Ordu.az xəbər verir ki, briqadanın açılış mərasimi mayın 22-də Vilnüsdə keçirilib. Mərasimdə Almaniya kansleri Fridrix Merts və Müdafiə naziri Boris Pistorius da iştirak ediblər.
“Bundeswehr”in doqquzuncu briqadası olan 45-ci Zirehli Briqada 4.800 hərbçi və 200 mülki şəxs olmaqla ümumilikdə 5.000 nəfərdən ibarət olacaq. Tam əməliyyat qabiliyyətinə 2027-ci ilə qədər çatması planlaşdırılan birlik Rusiyanın Avropadakı mümkün yeni hərbi təhdidlərinə qarşı çəkindirici güc kimi mövqe tutur. Briqadanın əsas bazası Latviyanın cənub-şərqində, Belarus sərhədinə təxminən 30 km məsafədə yerləşən Rudninkai hərbi təlim sahəsindədir. İnfrastruktur işləri isə hələ də davam edir.
10-cu Zirehli Diviziyaya bağlı olaraq fəaliyyət göstərəcək briqada, 203-cü Zirehli Tabar (“Leopard 2A6” tankları ilə təchiz olunmuş) və 122-ci Mexanikləşdirilmiş Piyada Taboru (“Puma” zirehli döyüş maşınları ilə təchiz olunmuş) kimi bölmələrdən ibarət olacaq. Bu iki tabor briqadanın əsasını təşkil edəcək.
Mertsin açıqlamaları
Mərasimdə çıxış edən kansler Merts deyib: “Kim NATO-nu sınağa çəkməyə cəhd edərsə, hazır olduğumuzu bilməlidir. Kim bir müttəfiqi təhdid edərsə, bütün Alyansın NATO ərazilərinin hər qarışını birlikdə müdafiə edəcəyini bilməlidir”. “NATO Almaniyaya inanır. Təhlükəsizlik sərhədlərimizdə başlamır, müttəfiqlərimizin müdafiə xəttində başlayır. Bu səbəblə Vilnüsün təhlükəsizliyi, Berlinin təhlükəsizliyidir”, - deyə o bildirib.
Müdafiə naziri Pistorius Latviya Briqadasının yaradılmasını 2023-cü ilin ortasından bəri müdafiə siyasətinin mərkəzinə almışdı. “Bundeswehr”də hərbi xidmət keçmiş ilk alman kansleri olan Merts vəzifəyə başladığı gündən Almaniyanı NATO-nun güclü hərbi tərəfdaşına çevirmək əzmindədir. 6 mayda kansler postuna başlayan Merts 14 mayda Bundestaqda etdiyi ilk böyük çıxışında “Bundeswehr”i “Avropanın ən güclü konvensional ordusu” halına gətirəcəyinə söz vermişdi.
Merts parlamentə müraciətində belə deyib: “Bu hədəf, Avropanın ən böyük və iqtisadi cəhətdən ən güclü ölkəsi üçün uyğundur. Dostlarımız və tərəfdaşlarımız bunu bizdən gözləyir, hətta tələb edir”.
Sevinc Əliyeva
Ordu.az