Trampın prioriteti Çin, səfəri isə Yaxın Şərqdir – BAXIŞ BUCAĞI

2025/05/1747132249.jpg
Oxunub: 564     14:27     13 May 2025    
ABŞ prezidenti Donald Tramp bu gün başlayan Yaxın Şərq səfərini “tarixi” adlandırıb. Artıq məlumdur ki, Tramp bu səfər çərçivəsində Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətərə gedəcək. ABŞ Prezidenti Səudiyyə Ərəbistanında həmçinin ABŞ və Fars körfəzi ərəb ölkələrinin zirvə toplantısında iştirak edəcək. Söhbət hələ 1981-ci ildə yaradılmış Fars Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasından gedir ki, onun üzvləri Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Bəhreyn, Oman və Küveytdir.

Bu, Trampın Ağ Evə qayıtdıqdan sonra ilk rəsmi xarici səfəridir. O, bundan əvvəl Vatikana baş çəkmişdi, lakin bu, rəsmi səfər hesab olunmurdu, çünki məqsəd Papa Fransiskin dəfn mərasimində iştirak idi. Trampın ilk səfərini Yaxın Şərqə etməsi Birləşmiş Ştatların yeni administrasiyasının prioritetlərini aydın göstərir.

Vaşinqton üçün Yaxın Şərqdə təhlükəsizlik arxitekturası bir sıra səbəblərə görə vacib məna daşıyır. Bu səbəbləri ümumiləşdirərək bir cümlədə ifadə etmək olar: qlobal güclər balansının dəyişməsi. Yeni güc balansı fonunda əvvəlki yanaşmalara qayıtmaq ABŞ üçün ciddi problemlər doğura bilər. ABŞ artıq öz “ekzistensial rəqibi”ni müəyyənləşdirib – bu, Çindir. Trampın səfəri “tarixi” adlandırması bəzi müşahidəçilərə siyasi təbliğat kimi görünə bilər. Xüsusilə Tramp kimi nümayişkaranə liderlər üçün bu cür ritorika adi haldır.

Ancaq bu bəyanatın real siyasi mahiyyəti İsrailin Baş naziri Netanyahunun fikirlərindən də görünür. O, ABŞ-nin təhlükəsizlik yardımından imtina etmək ehtimalını dilə gətirib. Trampın Yaxın Şərq səfərindən əvvəl Netanyahuyla telefon danışığı olub. Şübhəsiz, ABŞ İsraillə təhlükəsizlik sahəsində əməkdaşlıqdan imtina etməyəcək, lakin bu əməkdaşlığın məzmun və forması dəyişə bilər. Güc balansının dəyişməsi fonunda ABŞ-nin İsrailə həddən artıq yönəlməsi artıq ona – xüsusən də başlıca rəqib olan Çinin gücləndiyi bir dövrdə – strateji sərbəstlik yox, əksinə, manevr məhdudiyyəti gətirir.

Trampın səfərinin “tarixi” olub-olmadığını yaxın günlərdə, həftələrdə və ya bəlkə də aylarla deyil, yalnız illərlə qiymətləndirmək mümkün olacaq. Yaxın Şərqdə yeni təhlükəsizlik sisteminin formalaşması uzun müddət və ciddi siyasi mühəndislik tələb edəcək. Tramp bu məsələni ilk prezidentlik dövründə də vurğulayırdı. Hazırkı səfərin əsas hədəfi, çox güman ki, Fars körfəzi ölkələrinə konkret təklif təqdim etməkdir. Bu təklif Yaxın Şərqdə yeni münasibətlər sisteminin və təhlükəsizlik memarlığının əsası ola bilər. Beləcə, ABŞ regionda öz qlobal rəqabət mövqelərini gücləndirməyə çalışacaq.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Çin   Yaxın-Şərq  


Bizi "telegram"da izləyin