Erməni ekspert: “Silahı necə gətirəcəyik, amerikalılar icazə verəcəklərmi?”

2026/01/1769580551.jpg
Oxunub: 498     10:10     28 Yanvar 2026    
“Vaşinqtondan bəzi xəbərlər alırıq ki, hakimiyyətdə olan bu qrupun rəhbərinin Erməni Apostol Kilsəsi ilə bağlı gördüyü işlərdən məmnun deyillər”.

Ordu.az xəbər verir ki, bunu ABŞ-nin Stenford Universitetinin politologiya üzrə doktoru Artur Xaçikyan deyib.

Onun sözlərinə görə, ABŞ-nin vitse-prezidenti Cey Di Vens Ermənistanda bu məsələyə də toxunacaq, ancaq Ermənistana gəlməsinin əsas məqsədi yəqin ki, TRIPP-lə (Zəngəzur dəhlizi-red.) bağlı proseslərdir.

“Əgər bizdə normal, səriştəli rəhbərlik olsaydı, TRIPP-in 74 faizini Trampa verməzdik və qarşılıqlılıq əldə edərdik. Biz ən vacib kartımızdan imtina etdik və əvəzində müstəmləkəyə çevrilmək perspektivini qazandıq. Bu, başlanğıcdır, növbəti mərhələdə Zəngəzur məsələsi gündəmə gələcək. Süveyş kanalı ilə bağlı vəziyyət də eyni idi: nəticədə Britaniya Misiri aldı, Mərakeş Fransaya verildi və Afrika bölüşdürüldü. Eyni hal Panama kanalı, Çin və Yaponiya ilə də baş verdi. Bu, müstəmləkəçilikdir, növbə bizə çatıb və bu adamlar utanmadan suverenlikdən danışırlar. Zəngəzur azad iqtisadi zona olacaq, türklər və azərbaycanlılar biznes quracaqlar və bir neçə ildən sonra bizdən soruşacaqlar: “Sizin burada nə işiniz var?”.

Əgər azərbaycanlılar bizim sərhədçilərin üzünü görmək istəmirlərsə, niyə düşünürük ki, əsgərlərimizin üzünü görmək istəyəcəklər? Bizim sərhədçilər arxa otaqda oturacaqlar, azərbaycanlılar isə onların üzünü görməyəcəklər”, - deyə Xaçikyan qeyd edib.

Xaçikyan bildirib ki, zəifləri və satqınları heç yerdə sevmirlər.

“Dünyada diz çökənlərə, yalvaranlara hörmət etmirlər.

İran neçə ildir deyir ki, amerikalılara yol vermək anti-İran addımıdır. Əgər bu qrup, “Vətəndaş Müqaviləsi” partiyası bir az ağıllı olsaydı, elə edərdi ki, əvvəl Ermənistanın 51 faiz payı olsun, sonra konsorsium yaradılsın və orada müxtəlif ölkələr, o cümlədən İran pay sahibi olsun. Amma biz bunu İranın rəqiblərinə verdik. Bu yol bizim hərbi yardım almaq baxımından əsas sərhədimizdir. Silahı necə gətirəcəyik, amerikalılar icazə verəcəklərmi? Bu yol bizim ən böyük diplomatik kartımız idi, amma istifadə etmədik. Biz müstəmləkəyə çevrildik. XXI əsrdə hansı ölkə bu şərtlərlə öz ərazisindən imtina edib?”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xaçikyan   Ermənistan  


Bizi "telegram"da izləyin