Serbiyada sursat ixracına qoyulan qadağadan sonra işçilər etiraza hazırlaşır

2025/06/1750934585.jpg
Oxunub: 422     16:02     27 İyun 2025    
Serbiyada hökumətin sursat ixracını dayandırmaq qərarı müdafiə sənayesi fabriklərində narazılıq doğurub.

Ordu.az xəbər verir ki, ölkədəki bəzi müdafiə sənayesi işçilərinin iyul ayında etiraz aksiyaları keçirməyə hazırlaşdığı bildirilir.

Serbiya prezidenti Aleksandar Vuçiç verdiyi açıqlamada sursat ixracı ilə bağlı qərar səlahiyyətinin tamamilə Milli Təhlükəsizlik Şurasına verildiyini bildirib. Vuçiç ixrac siyasətlərinin bundan sonra hazırlanacaq “qara, boz və ağ siyahılar” əsasında müəyyən ediləcəyini qeyd edib.

“Milli Təhlükəsizlik Şurası Ticarət Nazirliyinə əmr verdi: Serbiyadan artıq sursat ixracı olmayacaq. Amma bu vəziyyət bizim üçün ciddi problem yaradır”, - deyə Vuçiç qeyd edib.

Qərarın bazar ertəsi axşamı elan olunmasından bəri ciddi təzyiqlə üzləşdiyini deyən Vuçiç həm daxili siyasətdə, həm də beynəlxalq müstəvidə çətinlik yaşadığını bildirib.

“Beş, on, hətta əlli ixrac müqaviləsinin daha təsdiqlənməsi üçün ciddi təzyiqlər gördüm. Amma bunu rədd etdikdə, mənə dedilər ki, işçilər maaş ala bilməsi üçün etiraz aksiyası təşkil ediləcək”, - deyə o bildirib.

Serbiya Müdafiə Nazirliyi də eyni gün verdiyi açıqlamada, ölkədə istehsal olunan silah və hərbi texnikanın ixracının tamamilə dayandırıldığını bəyan edib. Açıqlamada bildirilib ki, bundan sonra bütün ixrac tələbləri yalnız aidiyyəti nazirliklərin razılığı ilə deyil, həm də Milli Təhlükəsizlik Şurasının xüsusi icazəsi ilə həyata keçiriləcək.

Serbiyanın ixrac siyasətindəki bu dəyişiklik beynəlxalq təzyiqlərin ardınca gəlib. 28 mayda Rusiyanın Xarici Kəşfiyyat Xidməti Belqradı Ukraynaya silah ötürməkdə ittiham etmiş, 23 iyun tarixində isə Serbiyanın vasitəçi ölkələr üzərindən Kiyevə silah göndərdiyi iddia edilmişdi.

Eyni gün Vuçiç sursat ixracının tam dayandırıldığını və yeni ixracatlar üçün “xüsusi qərarlar” alınacağını elan etmişdi.

Serbiyanın İsrailə sursat göndərməsi ilə bağlı sualları cavablandıran Vuçiç ölkənin hazırda yalnız öz ordusunu təmin etdiyini və bütün xarici satışların dayandırıldığını vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Serbiya   Sursat  


Bizi "telegram"da izləyin