DASAL Malayziyada əməkdaşlıqlarını gücləndirir

2025/05/Ekran-1748078490.jpg
Oxunub: 152     17:41     24 May 2025    
“Altınay Savunma Teknolojileri”nin 100% törəmə şirkəti olan “DASAL Havacılık Teknolojileri” Malayziyada keçirilən ən önəmli müdafiə tədbirlərindən biri olan Lanqkavi Beynəlxalq Dənizçilik və Aviasiya Sərgisində (LIMA) “PM Defence” ilə əməkdaşlığını gücləndirən daha bir mühüm razılaşmaya imza atıb.

Ordu.az xəbər verir ki, razılaşma ilə bağlı “DASAL Havacılık Teknolojileri”nin baş direktoru Murat Koç açıqlama verib.

“Türk müdafiə sənayemizin hər il yüksək iştirakla dəstək verdiyi və dostluq əlaqələrimizin möhkəmləndiyi LIMA-da bu il də önəmli bir addım atdıq. “DASAL Havacılık Teknolojileri” olaraq, “PM Defence” ilə həyata keçirdiyimiz əməkdaşlıq çərçivəsində ölkəmizin ixrac potensialını daha da irəli apararaq ticari əlaqələrimizə töhfə verməyi hədəfləyirik”, - deyə o bildirib.

Mini sinif, yüngül sinif, orta sinif və ağır sinif PUA-lar olmaqla 4 əsas kateqoriyada məhsul inkişaf etdirən “DASAL Havacılık Teknolojileri” xarici əməkdaşlıqlarını genişləndirməyə davam edir. “Altınay Savunma Teknolojileri”nin 100% törəmə şirkəti DASAL 2024-cü ildə iştirak etdiyi LIMA sərgisində “PM Defence” ilə imzalanan niyyət protokolu ilə Malayziyadakı əməkdaşlığın ilk addımını atmışdı. Malayziyada keçirilən ən önəmli müdafiə tədbirlərindən biri olan LIMA-ya 2025-ci ildə də qatılan DASAL Türkiyə və Malayziya arasında ticari və dostluq əlaqələrini gücləndirmək üçün fəaliyyətlərini davam etdirir.

“DASAL Havacılık Teknolojileri” Malayziyanın müdafiə naziri Muhammed Xalid Bin Nordinin də iştirakı ilə “PM Defence” ilə əməkdaşlığını gücləndirən daha bir razılaşma imzalayıb. Şirkət rəhbərlərinin iştirakı ilə imzalanan bu razılaşma ötən ilki müqavilənin əhatəsini də genişləndirir. DASAL bu əməkdaşlıqla Türkiyə müdafiə sənayesinin inkişaf etdirdiyi yüksək texnologiya ilə dost və müttəfiq ölkələrin təhlükəsizliyinə töhfə vermək missiyasını daha da irəli aparır.

Malayziyanın qabaqcıl müdafiə həlləri istehsalçılarından olan “PM Defence” (PMD) PUA sistemləri, inteqrəolunmuş müşahidə həlləri və taktiki avadanlıq sahələrində hərbi texnologiyalar inkişaf etdirir. Yerli və milli texnologiya istehsal edən, məhsul çeşidi və genişliyi baxımından helikopter tipli pilotsuz uçuş aparatları sahəsində ixtisaslaşan “DASAL Havacılık Teknolojileri” ilə “PM Defence” arasında qurulan bu əməkdaşlıq DASAL-ın bölgədəki məhsul portfelini və əməliyyat effektivliyini artırmağı hədəfləyir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: DASAL   Malayziya  


Bizi "telegram"da izləyin