İsrailin müdafiə naziri İranı hədələyib: “Razılaşmanın icrasına mane olarsa, güc tətbiq edəcəyik”

2026/06/1782585536.jpg
Oxunub: 314     22:33     27 İyun 2026    
İsrailin müdafiə naziri İsrael Kats İsrail ilə Livan arasında imzalanmış razılaşmanı “tarixi” adlandıraraq, İranın onun icrasına mane olmağa çalışacağı təqdirdə Tehrana qarşı güc tətbiq ediləcəyini bəyan edib.

Ordu.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Kats bildirib ki, sözügedən razılaşma “onilliklər ərzində ilk dəfə olaraq şimal sərhədi boyunca və Livanda yeni, daha təhlükəsiz reallıq formalaşdıra bilər”.

Onun sözlərinə görə, İsrail Müdafiə Qüvvələri əvvəl vəd edildiyi kimi Livandan tam çıxmayacaq və təhlükəsizlik zonasını, o cümlədən Bofor qalasının yerləşdiyi dağlıq ərazini nəzarətdə saxlamaqda davam edəcək.

“Əsas sınaq razılaşmanın icrası olacaq. Qarşıda hələ çox çətinliklər var”, - deyə Kats bildirib.

O əlavə edib ki, hərbçilərə təhlükəsizlik zonasında uzunmüddətli mövcudluğa hazırlaşmaq, İsrail hərbçilərinin müdafiəsi və ölkənin şimalındakı yaşayış məntəqələrinə qarşı təhdidlərin aradan qaldırılması üçün zəruri tədbirlər görmək tapşırılıb.

Nazirin sözlərinə görə, razılaşmada təsbit olunan əsas prinsiplərdən biri “Hizbullah” təşkilatı Livanın bütün ərazisində tam silahsızlaşdırılmayınca İsrail qoşunlarının geri çəkilməyəcəyidir.

Kats bildirib ki, bu razılaşma “İran oxuna vurulan strateji zərbədir”.

“İran təhdidlər və ABŞ-yə təzyiq vasitəsilə İsraili qoşunlarını Livandan çıxarmağa məcbur etməyə çalışdı, lakin uğursuz oldu”, - deyə o vurğulayıb.

İsrailin müdafiə naziri Tehrana xəbərdarlıq edərək bildirib: “Əgər İran razılaşmanın icrasına mane olmaq üçün İsrailə hücum etməyə cəhd etsə, biz ona qarşı böyük güclə hərəkət edəcəyik”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İran   Kats  


Bizi "telegram"da izləyin