Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Qanuniləşdirilmiş talan: məmurlar milyonlarla kreditlərini nə ilə bağlayırlar?” başlıqlı məqaləsində yazıb.
Nəşr qeyd edib ki, halbuki həmin “talan”ın və “zərf içində” pul paylanmasının konkret sübutları bu günə qədər üzə çıxmayıb. Səkkiz il ərzində dövlət məmurlarına “zərf içində” pul verildiyini təsdiqləyən bir dənə də olsun sübut təqdim edə bilməyiblər. Bu mövzuda səsləndirilən ittihamlar əvvəl necə idisə, indi də elə qalır və Nikol Paşinyanın xəstə təxəyyülü ilə obsesiv düşüncələrinin məhsulu olaraq qalmaqdadır.
“Keçmişlərin talanı və “zərf içində” pul paylanması ilə bağlı illərdir dövr edən söz-söhbətlər boş bəyanatlardan o yana keçmədiyi halda, Nikol Paşinyan və onun komandası dövlət büdcəsini talamaq üçün mexanizm yaradıblar. Onlar bunu talana “qanuni” don geyindirməklə ediblər. Büdcəni qanunla talayırlar.
Hakimiyyətə gəldikdən sonra vəzifə və mövqeyə sahib “Vətəndaş Müqaviləsi” üzvlərinin necə sürətlə varlandıqları, bahalı mənzillərə, avtomobillərə və digər əmlaklara sahib olduqları hər kəsə bəllidir. Soruşanda deyirlər ki, kreditlə alıblar. Amma heç biri demir ki, həmin kreditləri hansı vəsait hesabına bağlayırlar. Axı bu kreditlərin bağlanması üçün böyük gəlirlər lazımdır. Elə məhz bu məqamda dövlət xəzinəsinin qapılarını öz üzlərinə açıblar.
Onların özlərinin dediyi “talan” və ya “zərf içində” pul alma mexanizmini qanuni əsaslara salıblar və vəsaitləri büdcədən çıxarırlar. Bunun sübutlarından biri də ilin sonunda büdcədən təxminən 3,5 milyard dram həcmində verilmiş yüksək mükafat ödənişləridir. Bu pulların məmurlara zərflə, yoxsa zərfsiz verilməsinin heç bir fərqi yoxdur. Hər iki halda bu vəsaitlər göydən düşmür, dövlət büdcəsindən çıxır. Elə buna görə də hər vəchlə gizlətməyə çalışırlar”, - deyə nəşr bildirib.
KİV vurğulayıb ki, əgər jurnalist araşdırmaları olmasaydı, məmurların mükafatları da ictimaiyyətdən gizli saxlanılacaqdı.
“Necə ki, vaxtilə Nikol Paşinyan məmur maaşlarının gizli şəkildə ikiqat artırılması ilə bağlı qərarı da xalqdan “yeddi dağın arxasında” gizlətmişdi. Məsələ üzə çıxandan sonra etiraf etdi ki, büdcə vəsaiti hesabına, xalqdan gizlin məmurların maaşlarını ikiqat artırıb.
Əgər dövlət hesabına özlərinə təyin etdikləri yüksək maaşlar və mükafatlar olmasaydı, mənzil və avtomobilləri nə ilə alacaqdılar? Bəyannamələrdə göstərirlər ki, guya adi vətəndaşlar kimi kreditlə alıblar, amma həmin kreditləri dövlət büdcəsi hesabına bağlayırlar. Yüksək maaş və mükafatları büdcədən alır, sonra da bu pullarla kreditlərini ödəyirlər.
Bu, son illərdə sistemli xarakter almış bir haldır və korrupsiya ilə büdcənin talan edilməsinin özünəməxsus formasıdır. Büdcə hesabına “qanuni” yolla varlanmaq üçün korrupsiyanın yeni modellərini yaradıblar. Nəticədə demək olar ki, bütün “Vətəndaş Müqaviləsi” partiyasından olan məmurlar ipoteka krediti ilə, bəzən hətta bir neçə mənzil alıblar. Bir tərəfdən dövlət büdcəsindən “qanuni” şəkildə böyük vəsaitlər alıblar, digər tərəfdən isə həmin vəsaitlər hesabına kreditlə mənzillər və digər əmlaklar əldə ediblər.
Kimsə hesablayıbmı ki, təkcə mənzil almaq üçün götürülən ipoteka kreditlərinə görə gəlir vergisi formasında dövlət məmurları və digər “Vətəndaş Müqaviləsi” üzvləri hər il nə qədər vəsaiti geri alırlar? Bu proqram çərçivəsində dövlət büdcəsindən 1 milyard ABŞ dollarından artıq vəsait çıxıb. Həmin məbləğin bir hissəsi də indiki məmurların və “Vətəndaş Müqaviləsi” üzvlərinin cibinə gedib”, - deyə məqalədə qeyd edilib.
Müəllif yazıb ki, beləliklə, talan yalnız büdcədən mükafat almaqdan ibarət deyil, müxtəlif yollarla geri qaytarılan vəsaitlər də bu kateqoriyaya daxildir.
“Onların yaratdığı “qanuni” mexanizmlər vasitəsilə büdcə hesabına özləri üçün mənzillər alıblar və bunu elə ediblər ki, illər boyu həmin mənzillərin kreditlərinin bağlanması üçün büdcədən kompensasiya alsınlar.
Büdcənin “qanuni” talan üsullarından biri də hakimiyyətə gəldikdən sonra gəlir vergisinin proqressiv şkalasından imtina edilməsi olub. Proqressiv şkala çox qazananlardan çox, az qazananlardan isə az vergi tutulmasını nəzərdə tuturdu.
Onlar nə etdilər? Yüksək gəlir əldə edənlər üçün gəlir vergisi dərəcəsini azaltdılar ki, öz yüksək maaşlarından, əlavələrindən və mükafatlarından dövlət büdcəsinə daha az vergi ödəsinlər.
Kimsə hesablayıbmı ki, bunun nəticəsində dövlət məmurlarının yüksək maaşlarından büdcəyə nə qədər vəsait daxil olmayıb? Bu pullar büdcəyə daxil olmaq əvəzinə həmin şəxslərin cibində qalıb. Söhbət milyardlarla dramdan gedir.
Kim zəmanət verə bilər ki, gəlir vergisinin proqressiv dərəcəsindən imtina edilməsi məhz onların yüksək maaşları üçün edilməyib?”, - deyə məqalədə vurğulanıb.
Nəşr bildirib ki, ötən ilin sonunda büdcədən alınan milyonların mükafat deyil, maaş olduğunu iddia etməklə özlərini doğrultmağa çalışırlar.
“Sanki bununla nəsə dəyişir. Bu vəsaitlərin hansı ad altında dövlət və ya bələdiyyə büdcələrindən çıxıb məmurların cibinə girdiyinin nə fərqi var? Hər iki halda nəticə eynidir, büdcəyə milyardlarla dram ziyan vurulub və bu praktikanı daimi etmək niyyətində olduqlarını gizlətmirlər.
Məlum olur ki, ötən ilin sonunda paylanan vəsaitlər yalnız ilin birinci yarısının icra göstəricilərinə görə verilib. İkinci yarının icrası ilə bağlı vəsaitləri isə hələ qarşıdakı dövrdə alacaqlar. Yəqin ki, bunu artıq seçkilərdən sonra edəcəklər.
Beləliklə, seçkilər ərəfəsində dövlət məmurlarına və dövlət aparatında çalışanlara rüşvət vədi verilir. Cəmiyyətdə artan narazılıqlara, sosial ədalətsizliyə və vətəndaşların qəzəbinə artıq heç məhəl qoymurlar və əgər yenidən hakimiyyətdə qalsalar, seçkilərdən sonra da buna məhəl qoymayacaqlar”, - deyə müəllif qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az