F-55, F-47 və ya Sadəcə Model Dəsti? – Ekspertlər Trampı Şərh Edir

2025/05/1747652128.jpg
Oxunub: 644     18:54     20 May 2025    
ABŞ prezidenti Donald Trampın 15 may cümə axşamı günü səsləndirdiyi F-55 və F-22 “Super” açıqlamasından sonra ABŞ Müdafiə Nazirliyi – Pentaqon səssiz qalmağı üstün tutdu.

Qətərin paytaxtı Dohada keçirilən dəyirmi masa görüşündə iştirak edən ABŞ prezidenti Tramp “Boeing” və “GE Aerospace” şirkətlərinin rəhbərlərinin də qatıldığı tədbirdə gözlənilməz bəyanatlar verdi. Tramp F-35-in iki mühərrikli versiyasının hazırlanacağını və ona F-55 adını verdiyini söylədi. O, həmçinin F-22 təyyarəsinin daha təkmilləşdirilmiş F-22 “Super” adlı konfiqurasiyasının inkişaf etdirildiyini bildirdi.

ABŞ-nin keçmiş prezidenti Co Bayden dövründə Hərbi Hava Qüvvələri naziri olmuş Frank Kendall “Defense News”a verdiyi müsahibədə Trampın F-22 “Super” deyərkən nəyi nəzərdə tutduğunun aydın olmadığını, lakin onun altıncı nəsil F-47 döyüş təyyarəsindən bəhs edə biləcəyini dedi.

F-22 “Super”, yoxsa F-47?

Əvvəllər “Next Generation Air Dominance” (Yeni Nəsil Hava Üstünlüyü) kimi tanınan F-47 ABŞ Hərbi Hava Qüvvələrinin təxminən 185 ədəd F-22 “Raptor” təyyarəsindən ibarət olan parkını əvəz etmək üçün layihələndirilib. ABŞ Hərbi Hava Qüvvələri NGAD layihəsi üzərində illərdir işləyir və bu təyyarələrin istehsalı üçün 2025-ci ilin martında “Boeing” ilə müqavilə imzalanıb.

Lakin Trampın F-55 şərhlərində əlavə təfərrüat verilmədi və hökumət də Trampın nəyi nəzərdə tutduğuna dair əlavə açıqlama təqdim etmədi.

ABŞ Hərbi Hava Qüvvələri və ABŞ Donanması Trampın bəyanatları ilə bağlı sualları Ağ Evə yönləndirdi. “Defense News”un əldə etdiyi məlumata görə, Ağ Ev sözçüsü bu sualları başqa sözçüyə ötürüb.

“Lockheed Martin”dən Açıq Cavab

Həm F-35, həm də F-22 təyyarələrini istehsal edən “Lockheed Martin” Trampın açıqlamaları ilə bağlı konkret suallara cavab vermədi, lakin ümumi bəyanat yayaraq bildirdi:

“Prezident Trampa F-35 və F-22-yə verdiyi dəstəyə görə təşəkkür edirik və hava üstünlüyü vizyonunu gerçəkləşdirmək üçün administrasiya ilə sıx əməkdaşlığımızı davam etdirəcəyik”.

F-35 və “Trollama” İddiası

Aviasiya eksperti Riçard Aboulafia Trampın F-55 döyüş təyyarəsi təklifi ilə cəmiyyəti “trollaya” biləcəyini irəli sürdü. Ondan Trampın F-55 adlandırmasına uyğun gələn real bir layihənin olub-olmadığı soruşulduqda belə cavab verib: “Bəlkə bir neçə on il əvvəlki “Revell” model dəstlərindən başqa? Xeyr”.

Digər tərəfdən ABŞ Donanması F/A-XX adlandırılan öz altıncı nəsil döyüş təyyarəsi üzərində işləyir. Trampın F-55 açıqlamasının bu layihəyə istinad edib-etmədiyi də qeyri-müəyyəndir.

Tramp və İki Mühərrik Sevgisi

İki mühərrikli hava vasitələrinə olan sevgisi ilə tanınan Tramp F-35-in tək mühərrikli dizaynını da tənqid edərək, mühərrikin sıradan çıxması halında təyyarənin riskə düşəcəyini qeyd etdi.

“F-35-in cəmi bir mühərriki var, mən tək mühərrikləri sevmirəm”, - deyə Tramp “GE Aerospace” şirkətinin baş direktoru Lerri Kulpa işarə etmədən əvvəl bildirdi.

“Bu adam mühərriklər üzrə dünyanın ən yaxşısıdır. Amma bəzən – bununla razılaşmayacağını bilirəm – bir mühərrik sıradan çıxa bilər, bu halda iki, üç və ya dörd mühərrikin olması yaxşıdır. Ona görə də 747-ni sevirəm, çünki onun dörd mühərriki var”.

Tramp və “Stels” Tənqidi

Keçmiş Hərbi Hava Qüvvələri naziri Kendall isə qeyd etdi ki, hazırda ABŞ Hava Qüvvələri təxminən 830 ədəd tək mühərrikli F-16 və 471 ədəd F-35A təyyarəsi idarə edir. İki mühərrikli döyüş təyyarələri isə 185 ədəd F-22 və 250-dən çox F-15-dən ibarətdir.

Tramp hərbi təyyarələrin “stels” xüsusiyyətlərinin düşmənlər tərəfindən tez bir zamanda aşkarlandığını və əhəmiyyətsizləşdirildiyini iddia edərək, bu səbəblə həmin dizaynların estetik baxımdan qəbuledilməz olduğunu bildirdi.

“Stels” texnologiyasına o qədər də inanmıram, çünki bu, əslində əsasən dizayn və formadır… “Stels” naminə çirkin bir təyyarə dizayn edəcəksiniz. Və altı ay sonra onlar bunu başa düşəcək və siz əlinizdə heç nəyə yaramayan bir təyyarə ilə qalacaqsınız”, - deyə Tramp bildirdi.

Trampın bu “stels” yanaşması prezidentliyi dövründə F-35-in görünməzlik qabiliyyətini təriflədiyi əvvəlki bəyanatlarla ziddiyyət təşkil edir. Tramp 2017-ci ildə belə demişdi: “Onu görə bilmirsiniz. Sözün əsl mənasında görə bilmirsiniz. Görünməyən bir təyyarə ilə döyüşmək çətindir”.

Digər tərəfdən, Tramp əlavə edib ki, dünyanın ən gözəl döyüş təyyarəsi F-22-dir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: F-55   F-47   Tramp  


Bizi "telegram"da izləyin