İran 1987-ci ildə Sərdəşt şəhərinin kimyəvi bombardmanına görə məsul şəxslərin cəzalandırılmasına çalışacaq

2026/03/1774204645.jpg
Oxunub: 230     13:54     28 İyun 2026    
İran 1987-ci ildə ölkənin şimal-qərbində yerləşən Sərdəşt şəhərinin kimyəvi bombardmanında iştirak etmiş şəxslərin məsuliyyətə cəlb olunmasına nail olacağını bəyan edib.

Ordu.az xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin hüquqi və beynəlxalq məsələlər üzrə müavini Kazem Qaribabadi “X” sosial şəbəkəsində paylaşım edib.

O bildirib ki, Sərdəşt təkcə kimyəvi silahın deyil, həm də belə silahları Səddam Hüseyn rejiminə tədarük edən ölkələrin, Almaniya, ABŞ, Böyük Britaniya və Niderlandın “ikili standartlarının və susqunluğunun qurbanı” olub.

Qaribabadi vurğulayıb ki, Tehran törədilmiş cinayətə görə məsuliyyət məsələsini ciddi şəkildə izləyəcək, beynəlxalq araşdırmanın aparılması və günahkarların cəzalandırılmasının vacibliyini qeyd edib.

“Mehr” agentliyinin məlumatına görə, 1987-ci ilin iyulunda İraq Hərbi Hava Qüvvələri, həmin dövrdə ölkə prezidenti olan Səddam Hüseynin rəhbərliyi altında, Sərdəşt şəhərinin dörd sıx məskunlaşmış yaşayış məntəqəsinə kimyəvi sursatlarla zərbələr endirib.

Hücum nəticəsində 110 dinc sakin həlak olub, təxminən 8 min nəfər zəhərlənib ki, bu da onların sağlamlığında ağır və uzunmüddətli fəsadlara səbəb olub.

İran hər il hücumun ildönümündə Sərdəşt faciəsini xatırladır və bunu dinc əhaliyə qarşı kimyəvi silahdan istifadənin ən ağır nümunələrindən biri kimi qiymətləndirir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Qaribabadi  


Bizi "telegram"da izləyin