Niderland Rumıniyaya 1 avroya 18 ədəd F-16 hədiyyə edib

2025/06/1750951046.jpg
Oxunub: 392     10:02     27 İyun 2025    
Niderland Rumıniya Hərbi Hava Qüvvələrini gücləndirmək və NATO-nun şərq cinahında müdafiə əməkdaşlığını möhkəmləndirmək məqsədilə 18 ədəd F-16 döyüş təyyarəsini simvolik olaraq 1 avroya Rumıniyaya təhvil verib.

Ordu.az xəbər verir ki, razılaşma Rumıniyanın müdafiə naziri Ionuts Moşteanu tərəfindən Haaqa şəhərində imzalanıb.

Prezident Nikusor Dan da NATO Zirvəsi çərçivəsində keçirilən mərasimdə iştirak edib. Sözügedən döyüş təyyarələri əsasən Rumıniyada yerləşən Avropa F-16 pilot təlim mərkəzində istifadə olunacaq. Hazırda aktiv olan bu mərkəz yalnız rumın pilotlara deyil, eyni zamanda Ukrayna, Bolqarıstan, Slovakiya və bəzi Yaxın Şərq ölkələrindən gələn hərbi personal üçün də təlim verir.

Beləliklə, Rumıniya Qara dənizə çıxışı olan geosiyasi mövqeyi ilə birlikdə regional F-16 təlim bazasına çevrilir. Bu yardım Niderlandın əvvəlki dəstək prosesinin bir hissəsidir. 2023-cü ilin sonunda 5 ədəd F-16, 2024-cü ilin aprelində isə 3 ədəd daha Rumıniyadakı “Feteşti Hava Bazası” na çatdırılmışdı.

Bu baza daxilində uçuş simulyatorları, yerüstü təlim modulları və uçuş sınaq sahələri də yerləşir.

Rumıniya inventarına əlavə edilən bu son 18 təyyarə ilə birlikdə ümumi F-16 sayı 70-i keçdi. Bu isə ölkəni NATO-nun Şərqi Avropadakı strateji təlim və hava müdafiə mərkəzlərindən birinə çevirir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Niderland   Rumıniya  


Bizi "telegram"da izləyin