İraq təhlükəsizlik qüvvələri “Yaşıl Zona”nı mühasirəyə alıb və korrupsiya ittihamı ilə rəsmiləri saxlayıb

2026/06/1782638438.jpg
Oxunub: 244     13:13     28 İyun 2026    
İraq təhlükəsizlik qüvvələri bazar günü səhər saatlarında Bağdaddakı “Yaşıl Zona”da genişmiqyaslı əməliyyat keçirib.

Ordu.az xəbər verir ki, bu barədə AFP agentliyi təhlükəsizlik strukturlarındakı iki mənbəyə istinadən məlumat yayıb.

“Yaşıl Zona”da dövlət qurumları, diplomatik nümayəndəliklər, o cümlədən ABŞ səfirliyi, eləcə də yüksək vəzifəli məmurların və siyasətçilərin iqamətgahları yerləşir.

Mənbələrin məlumatına görə, əməliyyatda ordu bölmələri və antiterror qüvvələri iştirak edib. Ərazi mühasirəyə alınıb, girişlərdə ağır texnika da daxil olmaqla çoxsaylı təhlükəsizlik qüvvələri yerləşdirilib.

Sosial şəbəkələrdə yayılan görüntülərdə zirehli texnikanın kompleks ərazisində və bəzi binaların yaxınlığında olduğu əks olunub.

Mənbələrdən birinin sözlərinə görə, əməliyyat korrupsiya və məhkəmə qərarları ilə bağlı araşdırmalar çərçivəsində bir sıra yüksək vəzifəli siyasətçilərin saxlanılmasına yönəlib.

Bildirilir ki, əməliyyat silahlı qruplaşmaların maliyyələşdirilməsi, dollar və İran neftinin qaçaqmalçılığı ilə də əlaqəli ola bilər. Saxlanılan şəxslərin adları və sayı hələlik açıqlanmayıb.

Digər mənbə də hüquq-mühafizə orqanlarının əməliyyatının korrupsiya işləri ilə bağlı olduğunu və davam etdiyini təsdiqləyib. Hələlik İraq hökuməti məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

Əməliyyatlar İraq Baş nazirinin korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi və silah dövriyyəsinə dövlət nəzarətinin bərpası barədə bəyanatlarından sonra həyata keçirilib.

Bundan əvvəl hakimiyyət orqanları korrupsiya işlərindən biri çərçivəsində 85 milyon dollardan çox vəsaitin müsadirə edildiyini açıqlamışdı.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İraq   Yaşıl-Zona  


Bizi "telegram"da izləyin