Ordu.az xəbər verir ki, Cənubi Koreya Müdafiə Tədarük Proqramı İdarəsi (DAPA) ölkədə ilk dəfə hazırlanan uzaqmənzilli raketin təhlükəsiz ayrılma sınağının uğurla başa çatdığını elan edib.
Sınaq Hərbi Hava Qüvvələrinin 3-cü Təlim Döyüş Hava Eskadrilyasında keçirilib. Bu kritik mərhələ raketin təyyarədən struktur və ya xarici avadanlıqlara dəymədən ayrılıb-ayrılmadığını və bu prosesdə nə təyyarənin, nə də raketin performansının zərər görüb-görmədiyini təsdiqləmək məqsədi daşıyırdı.
Təhlükəsiz ayrılma sınağı hələ inkişaf mərhələsində olan “KF-21 Boramae” döyüş təyyarəsinin təhlükəsizliyi nəzərə alınaraq FA-50 təyyarəsinə sınaq raketinin inteqrasiyası ilə həyata keçirildi. DAPA 2025-ci ilin aprelindən başlayaraq üç ay ərzində 31 uçuş sortisi ilə sistem inteqrasiyasını qiymətləndirdiklərini və uçuş zamanı vibrasiya (“flutter”), idarəetmə sabitliyi, struktur yüklənməsi və təhlükəsiz ayrılma kimi başlıqlarda müxtəlif sınaqlar keçirdiklərini bildirdi.
Bu “Koreya tipli Taurus” layihəsi KF-21 döyüş təyyarəsinə inteqrasiya ediləcək yüksək dəqiqlikli, uzaqmənzilli və yüksək dağıdıcı gücə malik bir raketin milli imkanlarla hazırlanmasını hədəfləyir. Cənubi Koreya mərkəzli “Bemil” xəbər portalına görə, bu raket Almaniyadan alınan və hazırda F-15K təyyarələrində istifadə olunan “Taurus” raketi ilə eyni və ya daha üstün performansa malik olacaq şəkildə hazırlanır.
Layihə 2018-ci ildə başlayıb, 2019-2021-ci illərdə aparılan elmi-tədqiqat mərhələsi aşağı radar izinə malik dizayn və dəqiq idarəetmə texnologiyalarının tətbiqi ilə uğurla nəticələnib. 2022-ci ildən etibarən raketin əməliyyat qabiliyyətlərini formalaşdırmağa yönəlmiş sistem inkişaf mərhələsinə keçilib. İndiyə qədər həyata keçirilən sınaqlar bu prosesin plan üzrə irəlilədiyini göstərir.
DAPA yaxın dövrdə də sınaq təyyarələri ilə texniki uçuşlar, inkişaf sınaqları və əməliyyat qiymətləndirmələri apararaq müvəqqəti döyüşə hazırlıq səviyyəsini təsdiqləməyi planlaşdırır. 2027-ci ildən etibarən KF-21-ə inteqrasiya ediləcək uzaqmənzilli idarəolunan raket ilə daha genişmiqyaslı sınaqlar keçiriləcək və raketin real əməliyyat performansı yekun olaraq dəyərləndiriləcək.
DAPA-nın “Gələcəyin Güc Sistemləri” rəhbəri Jeonq Kyu-heon bu sınağın uğurla tamamlanmasının yerli “hava-yer” raketi inkişaf prosesində mühüm bir mərhələ olduğunu vurğulayıb: “KF-21-ə inteqrasiya ediləcək bu raket yalnız Cənubi Koreyanın müdafiə sahəsində özünütəminatına töhfə verməyəcək, eyni zamanda təyyarə və raket paketlərinin birgə ixracı ilə qlobal bazarda rəqabət gücümüzü də artıracaq”.
Sevinc Əliyeva
Ordu.az