BMT: Venesuelada zəlzələlərdən 7 milyona yaxın insan zərər çəkə bilər

2026/06/1782584257.jpg
Oxunub: 225     22:16     27 İyun 2026    
BMT Venesuelada baş vermiş iki güclü zəlzələnin nəticələrindən 7 milyona yaxın insanın zərər çəkə biləcəyi barədə xəbərdarlıq edib.

Ordu.az xəbər verir ki, bu barədə AFP agentliyi BMT məlumatlarına istinadən məlumat yayıb.

Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, əhali sayı və dağıntıların miqyası üzrə aparılan təhlillər göstərir ki, iyunun 24-də baş vermiş dağıdıcı zəlzələlərdən 6,76 milyona qədər insan təsirlənə bilər.

Təşkilat bildirib ki, bu rəqəmə Karakas şəhərində yaşayan iki milyona qədər insan da daxildir ki, bu da fəlakətin mümkün humanitar nəticələrinin miqyasını göstərir.

“Fəlakətdən sonrakı ilk dövr həlledicidir. Sonrakı bütün proses məhz həmin mərhələdən asılıdır”, - deyə Beynəlxalq Miqrasiya Təşkilatının rəhbəri Emi Poup bildirib.

Onun sözlərinə görə, təşkilat əvvəlcədən hazırlanmış humanitar ehtiyatların paylanmasına başlayıb və zərərçəkənlərə sığınacaq, zəruri ləvazimatlar, tibbi və mühafizə yardımlarının çatdırılması üçün hökumət və tərəfdaşlarla əməkdaşlıq edir.

Xilasetmə xidmətləri zərər çəkmiş bölgələrdə əməliyyatlarını davam etdirir. Karakasın şimalında yerləşən La Quayra şəhərində çoxsaylı binalar tamamilə dağılıb.

Rəsmi məlumatlara görə, ölkə üzrə ölənlərin sayı 920 nəfərə çatıb, 50 mindən çox insan isə itkin düşmüş hesab olunur.

Beynəlxalq Miqrasiya Təşkilatı həmçinin “Microsoft AI for Good Lab” ilə birlikdə peyk görüntüləri əsasında ilkin zərər qiymətləndirilməsi apardığını açıqlayıb. Təhlillərə əsasən, Katia-la-Mar şəhərindəki binaların təxminən 31,5 faizi zədələnib.

Əldə olunan məlumatlar ən çox zərər görmüş ərazilərin müəyyənləşdirilməsi və humanitar yardımın prioritet qaydada çatdırılması üçün istifadə olunur.

Təşkilat vurğulayıb ki, humanitar ehtiyaclar təcili və genişmiqyaslıdır. Bunlara müvəqqəti sığınacaqlar, təmiz su və sanitariya xidmətləri, tibbi yardım və əhalinin müdafiəsi daxildir.

Beynəlxalq Miqrasiya Təşkilatı beynəlxalq ictimaiyyəti operativ yardım göstərməyə çağıraraq bildirib ki, vaxtında göstərilən dəstək insanların həyatını xilas edəcək, əzablarını azaldacaq və onların bərpa prosesinə başlamasına kömək edəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT   Venesuela  


Bizi "telegram"da izləyin