Ordu.az “SavunmaSanayiST.com”a istinadən xəbər verir ki, təyyarənin eniş dayaqlarında zədə müşahidə edilsə də, struktur bütövlüyündə pozuntu qeydə alınmayıb.
Hərbi mənbələrdən əldə edilən məlumata görə, “Konya 3-cü Əsas Hərbi Hava Bazasın”da keçirilən təlimdə iştirak edən “Anka-3” uçuş zamanı nəzarətli şəkildə eniş edib. Eniş zamanı təyyarənin alt şassilərində zədə yaranıb, lakin əsas strukturu salamat qalıb.
“Anka-3” layihəsi çərçivəsində iki uçan prototip mövcuddur, digər prototiplərin montajı isə TUSAŞ müəssisələrində davam etdirilir.
Beynəlxalq “Anadolu Qartalı 2025” təlimi 23 iyunda başlayıb və 4 iyula qədər Konyada davam edəcək. Təlimə ABŞ, Azərbaycan, Qətər, Macarıstan, Misir, Səudiyyə Ərəbistanı və İordaniya faktiki iştirak edir, Bolqarıstan, Braziliya, Malayziya, Mali və Nigeriya isə müşahidəçi statusunda qatılıb. Misir bu təlimdə ilk dəfə faktiki olaraq iştirak edir.
“ANKA-3” çox funksiyalı tapşırıq imkanına malikdir
TUSAŞ tərəfindən hazırlanmış yeni nəsil “Anka-3” pilotsuz hava aparatı kəşfiyyat, müşahidə, kəşfiyyat məlumatı, “hava-yer” və “hava-hava” hücumları başda olmaqla çoxsaylı vəzifələri yerinə yetirmək üçün layihələndirilib. Sistem, həmçinin radioelektron mübarizə, rabitə əlaqəsi, düşmən radarlarını sıradan çıxarma və dost qüvvələri qoruma tapşırıqlarında istifadə oluna bilir.
“Anka-3” gövdə daxilindəki iki stansiyada 650 kq, qanad daxilindəki stansiyalarda 650 kq və xarici stansiyalarda 100 kq olmaqla müxtəlif çəkilərdə silah daşıya bilir. Bu çərçivədə SOM-J, MK-82 və “Miniatür Bomba” (SDB) kimi silahların inteqrasiyası mümkün olur.
Sevinc Əliyeva
Ordu.az