Erməni ekspert: “Paşinyan konstitusiya çoxluğunu əldə edə bilmədi, lakin siyasi oyunu davam etdirmək imkanı qazandı”

2026/06/1782456917.jpg
Oxunub: 243     17:54     29 İyun 2026    
“Paşinyan konstitusiya çoxluğunu əldə edə bilmədi, lakin siyasi oyunu davam etdirmək imkanı qazandı”.

Ordu.az xəbər verir ki, bunu erməni danışıqlar üzrə mütəxəssis, konfliktoloq, “CM Partners” şirkətinin baş məsləhətçisi, Bostonda yaşayan Artur Martirosyan deyib.

Martirosyan bildirib ki, Qərb hələ 1991-ci ildən Rusiyanı regiondan sıxışdırıb çıxarmağa çalışırdı.

Onun sözlərinə görə, həmin cəhdlər əvvəl uğursuz olsa da, Qərb bu niyyətindən əl çəkməyib və münasib məqamı gözləyərək məqsədinə çatıb.

“Rusiya özünü müdafiə etməlidir və bu, çox ciddi nəticələr doğuracaq. Mən hətta Avropa ilə də toqquşmanın baş verəcəyini istisna etmirəm”, - deyə o bildirib.

Erməni ekspert qeyd edib ki, hazırda Avropa İttifaqında əsas qərarları Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, Marta Kos və Kaya Kallas verir.

“Almaniya timsalında Avropadan “2030-cu ilə qədər Rusiya ilə müharibəyə hazır olmalıyıq” kimi bəyanatlar eşidəndə ortaya sual çıxır: qarşı tərəf buna hazırlaşmamalıdırmı? Bu, çox ciddi çağırışdır. Belə eskalasiya mərhələsinin necə başa çatacağını heç kim əvvəlcədən proqnozlaşdıra bilməz”, - deyə o vurğulayıb.

Martirosyanın sözlərinə görə, Avropa Ukraynanın uğur qazanması üçün bütün imkanlardan istifadə edir və bunun üçün Rusiyanın özünü məğlub elan etməsi tələb olunur. Lakin o hesab edir ki, bu mümkün deyil.

“Ruslar göstərməyə çalışırlar ki, sərt addımlar atmaq istəmirlər, lakin buna məcburdurlar. Yayın sonuna qədər Donetsk vilayətinin bütün ərazisi Rusiyanın nəzarəti altında olacaq. Buna baxmayaraq, Zelenski dayanmayacaq və mübarizəni davam etdirəcək”, - deyə o bildirib.

Martirosyan qeyd edib ki, Rusiya Ermənistandan aydın mövqe gözləyir.

“Rusiya bizə deyir: “Mövqeyinizi müəyyənləşdirin, açıq şəkildə bildirin, bizimləsiniz, yoxsa düşmənimizin tərəfində?”. Belə vəziyyətdə “biz sizinləyik, amma...” demək mümkün deyil. Paşinyan isə həm Avropa, həm də Rusiya ilə eyni vaxtda oynamağa çalışacaq. Bir tərəfə bir söz, digər tərəfə isə başqa söz deyəcək”, - deyə o qeyd edib.

Erməni ekspert bildirib ki, Paşinyanla Putin arasında keçirilən görüş zamanı Putin əslində Paşinyana deyil, erməni xalqına müraciət edirdi.

“Həm Avropa, həm Rusiya” siyasətinin vaxtı başa çatıb. Belə oyunu davam etdirmək üçün nə Paşinyanın, nə də erməni xalqının kifayət qədər resursu var. Əgər Paşinyan uzaqgörən olsaydı, indiki mərhələdə Rusiya ilə Qərb arasındakı qarşıdurmaya qoşulmazdı. Lakin o, burada fürsət gördü. Ona da, Zelenskiyə də kart-blanş verilib”, - deyə Martirosyan bildirib.

O vurğulayıb ki, Ermənistan ya Çin-Rusiya-İran üçbucağında, ya da Türkiyə-Azərbaycan-Qərb ittifaqında yer almalıdır.

“Paşinyan Türkiyə-Azərbaycan-Qərb üçbucağını seçib. Onun üçün siyasi oyunda qalmağın yeganə yolu budur”, - deyə Martirosyan bildirib.

O, həmçinin ironik şəkildə qeyd edib ki, “Borat-2” filmində Qazaxıstanın Paşinyanı ölkənin ali mükafatı ilə təltif etdiyi səhnə olsaydı, maraqlı alınardı.

Martirosyan hökumətin bugünkü iclasında Paşinyanın Avrasiya İqtisadi Birliyi ilə bağlı səsləndirdiyi fikirlərə də toxunub.

“Paşinyan “Avrasiya İqtisadi Birliyi, siz varsınız, yoxsa yox?” deyəndə bunu daxili auditoriyaya deyil, Rusiyaya ünvanlayırdı. Lakin ruslarla alternativ siyasi oyun oynamağın artıq heç bir mənası qalmayıb. Xüsusilə də başqa alternativ yoxdur. Paşinyan Rusiya ilə Qazaxıstan arasında gedən dərin geosiyasi oyunu ya qiymətləndirmir, ya da onu başa düşmür”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Martirosyan   Ermənistan  


Bizi "telegram"da izləyin