Erməni politoloq: “Paşinyanın hakimiyyəti itirmək riski artıq beynəlxalq amilə çevrilib”

2026/06/1780477335.jpg
Oxunub: 213     20:41     04 İyun 2026    
“Paşinyanın hakimiyyəti itirmək riski artıq beynəlxalq amilə çevrilib. Amerikalılar tələsirlər və bu tələskənliyin özü mühüm siqnaldır”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Voskanapat” Analitik Mərkəzinin rəhbəri, erməni politoloq Hrant Melik-Şahnazaryan deyib.

Onun sözlərinə görə, Nikol Paşinyanın hakimiyyətdən seçki yolu ilə uzaqlaşdırılması ehtimalı artıq beynəlxalq siyasi hesablamalarda nəzərə alınan amilə çevrilib və ABŞ dövlət katibi Marko Rubionun İrəvana tələsik səfərinin əsas səbəblərindən biri də məhz budur.

“Paşinyanın hakimiyyəti itirmək riski artıq beynəlxalq hesablamaların bir hissəsinə çevrilib. Bu o deməkdir ki, amerikalılar artıq onun yenidən seçiləcəyinə əvvəlki qədər əmin deyillər. Onlar tələsirlər və bu tələskənlik çox mühüm mesajdır. Həm xalqımız, həm də müxalifət bunu düzgün qiymətləndirməlidir. Hazırda ciddi uğur qazanmaq üçün tarixi imkan yaranıb”, - deyə Melik-Şahnazaryan bildirib.

Erməni politoloq qeyd edib ki, seçki kampaniyasının gedişi və ictimai əhval-ruhiyyədə baş verən dəyişikliklər hakimiyyətə dəstəyin zəiflədiyini göstərir.

“Mən kampaniyaya və ictimai ovqata baxanda görürəm ki, insanlar Nikol Paşinyanı rədd edirlər. O artıq xalqın dəstəyinə malik deyil. İnsanlar hələ tam şəkildə müxalifəti qəbul etməsələr də, düzgün iş aparılarsa, bu problem də aradan qalxacaq. Əgər seçicilər fəal iştirak etsələr, Paşinyanın taleyi həll olunacaq”, - deyə o vurğulayıb.

Melik-Şahnazaryanın fikrincə, həm ABŞ, həm də Avropa siyasi dairələri bu riski görürlər.

O hesab edir ki, “Hayastan” bloku, Samvel Karapetyanın “Güclü Ermənistan” bloku və Qaqik Tsarukyanın “Çiçəklənən Ermənistan” Partiyası son dövrdə fəal işləyir və əsas məqsəd mümkün qədər çox insanın səsverməyə cəlb olunmasıdır.

Erməni politoloq Ermənistanla ABŞ arasında imzalanmış sənədlərə də münasibət bildirib.

Onun sözlərinə görə, bu sənədlər Vaşinqtonun regiondakı maraqları baxımından mühüm əhəmiyyət daşıyır, lakin onların seçkilər ərəfəsində tələsik imzalanması müəyyən suallar doğurur.

“ABŞ dövlət katibinin səfəri və sənədlərin imzalanmasının məhz seçkilər ərəfəsində baş verməsi belə təəssürat yaradır ki, amerikalılar seçkilərdən sonra Paşinyan hakimiyyətinin davam etməyəcəyi riskini nəzərə alıblar. Buna görə də o hakimiyyətdə olduğu müddətdə əldə etdikləri razılaşmaları hüquqi sənəd formasına salmağa və xüsusilə faydalı qazıntılarla bağlı öhdəlikləri rəsmiləşdirməyə çalışırlar”, - deyə Melik-Şahnazaryan bildirib.

Erməni politoloq ABŞ-nin xarici siyasətini də sərt tənqid edib.

“Güclü dövlətlər əvvəlcə səni strateji tərəfdaş elan edirlər, sonra isə bunun əvəzində öz maraqlarını maksimum təmin etməyə çalışırlar. Bu gün sənə strateji tərəfdaşlıq sənədi təqdim edirlər, sabah isə bunun qarşılığında faydalı qazıntılarını, kommunikasiya imkanlarını və geosiyasi potensialını tələb edirlər”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, Vaşinqtonun əsas məqsədi öz maraqlarını maksimum səviyyədə təmin etməkdir.

“Amerikalılar hər yerdə maksimum qazanc əldə etməyə çalışırlar. Ermənistan da bu baxımdan istisna deyil. Mən əminəm ki, Vaşinqtonda heç kəsin erməni xalqının taleyi ilə bağlı xüsusi narahatlığı yoxdur. Onlar Ermənistana öz maraqları prizmasından baxırlar”, - deyə politoloq bildirib.

Melik-Şahnazaryan seçkilərlə bağlı konkret proqnoz da verib.

“Əgər seçkilərdə iştirak yüksək olarsa, Nikol Paşinyanın hakimiyyəti sona çatacaq. Əgər iştirak zəif olarsa, o yenidən hakimiyyətdə qalacaq və son dövrlərdə olduğu kimi ölkənin resurslarını xarici qüvvələrə verməyə davam edəcək”, - deyə o vurğulayıb.

Erməni politoloq Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın fəaliyyəti ilə bağlı suala da münasibət bildirib.

Onun sözlərinə görə, hazırkı hakimiyyət nümayəndələri dövlət problemlərini həll etmək əvəzinə, hakimiyyətin qorunmasına xidmət edən siyasət yürüdürlər.

“Bu insanlar dövlətə xidmət etmirlər. Onlar dövləti hakimiyyəti qorumaq üçün resurs kimi görürlər. Buna görə də dövlət məsələləri ilə məşğul olmaq hüququnu itiriblər”, - deyə Melik-Şahnazaryan bildirib.

Xatırladaq ki, ABŞ dövlət katibi Marko Rubio 2026-cı il mayın 26-da qısamüddətli səfərlə İrəvana gəlib. “Zvartnots” hava limanında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşdən sonra tərəflər TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsi üzrə çərçivə sazişi, Ermənistan-ABŞ hərtərəfli strateji tərəfdaşlıq xartiyası və mühüm mineralların, eləcə də nadir faydalı qazıntıların hasilatı və emalı ilə bağlı çərçivə memorandumunu imzalayıblar.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan   Şahnazaryan  


Bizi "telegram"da izləyin