Rusiya Qərbi hədələyir, NATO cavab verir: Yeni müharibə dalğası başlayır?

2025/06/1749707274.jpg
Oxunub: 602     21:35     12 İyun 2025    
Rusiya heç vaxt imkan verməyəcək ki, NATO Baltik dənizini özünün “daxili su hövzəsinə” çevirsin. Bu barədə “Gələcək-2050” forumunda çıxışı zamanı Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qluşko bildirib. Moskvanın bu mövqeyi NATO-nun Baltik dənizində rabitə və enerji ötürmə kabellərinin təhlükəsizliyini təmin etmək üçün mərkəz yaratması qərarına verilmiş cavabdır. Qluşko əlavə edib ki, Rusiyanın sərhədləri yaxınlığında həyata keçirilən birtərəfli “təhlükəsizlik təşəbbüsləri” toqquşmaya səbəb ola bilər və bu, böyük “yanğın”a çevrilə bilər.

Rusiya KİV-lərinin etibarlı mənbələrinə əsasən, Moskva NATO baş katibi Mark Ruttenin “Ukraynanın NATO-ya qəbulunun qapıları hələ də açıqdır” açıqlamasından ciddi narahatlıq keçirir. Rusiyalı analitiklər bu kontekstdə ABŞ prezidenti Donald Trampın “Ukrayna heç vaxt NATO üzvü ola bilməz” bəyanatını xatırladır və hesab edirlər ki, əgər NATO tərəfindən dəqiq qərar qəbul edilməyibsə, deməli Rusiya-Ukrayna nizamlanmasında əsas şərt – Ukraynanın neytral qalması – hələ də təmin olunmayıb.

NATO-nun növbəti zirvə görüşü iyunun 24-25-də Haaqada keçiriləcək. Zirvə ərəfəsində alyansın baş katibi Mark Rutte Londonda Britaniyanın Baş naziri Kir Starmerlə görüşüb. Mətbuat Ruttenin çıxışındakı əsas tezisi belə çatdırır: Rusiyanın yaratdığı təhdidlər artır, buna görə də mübahisələri bir kənara qoyub hərbi xərclərin artırılmasına başlamalıyıq.

Ehtimal olunur ki, NATO-nun Haaqa sammitində əsas müzakirə mövzusu üzv ölkələrin hərbi xərclərini ÜDM-in 5 faizi səviyyəsinə çatdırmaq təklifi olacaq. Hazırda bir çox NATO ölkələri bu göstəricini 2 faiz səviyyəsində saxlayır.

Böyük Britaniya ilə görüşdən sonra Rutte bəyan edib ki, Ukrayna məsələsində Rusiya ilə sülh razılaşmasına gəlmək mümkün deyil. O, Haaqa sammitində Ukrayna ilə bağlı konkret qərar qəbul ediləcəyini əvvəlcədən deməkdə çətinlik çəkib, amma ABŞ prezidentinin Vladimir Putinə verdiyi zəmanətlərin Moskva üçün yetərli olmadığını qeyd edib.

Paralel olaraq Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bəyanatla çıxış edib. O bildirib ki, əgər Ukrayna ilə danışıqlarda irəliləyiş olmasa, Avropa İttifaqı Rusiyaya qarşı 18-ci sanksiya paketini qəbul etməyə hazırlaşır. Bu sanksiyalar əsasən Rusiya bank sektorunu və enerji sahəsini əhatə edəcək.

Bu fon qarşılığında ABŞ-dəki yeni təyin olunmuş Rusiya səfiri Aleksandr Darçiyev Vaşinqtonda jurnalistlərə açıqlamasında bildirib ki, Rusiya ilə ABŞ arasında ikitərəfli münasibətlərin nizamlanması ilə bağlı danışıqlar bundan sonra iki ölkənin paytaxtlarında aparılacaq. Qeyd edək ki, bu görüşlər əvvəllər qeyri-müntəzəm əsasda İstanbulda keçirilirdi.

Darçiyev əlavə edib ki, danışıqların Moskvaya və Vaşinqtona keçirilməsi o demək deyil ki, iki ölkə arasında fikir ayrılıqları aradan qaldırılıb. Lakin bu faktı özü müsbət qiymətləndirib və bildirib ki, yaxın vaxtlarda ABŞ nümayəndə heyəti Moskvaya səfər edəcək. Lakin o, Rusiya-Ukrayna danışıqlarının da İstanbuldan başqa yerə köçürüləcəyi barədə suala cavab verməyib. Bu isə o ehtimalı artırır ki, Rusiya ilə Ukrayna arasında danışıqların yeni mərhələsinin təşkili artıq problemə çevrilib.

Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak isə Qərb mediasına bildirib ki, İstanbul danışıqlarında Rusiya nümayəndə heyəti əvvəlcədən qəbuledilməz ultimatum paketi təqdim etmişdi. Rusiyalı analitiklər isə bildirirlər ki, Moskvanın Kiyevdən cavab gözləmə səbri sonsuz deyil.

NATO Rusiyaya qarşı qəti mövqe ortaya qoyacaqmı? Belə bir addım, şübhəsiz ki, Avropada genişmiqyaslı müharibə riski yarada bilər. Amma onsuz da bu müharibə artıq faktiki olaraq davam edir.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Qərb   NATO  


Bizi "telegram"da izləyin