Baltik ölkələri Aİ-ni Rusiya neftindən tam imtina planını tezliklə təqdim etməyə çağırıb

2026/06/1782564966.jpg
Oxunub: 219     16:43     27 İyun 2026    
Estoniya, Latviya və Litva Avropa Komissiyasını Avropa İttifaqına Rusiya neftinin idxalının tam dayandırılması ilə bağlı təklifləri mümkün qədər qısa müddətdə təqdim etməyə çağırıb.

Ordu.az xəbər verir ki, bu barədə “Financial Times” danışıqların gedişindən məlumatlı mənbələrə istinadən yazıb.

Məlumata görə, üç ölkənin nümayəndələri bu təşəbbüslə Aİ-nin energetika nazirlərinin görüşündə çıxış ediblər. Belə planın hazırlanması barədə qərar Aİ ölkələri tərəfindən hələ ötən ilin sonunda qəbul olunmuşdu.

Lakin mart ayında İsrail və İran arasında gərginliyin artması fonunda dünya bazarında neft qiymətlərinin kəskin bahalaşması səbəbindən təşəbbüs üzrə iş faktiki olaraq dayandırılmışdı.

Hazırda atəşkəs rejiminin qüvvəyə minməsi və Hörmüz boğazında gəmiçiliyin bərpasından sonra neft qiymətləri böhrandan əvvəlki səviyyəyə yaxınlaşdığı üçün Baltik ölkələri hesab edirlər ki, Rusiya neftindən tam imtina məsələsinə yenidən qayıtmaq mümkündür.

Avropa Komissiyasının məlumatına görə, Aİ idxalında Rusiya neftinin payı 2022-ci ilin əvvəlindəki 27%-dən 2025-ci ildə 2%-ə enib. Bununla belə, ötən il Aİ ölkələri hələ də Rusiyadan 9,7 milyon ton xam neft idxal ediblər.

Avropa İttifaqı artıq 2027-ci ilin payızına qədər Rusiya təbii qazından tam imtina planını təsdiqləyib. Neftlə bağlı təklifin əvvəlcə aprelin 15-də təqdim olunması nəzərdə tutulsa da, mart ayında Avropa Komissiyasının gündəliyindən çıxarılıb.

Nəşrin yazdığına görə, təşəbbüs Macarıstan və Slovakiyanın, eləcə də enerji qiymətlərinin mümkün artımından narahat olan digər ölkələrin müqaviməti ilə üzləşə bilər. Bununla belə, Rusiya qazından imtina planında olduğu kimi, bu qərarın qəbul edilməsi üçün də səs çoxluğu tələb olunur və bir və ya iki ölkə təşəbbüsü bloklaya bilməyəcək.

Brüsseldə hesab edirlər ki, Rusiya enerji daşıyıcılarının alışının azaldılması Moskvanın maliyyə imkanlarını daha da zəiflətməlidir. Çünki neft və qaz ixracından əldə olunan gəlirlər Ukraynaya qarşı müharibənin maliyyələşdirilməsinin əsas mənbələrindən biri olaraq qalır.

Rusiya Maliyyə Nazirliyinin məlumatına görə, 2026-cı ilin may ayında federal büdcənin neft-qaz gəlirləri 678,9 milyard rubl (təxminən 9,3 milyard dollar) təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 32,4% çoxdur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Baltik-ölkələri     Rusiya  


Bizi "telegram"da izləyin