CNN: Con Bolton məxfilik qanununun pozulması ilə bağlı bir epizod üzrə günahını etiraf etməyə hazırlaşır

2026/06/1780591669.jpg
Oxunub: 218     20:47     04 İyun 2026    
ABŞ-nin milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Con Bolton məxfi sənədlərlə ehtiyatsız davranılması ilə bağlı iş üzrə günahını etiraf etməyə hazırlaşır.

Ordu.az xəbər verir ki, bu barədə CNN vəziyyətlə tanış mənbələrə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, Bolton milli təhlükəsizliklə bağlı məlumatlar ehtiva edən materialların qanunsuz saxlanılması ilə bağlı bir epizod üzrə özünü təqsirli biləcəyini etiraf etməyi planlaşdırır.

Bundan əlavə, o, 2 milyon dollardan artıq məbləğdə cərimə ödəməyə razılaşıb. Məhkəmə sənədlərinə əsasən, Bolton iyunun 26-da məhkəmə qarşısına çıxaraq iş üzrə mövqeyini dəyişməlidir.

Bununla belə, onun yeni hüquqi mövqeyi məhkəmə materiallarında hələlik rəsmi şəkildə qeydə alınmayıb.

Xatırladaq ki, Bolton 2025-ci ilin oktyabrında ona qarşı irəli sürülən ittihamları qəbul etməmişdi.

Donald Trampın prezidentliyinin ilk dövründə milli təhlükəsizlik üzrə müşavir vəzifəsində çalışan Bolton sonradan onun ən sərt tənqidçilərindən birinə çevrilib.

O, 2024-cü ildə nəşr olunmuş xatirələrində Trampın prezident vəzifəsinə yararsız olduğunu bəyan etmişdi.

İttiham tərəfinin versiyasına görə, Bolton məxfi məlumatları iki qohumuna ötürüb. Bu məlumatların kitab hazırlanarkən istifadə edilməsi nəzərdə tutulub.

Söhbət kəşfiyyat brifinqləri, yüksək vəzifəli şəxslər və xarici liderlərlə keçirilən görüşlərlə bağlı qeydlərdən gedir.

Boltona milli müdafiə ilə bağlı məlumatların ötürülməsi və saxlanması ilə əlaqədar, o cümlədən casusluq qanunu çərçivəsində ümumilikdə 18 epizod üzrə ittiham irəli sürülüb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bolton   ABŞ  


Bizi "telegram"da izləyin