Ordu.az xəbər verir ki, təxminən 677 milyon avro dəyərindəki bu alış barədə razılaşma Almaniyanın Müdafiə naziri Boris Pistorius ilə Norveçli həmkarı Tore Sandvik tərəfindən Hollandiyanın Haaqa şəhərində keçirilən NATO zirvəsi çərçivəsində imzalanıb.
Pistorius imzadan sonra verdiyi açıqlamada deyib: “Bu razılaşma Avropada və NATO-da məqsəd kimi müəyyən etdiyimiz vaxtı, bürokratiyanı və xərcləri azaldacaq birgə satınalmaların həyata keçirilməsini təmin edir. Bu ortaq təşəbbüs sayəsində ilk qanadlı raketləri 2027-ci ilin sonunadək təhvil alacağıq”.
“Kongsberg Defence & Aerospace” (KDA) tərəfindən NDMA və Norveç Müdafiə Araşdırmaları İnstitutu (FFI) ilə əməkdaşlıqda hazırlanan JSM gizlilik xüsusiyyətlərini saxlayaraq F-35-in daxili silah bölməsinə sığacaq şəkildə xüsusi dizayn edilib. Bu, təyyarənin gizlilik və mənzil imkanlarını qoruyur.
Təkmilləşdirilmiş sensorlarla təchiz olunan və 416 kiloqram çəkisi olan raket təxminən 350 kilometr mənzildə həm qurudakı, həm də dənizdəki hədəfləri vura bilir.
Almaniya hökuməti ordunun 100 milyard avro dəyərindəki yeni modernləşdirmə proqramı çərçivəsində ABŞ-dən 35 ədəd F-35 qırıcı təyyarəsi sifariş verib.
“Lockheed Martin” şirkətindən alınacaq bu yeni F-35 qırıcıları 1980-ci ildən bəri Almaniya Hərbi Hava Qüvvələrində istifadə olunan və ABŞ-nin nüvə bombalarını daşıya bilən yeganə Alman təyyarəsi olan “Tornado” qırıcılarının yerini alması planlaşdırılır.
Qeyd edək ki, Rusiyanın Ukraynaya hücumu Avropa ölkələrini təşvişə saldığı kimi Almaniyanın təhlükəsizlik siyasətində də mühüm dönüş nöqtəsinə səbəb olmuşdu.
Rusiya-Ukrayna müharibəsindən sonra, o dövrdə Almaniya kansleri olan Olaf Şolts ordunun (Bundeswehr) modernləşdirilməsi və gücləndirilməsi üçün 100 milyard avro dəyərində maliyyə resursu ayrıldığını və müdafiə xərclərinin artırılacağını elan etmişdi.
Bundan əlavə, əvvəlki çağırışdakı Federal Parlamentin deputatları mart ayında infrastruktur və iqlim üçün 500 milyard avroluq xüsusi fondun yaradılmasına və müdafiə xərclərinin gələcəkdə “borc əyləci” tətbiqindən çıxarılması üçün konstitusiya dəyişikliklərinə “bəli” demişdilər.
Sevinc Əliyeva
Ordu.az