Mask “Kölgə Prezident” rolunu oynayırdı? Tramp administrasiyası ilə Texnologiya Oliqarxları arasında qarşıdurma

2025/06/1749707545.jpg
Oxunub: 561     19:31     12 İyun 2025    
Yeni dünya nizamının formalaşma prosesində mərhələli şəkildə çoxqütblü sistemə keçid baş verir. Lakin zaman keçdikcə beynəlxalq müxtəlif oyunçuların rolu ön plana çıxsa da, ABŞ-nin beynəlxalq arenadakı liderliyi davam etməkdədir. Amerika Birləşmiş Ştatları dünyanın №1 iqtisadiyyatı və ən güclü hərbi qüvvəsinə sahib dövlət olaraq qalır. Bu səbəblə ABŞ-də baş verən hadisələr bütün dünyada əks-səda doğurur.

Bu il üçün ən dramatik hadisənin keçmiş prezident Donald Trampın yenidən hakimiyyətə gəlməsi olduğu açıq şəkildə görünür. Tramp “Amerika – birinci” şüarını önə çəkərək daha çox ölkə daxilindəki problemlərə fokuslanacağını bəyan edib. Bu kontekstdə Tramp administrasiyasının əsas prioriteti ölkənin daxili istehsal potensialını bərpa etmək və lazımsız xərcləri azaltmaqdır.

Bununla belə, qeyd edilməlidir ki, Trampın prezidentlik dövrünün başlanğıcı texnologiya milyarderlərinin hökumətlə yaxın münasibətlər qurması ilə yadda qalıb. Xüsusilə dünyanın ən varlı insanı olan İlon Maskın rolu önə çıxır. Mask, hətta Dövlət Effektivliyi Departamentinin (DOGE) rəhbəri vəzifəsini tuturdu. Bu faktor nəzərə alınaraq deyilir ki, biznes və siyasət arasında güclü bir inteqrasiya yaranıb və Mask öz biznes maraqlarını siyasət vasitəsilə həyata keçirə bilər.

Bəzi media orqanlarında Maskın “kölgə prezident” rolunu oynadığı barədə iddialar irəli sürülüb. O, DOGE çərçivəsində elə kəskin və özbaşına addımlar və ixtisarlar həyata keçirirdi ki, bu, dövlət aparatını öz şəxsi şirkətlərindən biri kimi idarə etdiyi təəssüratını yaradırdı. Maskın fəaliyyəti administrasiya daxilində narazılıqlara səbəb oldu və o, nəhayət vəzifəsindən ayrıldı. Lakin bu gərginlik nəticə etibarilə Tramp-Mask münasibətlərində gərginliyin yaranmasına səbəb oldu.

Bu fon qarşısında Respublikaçılar Partiyası daxilində Maskın ABŞ-yə miqrasiya etməsi ilə bağlı detalları araşdırmaq və hətta onu deportasiya etmək imkanlarını müzakirə etmək çağırışları səslənməyə başladı. Mask hökumətə qarşı birbaşa çıxış edə bilməsə də, “Tesla”, “SpaceX” və “Starlink” kimi kritik əhəmiyyətə malik şirkətlərə rəhbərlik etməsi onun təsir gücünü qoruyur. Hətta bu şirkətlərin səhm qiymətləri cəmi bir neçə gün ərzində ciddi şəkildə düşərək böyük itkilərə səbəb olub.

ABŞ-də Miqrasiya Gərginliyi və Trampın Reaksiyası

ABŞ-də baş verən digər əhəmiyyətli hadisə qeyri-qanuni miqrantlarla bağlı problemdir. Donald Tramp qeyri-qanuni miqrantların ölkə ərazisinə girişinin dərhal dayandırılacağını və milyonlarla miqrantın deportasiyasına başlanacağını vəd edib. Los Ancelesdə əsasən Latın Amerikası mənşəli əhalinin yaşadığı bölgədə Miqrasiya və Gömrük Xidmətinin (ICE) agentləri tərəfindən aparılan reydlər etiraz aksiyalarına səbəb olub. Bu aksiyalar zamanı toqquşmalar qeydə alınıb.

Trampın etirazların yatırılması məqsədilə bölgəyə 2000 nəfərlik Milli Qvardiya qüvvəsi göndərdiyi qeyd olunur. Qeyri-sabitlik Nyu-York şəhərinə də yayılıb. Trampa dəstək verən seçicilər arasında qeyri-qanuni miqrasiya axınına qarşı ciddi narazılıq var. Onlar hesab edirlər ki, bu insanlar özləri ilə cinayətkarlıq və digər neqativ hallar gətirirlər. Buna görə də ABŞ administrasiyası sərhədlərin qorunması və miqrantlara qarşı mübarizə məsələsində qətiyyət nümayiş etdirir.

Bəzi analitiklərin fikrincə, yaxın gələcəkdə miqrasiya problemi Avropaya da yayılacaq. Artan anti-immiqrasiya meylləri bu ehtimalı gücləndirir. ABŞ-dən deportasiya olunan miqrantların Avropa ölkələrinə üz tutacağı istisna edilmir. Lakin ABŞ-dən fərqli olaraq, Avropada bu məsələ daha ciddi və hətta sivilizasiya səviyyəsində bir problem kimi qəbul edilir.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mask   Kölgə-Prezident   Tramp  


Bizi "telegram"da izləyin