“Biz müharibəyə hazırlaşmırıq, çünki müharibə olmayacaq” - Paşinyan

2026/01/1769496821.jpg
Oxunub: 535     09:43     28 Yanvar 2026    
“Son illərdə ordumuz üçün indiyədək malik olmadığı keyfiyyət və parametrlərə sahib çoxlu sayda müasir silah-sursat və hərbi texnika alınıb”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan ordusu günü münasibətilə etdiyi müraciətdə deyib.

Onun sözlərinə görə, bunun üçün böyük maliyyə vəsaiti xərclənib, çünki alınan texnika həm bahalı, həm də kəmiyyət baxımından böyükdür.

“Lakin çox vacib bir sualın cavabı da verilməlidir: bəs niyə eyni işlər 2018, 2019, 2020, 2021 və 2022-ci illərdə görülməyib?

Silah və texnika satışı potensialına malik demək olar ki, bütün beynəlxalq tərəfdaşlarımız iki əsas səbəbə görə Ermənistana silah satmaqdan nəzakətlə imtina edirdilər:

1. Bu silahların Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisindən kənarda yerləşdirilməyəcəyinə əmin deyildilər.

2. Bu silahların məxfi parametrlərinin Ermənistanın üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına ötürülməyəcəyinə əmin deyildilər, Ermənistanın bu təşkilata üzvlüyü də belə sövdələşmələrin bağlanmasına maneə idi.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı tərəfdaşlar isə 2022-ci ilin sentyabrına qədər Ermənistanın təhlükəsizliyini və ərazi bütövlüyünü təmin etmək üzrə üzərlərinə götürdükləri müqavilə öhdəliklərini yerinə yetirməkdən imtina edirdilər. Onlar həmçinin Ermənistanın artıq ödənişlərini etdiyi yüz milyonlarla dollar dəyərində silah-sursat və texnikanın tədarükündən də imtina edirdilər”, - deyə Paşinyan bildirib.

Onun qiymətləndirməsinə görə, bu, Ermənistan üçün mövcudluq xarakterli təhdid idi və aydın idi ki, dövlətçiliyi aradan qaldırmaq, suverenliyi sıfırlamaq barədə qərar qəbul edilib.

“Bu taleyüklü təhlükə iki həlledici hadisə nəticəsində dəf edildi: 2022-ci il oktyabrın 6-da Praqada dördtərəfli formatda əldə olunmuş siyasi razılaşma (ona əsasən, Ermənistan Respublikası və Azərbaycan Respublikası 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyır) ilə, eləcə də Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı üzvlüyünün dondurulması ilə.

Biz bu strategiyanı ardıcıl şəkildə davam etdirəcəyik. Aydın şəkildə qeyd etmişik və qeyd edirik ki, Ermənistan ordusunun beynəlxalq səviyyədə tanınmış 29 min 743 kvadrat kilometr ərazinin müdafiəsindən kənar başqa vəzifəsi yoxdur və olmayacaq, yalnız beynəlxalq müqavilələr əsasında sülhməramlı missiyalarda iştirak istisnadır”, - deyə Ermənistanın Baş naziri vurğulayıb.

Paşinyan deyib ki, Ermənistanda məcburi müddətli hərbi xidmətin müddəti 24 aydan 18 aya endirilib.

“Bu, məcburi müddətli hərbi xidmətin şərtlərini əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Sərhədlərimiz boyunca böyük həcmdə istehkam işləri aparılır ki, bu da müdafiə sistemimizdə yeni mərhələdir.

Müraciətin janrı daha geniş izaha imkan vermir, lakin son illərdə orduda həyata keçirilənlər dövlətimizin davamlılığının, müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının təməl daşıdır.

Eyni zamanda vurğulamaq istəyirəm ki, biz müharibəyə hazırlaşmırıq, çünki müharibə olmayacaq. Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh bərqərar olub və sülhdən daha etibarlı təhlükəsizlik zəmanəti yoxdur.

Biz bu ən etibarlı təhlükəsizlik zəmanətini daha da gücləndirəcəyik.

Ordunun inkişafı isə davamlı olacaq, çünki ordu dövlətin ən mühüm institutlarından biridir və diplomatiyanın bunu edə bilmədiyi hallarda gələcək şərti təhdidlərə qarşı durmaq üçün güclü, müdafiə qabiliyyətli orduya sahib olmaq son dərəcə vacibdir.

Güclü ordusu olmayan ölkə həssasdır. Ermənistan heç vaxt belə olmamalıdır”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan   Azərbaycan  


Bizi "telegram"da izləyin