Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Ordu keşişləri ilə bağlı qalmaqallı hekayədə kim nə dərəcədə haqlıdır?” başlıqlı məqaləsində yazıb.
Nəşr qeyd edib ki, Suren Papikyanın əmrində xüsusilə qeyd olunur: “2026-cı il fevralın 1-dən Ermənistan Silahlı Qüvvələrində Ruhani Xidmət rəhbərinin və Erməni Apostol Kilsəsi tərəfindən təyin edilmiş ruhani xidmətçilərin Ermənistan müdafiə sistemində fəaliyyətini dayandırmaq”.
KİV-in məlumatına görə, bundan sonra Ermənistan Baş Qərargah rəisinə tapşırılır ki, bu əmr qüvvəyə minənədək sıravi heyətin məcburi hərbi xidmətə çağırılmış və Ermənistan Silahlı Qüvvələrində baş keşiş və ya keşiş hərbi vəzifəsinə təyin olunmuş şəxslər tərəfindən ruhani xidmətinin həyata keçirilməsi Ermənistan SQ Baş Qərargahının mənəvi-psixoloji təminat idarəsinin ümumi koordinasiyası və xidmət yerinin hərbi hissə komandirinin birbaşa tabeliyində təmin edilsin.
“Bundan əlavə, Ermənistan Silahlı Qüvvələrində ruhani xidmət funksiyalarını yerinə yetirmək üçün baş zabit heyətinə aid “mayor” və kiçik zabit heyətinə aid “kapitan” rütbələri ilə uyğun olaraq “baş ordu keşişi” və “ordu keşişi” adlı qeyri-komandir vəzifələrinin yaradılmasından bəhs edilir. Bu vəzifələrə təyinat üçün Erməni Apostol Kilsəsinin ruhani təhsilinə malik olmaq mütləq şərtdir.
Müdafiə nazirinin bu əmrindən sonra bəzi mütəxəssislər və ekspert dairələri iddia etməyə başladılar ki, Suren Papikyan 2000-ci il tarixli nizamnamənin həmin bəndini pozub. Həmin bəndə əsasən, Ermənistan Silahlı Qüvvələrində Ruhani Xidmətinin ləğvi yalnız bütün ermənilərin katolikosunun xeyir-duası və Ermənistan müdafiə nazirinin əmri ilə baş verə bilər.
Bununla belə, Müdafiə Nazirliyi sonradan manevr imkanını açıq saxlamışdı. “168.am” “Papikyanın seçdiyi yanlış taktika və zaman: Ruhani xidməti ləğv olunub, yoxsa sərfəli olmayan ruhani şəxslərin fəaliyyəti dayandırılıb?” başlıqlı məqaləsində sərfəli olmayan ordu keşişlərindən qurtulmaq, ümumilikdə isə ordu keşişlərini Müdafiə Nazirliyinin nəzarəti altına almaq niyyəti barədə yazıb. Məqalədə diqqətə çatdırılır ki, 2000-ci ilin sentyabrında təsdiqlənmiş nizamnaməyə əsasən, “ruhani xidmətçilərin yol verdiyi pozuntular Erməni Apostol Kilsəsinin nizamnaməsinə uyğun müəyyən edilir”. Yəni Silahlı Qüvvələrin müvafiq intizam qaydaları onlara şamil edilmirdi. Bununla belə, ordu korpusları və hərbi hissələrin ruhani xidmətçiləri Ruhani Xidməti rəhbərinə, eləcə də korpus və hissə komandirlərinə hesabat verirdilər. Ruhani Xidməti rəhbəri isə bütün ermənilərin katolikosuna, Ermənistan müdafiə nazirinə və onun tərbiyə işi üzrə müavininə hesabatlı idi”, - deyə məqalədə qeyd edilib.
Müəllifin yazdığına görə, məhz bu məqamları nəzərə alaraq Ermənistan müdafiə naziri Suren Papikyan fevralın 6-da parlamentdə jurnalistlərlə brifinq zamanı bildirib ki, onun addımları qanunidir. Onlar sadəcə olaraq orduda mənəvi xidmətin xarakterini dəyişməyə və ikili tabeliliyi aradan qaldırmağa çalışıblar. Onun əmrində pozuntu görənlər isə məhkəməyə müraciət edə bilərlər.
“Orduda mənəvi xidmətin dayandırıldığı ilə bağlı yayılan iddialar doğru deyil. Orduda mənəvi xidmət davam edə bilər, sadəcə onlar Silahlı Qüvvələrin mənəvi-psixoloji xətt üzrə idarəsinə tabe olmalıdırlar”, - deyə Papikyan vurğulayıb. O qeyd edib ki, Ermənistanda Erməni Apostol Kilsəsinin mənəvi təhsilini almış xidmətçilərlə müqavilə bağlana bilər ki, onlar onun əmrində təsvir edildiyi kimi, hərbi vəzifələrə təyin olunmaqla və “mayor”, “kapitan” zabit rütbə təsnifatı ilə öz missiyalarını icra etsinlər.
“Bu halda ordu keşişləriin mümkün pozuntularının olub-olmamasına obyektiv qiymət verilməsinin mümkün olub-olmayacağı, həmçinin onların öz hərbi rəhbərliyinin vəzifə səlahiyyətlərindən sui-istifadə hallarını sərbəst şəkildə qeydə alıb-almayacaqları sual doğurur.
Aydındır ki, hərbçilər siyasi neytrallığı qorumağa borcludurlar, ancaq bu prinsip çoxdan pozulub. Digər sual isə Ermənistanın Müdafiə Nazirliyi və Baş Qərargah rəhbərliyinin bunu nə dərəcədə etiraf etməsidir.
Yeri gəlmişkən, yanvarın 13-də keçirilən mətbuat konfransı zamanı Ermənistan müdafiə naziri Suren Papikyan jurnalistin sualına cavab olaraq bildirmişdi ki, o, Nikol Paşinyanın dəvət etdiyi yürüşdə “Vətəndaş Müqaviləsi” partiyasının idarə heyətinin üzvü, Ermənistanın müdafiə naziri və Ermənistan vətəndaşı kimi iştirak edib. O, sözünə davam edərək hərbçi olmadığını və rütbə daşımadığını vurğulamışdı. Bu isə o deməkdir ki, ən azı şüuraltı səviyyədə hərbçinin dini-siyasi tədbirdə iştirakının doğru olmadığına dair bir qənaət mövcuddur, halbuki həmin yürüşdə Müdafiə Nazirliyinin rütbə daşıyan hərbi rəhbərləri də iştirak edirdi”, - deyə nəşr bildirib.
Müəllif yazıb ki, bu kontekstdə, son vaxtlar gündəmdə olan ordu keşişlərinə təzyiq göstərilib-göstərilməməsi mövzusuna qayıtmaq lazımdır.
“Jurnalistlərlə keçirilən brifinqdə Suren Papikyan ordu keşişlərinə pul qarşılığında Nikol Paşinyanın kilsəni “islahat etmək” gündəliyinə qoşulmağın təklif edilməsi barədə iddiaları təkzib edərək deyib: “Yalandır, belə bir şey yoxdur”. Qeyd edək ki, müdafiə nazirinin mətbuat katibi də nazirliyin rəhbər şəxsləri tərəfindən keşişlərə təzyiq göstərilməsi və katolikosun əleyhinə çıxmaq təklif olunması ilə bağlı xəbərləri üstüörtülü şəkildə rədd etmişdi.
Buna baxmayaraq, maraqlıdır ki, Müdafiə Nazirliyində müşavirə çağırılıbmı? Əgər çağırılıbsə, nə zaman keçirilib? Ruhani xidmətindən kimlər, Müdafiə Nazirliyi və Baş Qərargahın rəhbər heyətindən kimlər orada iştirak edib? Müşavirə nə məqsədlə çağırılıb və orada nə müzakirə olunub?
Əgər belə bir müşavirə həqiqətən keçirilibsə, ordu keşişlərinin iddiasına görə orada iştirak edən Ermənistanın müdafiə naziri Suren Papikyan, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Edvard Asryan, müdafiə nazirinin müavini Arman Sarkisyan, Baş Qərargahın mənəvi-psixoloji təminat idarəsinin rəisi Seryoja Stepanyan və 2024-cü ildə təyin olunmuş birləşmiş qoşunlar (qüvvələr) qruplaşmasının komandiri, general Artak Budağyan həmin keşişlərin yanında təsdiq edə bilərlərmi ki, orada keşişlərin Nikol Paşinyanın kilsəni “islah etmək” dini-siyasi hərəkatına münasibətini yoxlamaq cəhdi olmayıb?
Yeri gəlmişkən, eyni sual ordu keşişlərinə də aiddir: onlar öz bəyanatlarını adlarını çəkdikləri Müdafiə Nazirliyi və Baş Qərargah rəhbərlərinin üzünə qarşı təkrarlaya bilərlərmi?”, - deyə KİV vurğulayıb.
Nəşr yazıb ki, yayılan məlumatlara görə, yuxarıda qeyd olunan fəaliyyətlərdə Ermənistan Silahlı Qüvvələrinin Xüsusi Ordu Korpusunun komandiri Armen Gözalyan və Xüsusi Təyinatlı Qüvvələrin komandiri Levon Davityan da kifayət qədər aktiv olublar.
“Sonuncunun vəziyyətində isə bu cür fəaliyyət həmin qüvvələrin xidməti xüsusiyyətlərindən irəli gələrək xüsusilə qəbulolunmazdır.
Xatırladaq ki, 2021-ci il fevralın 25-də, ovaxtkı Baş Qərargahın Əməliyyat baş idarəsinin rəisi, general-mayor Edvard Asryan, Baş Qərargahın Kəşfiyyat baş idarəsinin rəis müavini, polkovnik Levon Davityan və 4-cü ordu korpusunun komandiri, general-mayor Artak Budağyan Baş Qərargahın Nikol Paşinyanın istefasını tələb edən məşhur bəyanatına imza atmışdılar.
Yeri gəlmişkən, məqalənin mövzusu “orduda ruhani xidmətinin xarakterinin dəyişdirilməsi” olduğu üçün belə bir sual da yaranır: Suren Papikyanın vəzifə müddətində və ondan əvvəl ordudakı ikili tabeçilik sistemi həqiqətənmi hər hansı bir problem yaratmışdı?
Bu və məqalədə qaldırılan bütün digər suallarla bağlı Ermənistan Müdafiə Nazirliyinə yazılı sorğu ünvanlamışıq, cavab alan kimi onu da ictimaiyyətə təqdim edəcəyik”, - deyə müəllif bildirib.
Alpər Mövludoğlu
Ordu.az