Ordu.az xəbər verir ki, yeni qurulan qrup Müdafiə Nazirliyinə bağlı olaraq fəaliyyət göstərəcək və süni zəka dəstəkli döyüş platformaları, məlumat emalı sistemləri, PUA sürüləri və elektron müharibə qabiliyyətlərini əhatə edən çoxdisiplinli bir Ar-Ge prosesi aparacaq. Layihənin ən diqqətçəkən elementlərindən biri döyüş təyyarələri ilə inteqrasiya oluna biləcək yüksək manevr qabiliyyətinə malik yeni nəsil insansız döyüş təyyarələrinin hazırlanmasıdır.
Yapon rəsmilər bu addımı yalnız texnologiya transferinə əsaslanmayan, yerli istehsal və proqram təminatı inkişafına öncülük edən milli müdafiə strategiyası kimi qiymətləndirirlər. Layihədə iştirak edəcək mühəndis komandası mülki sektorda süni zəka və aviasiya sahəsində çalışan təcrübəli adlardan ibarət olacaq.
Yaponiya Müdafiə Nazirliyi tərəfindən yayımlanan açıqlamada bildirilir: “Qlobal təhlükəsizlik mühiti getdikcə daha mürəkkəb hala gəlir və yeni təhdidlərin öhdəsindən gəlmək üçün innovativ həllər istehsal etməliyik. Bu istiqamətdə qurduğumuz müdafiə qrupu texnoloji qabiliyyətlərimizi daha da irəli aparacaq”.
Bu çərçivədə hazırlanacaq sistemlərin insanlı platformalarla birgə vəzifə icra edə biləcək qabiliyyətdə olması real vaxtda qərar dəstəyi sistemləri ilə təchiz olunması və yüksək səviyyəli kibertəhlükəsizlik tədbirləri ilə qorunması planlaşdırılır. Həmçinin Yaponiya hökuməti bu layihə sayəsində yalnız daxili təhlükəsizliyi deyil, müttəfiq ölkələrlə icra olunan birgə müdafiə əməkdaşlıqlarını da gücləndirməyi hədəfləyir.
Mütəxəssislər Yaponiyanın bu addımını yalnız müdafiə sənayesi baxımından deyil, eyni zamanda regional güc balansı kontekstində də kritik bir inkişaf kimi qiymətləndirirlər. Xüsusilə Çinin sürətlə inkişaf edən insansız sistem qabiliyyətləri və Tayvan boğazındakı gərginlik Tokio rəhbərliyinin bu sahədəki sərmayələrini sürətləndirməsinə təsir göstərib.
Yaponiyanın bu sahədəki irəliləyişi yaxından izlənilir, yaxın illərdə sınaq mərhələsinə keçəcək ilk prototiplərin həm quru, həm də dəniz qüvvələrinə inteqrasiya ediləcək şəkildə dizayn ediləcəyi bildirilir.
Sevinc Əliyeva
Ordu.az