Ordu.az xəbər verir ki, NATO Sivil Forumu çərçivəsində çıxış edən Görgün xüsusi təqdimatla çıxış edib.
Görgün forum çərçivəsində “Müttəfiq Müdafiə Sənayesi Bazasını Qurmaq” (Building an Alliance Defence Industrial Base) və “Müasir Döyüş Sahəsində Yön Tapmaq: Müttəfiq Müdafiə Sənayesi Qabiliyyətləri Üçün Çağırışlar” (Navigating the Issues in the Modern Battlespace: Challenges for the Allied Defense Industrial Capabilities) adlı panellərə qatılıb.
NATO Baş katibi Mark Ruttenin rəhbərlik etdiyi “Müttəfiq Müdafiə Sənayesi Bazasını Qurmaq” panelində Görgün müdafiə sənayesində istehsal gücünün artırılması, ortaq standartların inkişafı və texnologiya paylaşımının əhəmiyyəti haqqında çıxış edib.
Həmin gün “Müasir Döyüş Sahəsində Yön Tapmaq” panelində də söz alan Görgün Türkiyənin müdafiə sənayesi baxışını və töhfələrini iştirakçılarla bölüşüb. Müdafiə sənayesinin təkcə istehsaldan ibarət olmadığını, yüksək texnologiyaya əsaslanan, çevik, sürətli və müttəfiq sistemlərlə tam inteqrasiya olunmuş strukturlar tələb etdiyini vurğulayıb.
Görgün bildirib ki, Türkiyə bu strukturu milli AR-GE qabiliyyətləri və strateji dərinliyi ilə dəstəkləməyə qətiyyətlə davam edir. Müştərək müdafiə baxışının davamlılığının yalnız qarşılıqlı uyğun, dayanıqlı və qabaqcıl texnologiyalarla qurulmuş müdafiə sənayesi ekosistemləri ilə mümkün olduğunu qeyd edib.
Zirvədən sonra yayımlanan bəyanatda bildirilib ki, 2026-cı il NATO Zirvəsi Türkiyədə baş tutacaq. Digər mühüm məsələdə, NATO-nun ümumi daxili məhsulun (ÜDM) ən azı 5%-i qədər müdafiəyə ayrılması hədəfinin iki əsas müdafiə sərmayəsini əhatə etdiyi qeyd olunub. ÜDM-in ən azı 3.5%-nin əsas müdafiə ehtiyaclarına və NATO imkan hədəflərinə ayrılması üzərində razılıq əldə olunub.
Qalan 1.5%-lik hissənin isə kritik infrastrukturun qorunması, mülki hazırlıq və dayanıqlılıq təminatı ilə müdafiə sənayesi bazasının gücləndirilməsinə sərf olunacağı bildirilib. Sərmayələrin 2029-cu ildə yenidən nəzərdən keçiriləcəyi, Ukraynaya dəstək öhdəliyinin davam etdiyi və bu yardımların da ümumi müdafiə xərclərinə daxil ediləcəyi qeyd olunub.
Sevinc Əliyeva
Ordu.az