Erməni siyasi xadim: “Paşinyan niyə sülh yolu ilə nizamlanmadan imtina etdi, niyə 2019-cu ildə mövcud olan sülh paketini rədd etdi?”

2026/01/sdfds-1769590178.jpg
Oxunub: 304     12:46     28 Yanvar 2026    
“Mən Praqada əldə olunmuş razılaşmanı hər hansı formada xilas adlandırmağın mümkün olduğunu düşünmürəm”.

Ordu.az xəbər verir ki, bunu bu gün Ermənistan ordusu günü münasibətilə “Yerablur”da jurnalistlərlə söhbətində “Hayakve” təşəbbüsünün həmtəsisçisi, erməni siyasi xadim Avetik Çalabyan deyib.

“Bu, Baş nazir tərəfindən son dərəcə yanlış, qəsdən və mahiyyət etibarilə qabaqcadan yönləndirici şərhdir. O, Praqada əldə olunmuş razılaşma ilə Qarabağı təhvil verdi.

Buna görə də Baş nazir vəzifəsini tutan Nikol Paşinyanın bizim adımızdan Praqada belə bir razılaşmaya getməyə heç bir haqqı yox idi”, - deyə Çalabyan qeyd edib.

Çalabyan KTMT-yə üzvlüyün Ermənistanın xaricdən silah almasına mane olması ilə bağlı məsələyə toxunaraq bildirib: “Xatırladım ki, 2016-cı ilin aprel müharibəsindən sonra Ermənistana böyük həcmdə hərbi tədarüklər başladı, bunlar müəyyən qədər məhz Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra kəsildi və pozuldu. Qoy Nikol Paşinyan özü desin ki, onun hansı addımları KTMT-də mövqelərimizin zəifləməsinə gətirib çıxardı. Məsələn, qoy xatırlasın ki, KTMT-nin baş katibi Xaçaturovu necə saxlatdırıb həbs etdirdi. İzah etsin ki, bunu hansı səbəbdən etmişdi. Doğrudanmı o, qəsdən KTMT ilə münasibətlərimizi korladı, indi isə KTMT-ni günahlandırır?

Mən KTMT-nin vəkili və ya müdafiəçisi deyiləm, amma bütün məsələlərin iki tərəfi var. Qoy Paşinyan səmimi şəkildə desin ki, onun hansı addımları KTMT ilə münasibətlərin korlanmasına gətirib çıxardı, hansı addımları nəticəsində 2020-ci ildə hərbi əməliyyatlar başlandı. Axı ondan əvvəl masanın üzərində sülh sazişi var idi və onun ətrafında qlobal konsensus mövcud idi. Bu, Qarabağ məsələsini sülh yolu ilə həll etməyə imkan verirdi. Qoy desin ki, niyə sülh yolu ilə nizamlanmadan imtina etdi, niyə 2019-cu ildə mövcud olan sülh paketini rədd etdi, qoy bunu izah etsin”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Çalabyan  


Bizi "telegram"da izləyin