F-47 ilə hava üstünlüyündə yeni mərhələ: “Stels++” dövrü başlayır (FOTOLAR)

2025/05/1747385216.jpg
Oxunub: 699     13:21     16 May 2025    
ABŞ Hərbi Hava Qüvvələrinin yeni nəsil döyüş təyyarəsi olan “Boeing F-47”nin texniki xüsusiyyətləri ictimaiyyətlə paylaşılıb. Təyyarənin əməliyyat istifadəsinə daxil olma tarixinin 2025-2029-cu illər aralığında planlaşdırıldığı bildirilib.

ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general David Allvin sosial media hesabında etdiyi paylaşımda “ABŞ Hərbi Hava Qüvvələri sürət, çeviklik və öldürücülük baxımından dünyanın ən yaxşı nümunəsi olmağa davam edəcək” deyib. Paylaşımda yer alan qrafikdə F-47 döyüş təyyarəsinin xidmətə giriş aralığı və planlaşdırılan təchizat sayı da əks olunub.

Təyyarənin döyüş radiusunun 1.000 dəniz milindən (təxminən 1.852 kilometr) çox olduğu qeyd edilib. Bu məsafə F-35, F-22 və F-15EX modellərinin uçuş məsafəsindən daha uzundur.

F-47-nin təqvimi və hədəfi hələ dəqiq deyil

Təyyarənin əməliyyat xidmətinə daxil olmasının 2025-2029 dövründə planlaşdırıldığı xəbəri əvvəlki açıqlamalarla qismən üst-üstə düşür. Əvvəlki bəyanatlarda F-47-nin prezident Trampın vəzifə müddəti bitməzdən əvvəl, yəni 2029-cu ildən öncə uçmasının hədəfləndiyi bildirilmişdi. Ancaq bu hədəfin əməliyyat uçuşunu, yoxsa texniki xidmətə girişini əhatə edib-etmədiyi hələ də aydın deyil.

F-35 proqramında ilk uçuş ilə xidmətə alınma arasında təxminən 10 illik fasilənin olması nəzərə alındıqda, F-47-nin də oxşar gecikmələrlə üzləşə biləcəyi düşünülür.


NGAD prototipləri uçur, lakin istehsal davam edir

İnsanlı Yeni Nəsil Hava Üstünlüyü (NGAD) proqramı çərçivəsində hazırlanan dizaynların prototiplərinin bir müddətdir sınaq uçuşlarında olduğu bilinir. Lakin kütləvi istehsala keçəcək versiyaların daha təkmil dizaynlarla təqdim olunacağı gözlənilir. Bu baxımdan F-47 proqramın insanlı döyüş təyyarəsi komponentini təmsil edir.

F-47 üçün planlaşdırılan 185+ ədədlik istehsal sayı ABŞ Hərbi Hava Qüvvələrinin əvvəlki hədəflərindən daha aşağıdır. F-22 “Raptor”un istehsalında yaşanan çətinliklərdən sonra bu sayın ehtiyatlı bir seçim olduğu düşünülür. F-22 parkının uzunmüddətli perspektivdə texniki xidmət, modernizasiya və itkilər səbəbindən yetərsiz olduğu məlumdur.

Bu səbəbdən F-47 istehsalında ilkin mərhələdə az sayda təyyarə nəzərdə tutulsa da, bu sayın gələcəkdə dəyişə biləcəyi bildirilib.

Döyüş radiusu əhəmiyyətli üstünlük yaradacaq

F-47-nin döyüş radiusunun 1.000 dəniz milini aşması ABŞ Hərbi Hava Qüvvələrinin yanacaq təchizatı donanması üzərindəki yükünü azaldacaq. Əvvəl paylaşılan dizaynlarda manevr qabiliyyətinə üstünlük veriləcəyi irəli sürülsə də, açıqlanan məsafə məlumatları təyyarənin uzunmənzilli hücum tapşırıqları üçün optimallaşdırıldığını göstərir.

Gizlilik səviyyələri qrafiklə paylaşıldı

ABŞ Hərbi Hava Qüvvələri tərəfindən yayımlanan qrafikdə təyyarələrin gizlilik səviyyələri də təsnif olunub. Qrafikə görə, F-35 “Stels”, F-22 “Stels+”, F-47 isə ən yüksək səviyyə olan “Stels++” kimi tanımlanıb. F-47-nin daha yüksək gizlilik xüsusiyyətlərinə sahib olması gözlənilsə də, bu cür təsnifatlar texniki məlumat təqdim etməsə də, qrafik üzərindən müqayisə imkanı verir.


Pilotsuz qırıcılar CCA proqramında hazırlanır

F-47 ilə birlikdə hazırlanan YFQ-42A və YFQ-44A pilotsuz qırıcı təyyarələr, Birləşmiş Döyüş Təyyarəsi (CCA) proqramının birinci mərhələsi çərçivəsində istehsal ediləcək. Bu pilotsuz hava vasitələrinin F-47 ilə inteqrasiya olunaraq birlikdə fəaliyyət göstərməsi planlaşdırılır. Tapşırıq funksiyalarına əlavə sursat daşıma, sensor dəstəyi və aldadıcı əməliyyatlar daxildir.

Hər iki pilotsuz təyyarənin də “stels” – yəni gizlilik – xüsusiyyətlərinə sahib olduğu qeyd edilib. Təyyarələrin uçuş məsafəsinin 700 dəniz milindən (təxminən 1.296 kilometr) çox olduğu bildirilib. Bu göstərici hazırda istifadə edilən bir çox taktiki döyüş təyyarəsinin uçuş məsafəsindən daha uzundur.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   HHQ   F-47  


Bizi "telegram"da izləyin