Trampın Almaniya strategiyası: Fransa ilə yaxınlaşma riskinə qarşı ikitərəfli “barış”

2025/06/1750068623.jpg
Oxunub: 864     17:16     16 İyun 2025    
“Stern” jurnalının ötən həftəsonu keçirdiyi sorğuların nəticələrinə əsasən, Almaniya kansleri Fridrix Mertsin reytinqi may ayı ilə müqayisədə 1,3 xal artıb. Hazırda onun siyasətinə almanların 36 faizi güvənir. KİV-lər bu artımın əsas səbəbi kimi Mertsin Vaşinqtona səfərinin və ümumilikdə onun uğurlu keçməsinin göstərildiyini vurğulayır.

Məlumata görə, Almaniya kansleri Vaşinqtonda Tramp-Mask gərginliyinin yaşandığı dövrdə olub, bu səbəbdən ABŞ prezidenti onunla danışıqlara tam olaraq cəmləşə bilməyib. Buna baxmayaraq, Donald Tramp Fridrix Mertsə şəxsən söz verib ki, Almaniya ərazisindən Amerika qoşunlarını çıxarmayacaq.

Rusiyanın “Nezavisimaya qazeta” nəşrinin qənaətinə görə, əvəzində Almaniya kansleri ölkənin hərbi xərclərini illik ÜDM-in 5 faizi həcmində artırmağı öhdəsinə götürüb. Bu, olduqca əhəmiyyətlidir, çünki Almaniyada ABŞ qoşunlarının mövcudluğu “nüvə çətiri”nin qorunması deməkdir.

Əks halda, Almaniya Fransanın nüvə təhlükəsizliyi zəmanətini qəbul etməyə məcbur qalacaqdı, halbuki Merts Avropada lider mövqeyə yiyələnməyə yönəlmiş xarici siyasət yürüdür. Rusiya mediasının fikrincə, ABŞ prezidenti isə Avropa İttifaqını zəiflətmək, onun dünya bazarındakı rəqabət qabiliyyətini neytrallaşdırmaq niyyətindədir və Fransa-Almaniya strateji yaxınlaşması Trampın maraqlarına uyğun deyil.

Xarici KİV-lər Almaniyanın İkinci Dövlət Kanalının (ZDF) ekspertlərinin fikrini də çatdırır: onlara görə, Merts ABŞ prezidentini nə Ukraynaya hərbi yardımın tam şəkildə davam etdirilməsinə, nə də Rusiyaya qarşı iqtisadi sanksiyaların sərtləşdirilməsinə tam şəkildə inandıra bilib. Hərçənd Tramp onun arqumentlərini tamamilə rədd etməyib.

Eyni mənbələrin diqqət çəkdiyi daha bir məqam Tramp-Merts danışıqları zamanı yaşanıb: belə ki, Almaniya kansleri Aİ-yə tətbiq olunan gömrük rüsumlarının yenidən nəzərdən keçirilməsini təklif etdikdə, ABŞ prezidenti gözlənilmədən ikitərəfli ticarət-iqtisadi məsələlər üzrə danışıqlara başlamağı təklif edib. Merts isə buna prinsipial olaraq razılıq verib. Məlumatlara görə, yaxın vaxtlarda Almaniya hökumətinin strukturu daxilində ayrıca bir bölmə yaradılacaq və kansler Merts ABŞ ilə ticarət-iqtisadi danışıqlarda öz xüsusi nümayəndəsini təyin edəcək.

Rusiyalı ekspertlərin fikrincə, Merts bu məsələdə Avropa Komissiyası ilə ciddi problem yaşamayacaq. Almaniya iqtisadiyyatı Aİ-nin ümumi potensialının mühüm hissəsini təşkil edir və Vaşinqtonla Berlin arasında əldə olunacaq istənilən razılaşma Aİ-ABŞ “ticarət müharibəsi”nin aradan qaldırılması üçün nümunə ola bilər.

Almaniyanın İkinci Dövlət Kanalının analitikləri hələlik Tramp-Merts danışıqlarının “ümumilikdə müsbət nəticələrinin” nə dərəcədə etibarlı və dayanıqlı olacağını proqnozlaşdırmaqda çətinlik çəkirlər. Onlar hesab edirlər ki, Almaniya kansleri əsas sınağı uğurla keçib. O, ABŞ-də demokratların dəstəyinə və hətta müttəfiq reputasiyasına malik idi, lakin eyni zamanda Trampın da rəğbətini qazana bilib.

Həmin mənbələrin məlumatına görə, ABŞ-yə səfər etməzdən əvvəl Almaniya kansleri hətta Ukrayna prezidenti Zelenski ilə də məsləhətləşib. Nəzərə alınaraq ki, keçmişdə Zelenski ilə Tramp arasında Ağ Evdə qalmaqallı mübahisə baş vermişdi. ABŞ-Almaniya münasibətlərinin “yenidən yüklənməsi”nin hansı istiqamətdə inkişaf edəcəyi isə bir çox amillərdən asılı olacaq. Diqqətçəkən məqamlardan biri də odur ki, Almaniya Müdafiə Nazirliyi rəsmi şəkildə Ukraynaya “Taurus” uzaqmənzilli raketlərinin tədarükü ilə bağlı məlumatları təkzib edib. Bu qərarın Tramp-Merts danışıqları kontekstində verilməsi ehtimal olunur.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Almaniya   Fransa  


Bizi "telegram"da izləyin