“Global Times” qəzetinin sabiq baş redaktoru Hu Sijin sosial media hesabında bu xəbərlərin doğru olduğu təqdirdə Tayvanın ciddi şəkildə narahat olmalı olduğunu bildirib və qeyd edib: “Əgər bu doğrudursa, Tayvan çox daha artıq qorxmalıdır”. Tayvan Pekin tərəfindən Çin torpağının ayrılmaz hissəsi kimi qəbul edilir və Çin adanı, lazım gələrsə, hərbi güclə yenidən nəzarətə götürəcəyini dəfələrlə bəyan edib.
J-10C-nin döyüş performansı
Tayvanda yerləşən Milli Müdafiə və Təhlükəsizlik Araşdırmaları İnstitutundan Şu Şyao-Xuanq bildirib ki, Pakistan-Hindistan qarşıdurmasından sonra Çin Hərbi-Hava Qüvvələrinin (Xalq Azadlıq Ordusu – PLA) hava döyüş qabiliyyətləri yenidən dəyərləndirilməlidir. Şu qeyd edib: “PLA-nın hava döyüş qabiliyyəti artıq ABŞ-nin Şərqi Asiyadakı hava gücü ilə eyni səviyyəyə çatmış və hətta onu ötə bilmiş ola bilər”.
Pakistan tərəfindən istifadə olunan Çin istehsalı olan PL-15 “hava-hava” raketlərinin qalıqlarının Hindistanda tapıldığı iddiaları bu raketlərin ilk dəfə real döyüş şəraitində istifadə olunduğunu göstərir. “Mach 5”dən yuxarı sürətə çata bilən PL-15 raketləri Qərbin “hava-hava” raketlərinə birbaşa rəqib kimi qiymətləndirilir.
Çinin silah ixracı statistikası
Çin hazırda dünyada dördüncü ən böyük silah ixracatçısıdır, lakin müştəriləri əsasən məhdud büdcəyə malik inkişaf etməkdə olan ölkələrlə məhdudlaşır. Lakin son toqquşmalar Çin silahlarının effektivliyi ilə bağlı müsbət təsəvvürlərin yaranmasına səbəb ola bilər və bu, Pekinin qlobal silah bazarındakı payını artırmasına yardım edə bilər.
Modernləşmə səyləri
Çin prezidenti Si Cinpin Çin müdafiə sənayesini modernləşdirmək və Xalq Azadlıq Ordusunu 2027-ci ilə qədər dünyanın ən güclü ordularından birinə çevirmək məqsədilə hərbi və mülki sektoru bir araya gətirməyi hədəfləyir. Bu çərçivədə Çin 2024-cü ilin dekabrında dünyanın ən böyük amfibiya desant gəmilərindən birini xidmətə təqdim etdi və altıncı nəsil döyüş təyyarəsi olduğu iddia edilən bir təyyarənin sınaq uçuşuna dair görüntülər sosial mediada geniş yayıldı.
Lakin MIT Təhlükəsizlik Araşdırmaları Proqramının direktoru Teylor Freyvel J-10C-nin potensial uğurunun Çin hərbi sənayesi üçün inqilabi bir dönüş olmadığını vurğulayaraq bildirib: “Bu, Çin üçün “DeepSeek” anı deyil, amma real döyüş şəraitində Çin sistemlərinin necə performans göstərdiyinə dair çox şey öyrənilir”.
Dəyanət Ağalarlı
Ordu.az