“Axios”: Tramp və Netanyahunun telefon danışığı İsraildə siyasi böhrana səbəb olub

2026/06/1780591631.jpg
Oxunub: 221     20:44     04 İyun 2026    
İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ Prezidenti Donald Tramp arasında Livan məsələsi ilə bağlı yaranan açıq fikir ayrılığı İsrailin hərbi planlarının və Netanyahunun siyasi mövqeyinin Vaşinqtonun yanaşmasından asılılığını bir daha üzə çıxarıb.

Ordu.az xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.

Nəşrin mənbələrinin bildirdiyinə görə, İran məsələsində tərəflər arasında sıx koordinasiya və demək olar ki, gündəlik təmaslar olsa da, hər iki administrasiya münaqişənin inkişafı fonunda maraqların fərqlənə biləcəyini qəbul edir.

Netanyahunun ətrafında isə belə bir məqamın artıq yaxınlaşdığı ilə bağlı narahatlıqlar artır. İsrail Baş naziri daha əvvəl İranla münaqişənin necə başa çatmalı olduğu məsələsində Trampla nə dərəcədə razılaşdıqlarının “açıq sual” olaraq qaldığını bildirmişdi.

İsraildə yaxınlaşan seçkilər və “Hizbullah”ın davam edən hücumları səbəbindən yaranmış daxili təzyiqlər fonunda Netanyahu elan etdiyi məqsədlərə, yəni HƏMAS-ın məhv edilməsinə və İranda rejim dəyişikliyinə nail ola bilməməsinə görə tənqid olunur.

Mənbələrin məlumatına görə, Netanyahu Beyrutda “Hizbullah” hədəflərinə genişmiqyaslı zərbələr endirmək imkanını nəzərdən keçirib, lakin Trampla keçirdiyi gərgin telefon danışığından sonra bu plandan imtina edib.

Bildirilir ki, ABŞ Prezidenti telefon danışığı zamanı İsrail liderindən Beyruta zərbə endirmək niyyətindən vaz keçməyi qəti şəkildə tələb edib. Tramp hesab edib ki, bu addım Livanla bağlı diplomatik səyləri iflasa uğrada və İranla danışıqlara mənfi təsir göstərə bilər.

İsrailli mənbə söhbəti “çox sərt” adlandıraraq bildirib ki, Tramp faktiki olaraq gərginliyin azaldılmasında israr edib.

Bu hadisə İsraildə birmənalı qarşılanmayıb. Netanyahunun opponenləri və bəzi müttəfiqləri ölkənin ABŞ-nin “vassalı” vəziyyətinə düşmək və təhlükəsizlik məsələlərində müstəqilliyini itirmək riski ilə üzləşdiyini bəyan ediblər.

ABŞ nümayəndələri isə qeyd edirlər ki, Tramp münaqişəni başa çatdırmağa və İranla razılığa gəlməyə çalışdığı halda, Netanyahu hərbi əməliyyatların dayandırılması məsələsində daha az istək nümayiş etdirir.

Vaşinqtonda İsrail və Livan nümayəndələri arasında keçirilən danışıqlardan sonra mümkün atəşkəs planı barədə məlumat verilsə də, onun həyata keçirilməsi “Hizbullah”ın mövqeyindən asılıdır. Hələlik təşkilatın təklif olunan şərtləri qəbul edib-etməyəcəyi məlum deyil.

Razılaşmanın uğursuzluğa düçar olması və “Hizbullah”ın hücumlarını davam etdirməsi halında Beyruta yeni zərbələrin endirilməsi məsələsi yenidən gündəmə gələ bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Netanyahu  


Bizi "telegram"da izləyin