Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Paşinyan KİV-lər və partiyalar əleyhinə iki qanun hazırlayır” başlıqlı məqaləsində yazıb.
Nəşr qeyd edib ki, hakimiyyət müxalif media qurumlarının və siyasi qüvvələrin səlahiyyətlərini məhdudlaşdırmaq, bəzi hallarda isə ayrı-ayrı partiyaların seçkilərdə iştirakına imkan verməmək məqsədilə qanunvericilik dəyişiklikləri hazırlayır.
“Hakim “Vətəndaş Müqaviləsi” partiyasındakı mənbəmizin bildirdiyinə görə, bu günlərdə partiya daxilində iki ayrı qanun layihəsi üzərində kifayət qədər fəal iş aparırlar. Onlardan biri media ilə bağlıdır. Xüsusilə Avropa İttifaqının ekspert dəstəyini alaraq, hakimiyyət Moldovada tətbiq olunan qaydalara demək olar ki, oxşar mexanizmləri Ermənistanda da tətbiq etmək istəyir və bu yolla itaət etməyən media qurumlarını təzyiq altına salmağı, bir çoxunu isə maliyyə şəffaflığının olmaması və açıq siyasi yönümlülük bəhanəsi ilə bağlamağı planlaşdırır”, - deyə nəşr bildirib.
Müəllifin sözlərinə görə, Ermənistanda elə bir vəziyyət formalaşıb ki, media qurumlarının böyük hissəsi mövcud hakimiyyətə qarşı sərt müxalif mövqe tutur.
“Məhz ilk növbədə həmin media qurumları və jurnalistlər hakimiyyətin hədəfinə düşəcək. Onların fəaliyyəti üçün absurd məhdudiyyətlərin tətbiqi nəzərdə tutulur ki, bu da işlərini iflic etməyə yönəlib.
İkinci qanun isə artıq siyasi partiyalarla bağlıdır. Bu sahədə qeydiyyat və nəzarət üçün yeni mexanizmlərin tətbiqi planlaşdırılır. Bu halda da, sözdə, “Moldova təcrübəsi”ndən istifadə olunur.
Xatırladaq ki, Moldovada parlament seçkiləri ərəfəsində, hətta seçki günü belə bir neçə partiya seçkilərdə iştirak etmək imkanından məhrum edilib. İndi Paşinyan da Ermənistanda eyni yolla getmək istəyir ki, özünə sadiq və peyk qüvvələr hesabına parlament formalaşdırsın, müxalifəti isə parlamentə düşməkdən, daha da önəmlisi, onu hakimiyyətdən uzaqlaşdırmaq imkanından məhrum etsin”, - deyə məqalədə bildirilib.
Alpər Mövludoğlu
Ordu.az