ərazilər mövcud deyil.

Üçüncüsü, ənənəvi nüvə energetikasından imtina edib kiçik modul stansiyalara üstünlük verdikdə, elektrik enerjisi ixracı imkanlarını da itiririk. Ermənistan elektrik enerjisi idxal edən ölkəyə çevrilə bilər”, - deyə o bildirib.

Bu yaxınlarda Ermənistan hökumətinin Ermənistan və Azərbaycan elektrik-enerji sistemlərinin birləşdirilməsi istiqamətində işlərin başlanacağı ilə bağlı bəyanatını xatırladan Davtyan qeyd edib: “Əgər iri güclü obyektlərin yoxdursa və paralel olaraq Azərbaycanın bu gücləri dinamik şəkildə inkişaf etdirdiyini görürsənsə, üstəlik, 2022-ci ilin fevralından etibarən Ermənistanın elektrik enerjisi bazarının liberallaşdırıldığını nəzərə alsaq, sabit generasiya təmin edən iri güclü ənənəvi atom elektrik stansiyasının olmaması bu şəraitdə Ermənistanı həqiqətən də idxalçı ölkəyə çevirə bilər və bu, mənim fikrimcə, son dərəcə ciddi strateji riskdir.

Bu da modul stansiyanın, hətta Ermənistanda reallaşdırılacağı halda belə, yalnız eksperimental xarakterli bir layihə kimi nəzərdən keçirilməli olduğu yanaşmasının lehinə əlavə arqumentdir. İri güclərin modul güclərlə əvəzlənməsi, şübhəsiz ki, Ermənistan üçün həm iqtisadi, həm də geoiqtisadi baxımdan son dərəcə problemlidir.

Bu ssenari reallaşarsa, Ermənistan sülh məqsədli atomu inkişaf etdirən ölkə kimi hələ də saxladığı yüksək statusu itirə bilər. Bu, Ermənistanın regionda atom elektrik stansiyasına malik yeganə ölkə olması ilə bağlı çox ciddi strateji statusdur.

Ətrafımızda Türkiyədə, İranda, Yaxın Şərqin bir sıra ölkələrində ənənəvi nüvə energetikasının dinamik şəkildə inkişaf etdiyi bir şəraitdə, Azərbaycanın da artıq öz ərazisində atom elektrik stansiyasının tikintisi istiqamətində müəyyən tədqiqat işlərinə başladığını nəzərə alsaq, iri atom elektrik stansiyasından imtina edib onun əvəzinə eksperimental və kiçik güclü modul stansiya tikmək, təbii ki, risklidir”.

“Metsamor” AES-in istismar müddətinin daha 10 il uzadılmasından sonra bağlanması təhlükəsinin olub-olmaması ilə bağlı suala Davtyan belə cavab verib: “Metsamor” atom elektrik stansiyasının ikinci bloku 2036-cı ilə qədər istismar olunmaq üçün bütün imkanlara malikdir. Son illərdə kifayət qədər genişmiqyaslı modernizasiya işləri həyata keçirilib.

Nüvə energetikasının inkişaf perspektivləri baxımından 10 il elə də böyük zaman kəsiyi deyil. Bu o deməkdir ki, artıq bu gün, daha dürüst desək, dünən yeni atom elektrik stansiyasının tikintisi ilə bağlı konkret qərar qəbul edilməli idi. Hakimiyyət orqanları modul stansiyanın tikintisi ilə bağlı strateji qərarın olduğunu bildirirlər, lakin bu istiqamətdə hələlik heç bir konkret addım atılmayıb.

Beş ölkənin adı çəkilsə də, Ermənistanın sülh məqsədli atomu ətrafında əsas rəqabət iki supergüc, ABŞ və Rusiya Federasiyası arasında gedir.

Rəsmi İrəvan hazırda müəyyən mənada Rusiya-ABŞ münasibətlərinin yaxın gələcəkdə hansı dinamikaya malik olacağını və Cənubi Qafqazda təsir zonalarının necə bölüşdürüləcəyini anlamağa çalışır və buna uyğun olaraq blokun tikintisi ilə bağlı qərar vermək niyyətindədir”.

ABŞ və Rusiya Federasiyası arasında paralellər aparan Davtyan qeyd edib ki, ABŞ-də 1979-cu ildən etibarən yeni atom elektrik stansiyası tikilməyib. Bundan əlavə, Rusiyadan fərqli olaraq, modul reaktoru artıq istismarda olan Rusiya fonunda, ABŞ-də tikilən ilk modul reaktorun yalnız 2031-ci ildə istismara verilməsi planlaşdırılır: “Bu da onu göstərir ki, texniki-iqtisadi baxımdan hələ dəqiq ölçüləri olmayan ABŞ modelinin seçilməsi müəyyən mənada iqtisadi avantürizmin nəticəsidir”.

O, həmçinin bildirib ki, Ermənistanda atom energetikası sahəsində kadr və elmi məktəblər Rusiya məktəbi ilə üst-üstə düşür və Ermənistan ABŞ modelinə əsaslanan reaktor tikmək qərarı verərsə, bu proses təbii ki, 10 ildən yox, daha uzun müddətdən sonra reallaşa bilər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Davtyan   Ermənistan  


Bizi "telegram"da izləyin