Britaniya 12 ədəd F-35A alaraq NATO-nun nüvə tapşırıqlarında iştirak edəcək

2025/06/1750933891.jpg
Oxunub: 365     10:29     27 İyun 2025    
Böyük Britaniya ən azı 12 ədəd F-35A tipli döyüş təyyarəsi alaraq NATO-nun nüvə missiyalarında iştirak edəcəyini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Böyük Britaniya Baş naziri Kir Starmer bildirib.

O qeyd edib ki, Krallıq Hərbi Hava Qüvvələri üçün alınacaq bu təyyarələr təhlükəli və qeyri-müəyyən dövrdə ölkənin təhlükəsizliyini artıracaq: “Artıq sülhü olduğu kimi qəbul edə bilmərik. Bu səbəblə hökumətim milli təhlükəsizliyə sərmayə yatırır. Silahlı Qüvvələrimizin ehtiyac duyduğu avadanlıqlara sahib olmasını və bu sahədə ölkənin bütün bölgələrinin fayda görməsini təmin edirik”.

Starmer əlavə edib ki, bu yeni təyyarələrlə birlikdə, həm F-35A, həm də F-35B modellərinin ümumi sayı 136-ya çatacaq.

Ötən il Krallıq Hərbi Hava Qüvvələrinin F-35B təyyarələri nüvə silahı daşımaq üçün rəsmi sertifikat alıb. Böyük Britaniya Xarici İşlər Nazirliyi bildirib ki, bu satınalma ölkənin nüvə siyasətində bir nəslin ən böyük dönüş nöqtəsidir və Soyuq Müharibədən sonra ilk dəfə olaraq havadan atılan nüvə silahlarının istifadəsi ilə əlaqədar yenidən rol oynamağa başlanılır.

Böyük Britaniya F-35 layihəsində ABŞ-dən sonra ən böyük ikinci ortaqdır. Hazırda 38 ədəd F-35B döyüş təyyarəsinə sahib olan Britaniyada bu təyyarələrin 4 ədədi ABŞ-də təlim üçün istifadə olunur. 2021-ci ildə bu təyyarələrdən biri qalxış zamanı qəzaya uğrayaraq itirilib.

F-35B qısa məsafəli qalxış və şaquli eniş (STOVL) qabiliyyətinə malikdir və “Kraliça Yelizaveta” sinifli aviadaşıyıcı gəmi göyərtələrində istifadə olunur.

Britaniyanın ümumi sifarişi 138 təyyarəyə qədər çıxa bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   NATO   F-35A  


Bizi "telegram"da izləyin