Ordu.az xəbər verir ki, bu barədə erməni politoloq Stepan Danielyan bildirib.
“Düşünürəm ki, Birləşmiş Ştatlar bunu Rusiya ilə razılaşmaq üçün ticarət predmetinə çevirəcək və Rusiya TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsinin digər tərəfi olacaq. Onlar birbaşa deyirlər ki, bizsiz bu yol işləməz. Rusiya bu regionu öz təsir zonası hesab edir və ABŞ ilə Rusiya razılığa gələcək. Burada hansısa yerdə nəyisə güzəştə gedəcəklər, başqa bir yerdə isə nəyisə qazanacaqlar. Çünki dünyada köhnə prinsiplər artıq mövcud deyil. Bütün beynəlxalq qurumlar dağılır, artıq BMT-ni də dağıdırlar, ABŞ-nin icazəsi ilə bütün qərarların qəbul ediləcəyi Sülh Şurası yaradırlar”, - deyə o qeyd edib.
Danielyanın sözlərinə görə, ABŞ anlayır ki, artıq təkbaşına bütün dünyanı nəzarətdə saxlaya bilməz.
“Burada məsələ ondan ibarətdir ki, bir-biri ilə rəqabət aparan imperiyalardan hansının birinci olacağı, kimin şərt diktə edəcəyi önəmlidir. Hazırda Birləşmiş Ştatlar imperiya istiqamətində irəliləyir və şərt diktə edən tərəf olmağa çalışır. Yeri gəlmişkən, ABŞ-nin milli təhlükəsizlik strategiyalarında həmişə “qırmızı xətt” kimi keçir ki, heç bir ölkə ABŞ-yə birincilik məsələsində meydan oxuya bilməz, belə imkanlar elə başlanğıcda boğulmalıdır”, - deyə o bildirib.
Ermənistana toxunan Danielyan deyib: “Əgər Cənubi Qafqaz güclü dövlətlər arasında balans yaradan bir məkan olsa, biz sülh şəraitində ola bilərik. Əgər Ermənistan tamamilə Qərbə meyillənsə və Rusiya, İran əleyhinə mövqe tutsa, müharibə zonasına çevrilər. Əgər tam əks istiqamətə getsə, yenə də müharibə zonasına çevrilə bilər. Yeganə çıxış yolu bufer rolunu oynamaqdır. Ermənistanda fəaliyyət göstərən hakimiyyət qüvvələr balansını pozma prosesinə başlayıb ki, bu da müharibəyə gətirib çıxaracaq.
Əgər sən tam şəkildə Qərbin, Türkiyənin timsalında təsir altına düşürsənsə, müharibə ocağına çevrilirsən. Əgər bu təsirləri tarazlaya bilirsənsə, güclər balansı rolunu oynaya və buraya sülh gətirə bilərsən”, - deyə erməni politoloq vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az