Trampın Yaxın Şərq səfəri: Moskva və Pekinə “həmlə paketi” hazırlanır

2025/05/1746868294.jpg
Oxunub: 1133     16:30     10 May 2025    
Vaşinqton Moskvanın qeyri-səmimi danışıqlar apardığı qənaətinə gəlsə, danışıqlardan çıxacaq. Bu barədə ABŞ-nin vitse-prezidenti Vens bəyanat verib. Vaşinqtonun bu barədə mütəmadi olaraq açıqlamalar verməsinə baxmayaraq, digər tərəfdən Ukraynada atəşkəs barədə yaxın zamanda razılaşma əldə olunacağına dair bəyanatlar da səslənir.

Bu ziddiyyətli açıqlamalar, təbii ki, kifayət qədər mürəkkəb diplomatik prosesdən xəbər verir, burada hər tərəf öz maraqları uğrunda hər millimetr üçün ciddi mübarizə aparır. Bu mübarizənin bir hissəsi də əvvəlki gün Moskvada Rusiya və Çin prezidentləri arasında bir neçə saat davam edən görüş idi və nəticəsində çox geniş və ətraflı birgə bəyanatlar səsləndirildi.

Əsas diqqətəlayiq məqam ondan ibarətdir ki, Moskva və Pekin iki əsas istiqamətdə konkret hədəfli tənqidlər səsləndiriblər: birincisi, Trampın çoxqatlı hava hücumundan müdafiə sistemi formasında “Qızıl Günbəz” qurmaq niyyətinə qarşı; ikincisi, ABŞ, Britaniya və Avstraliya arasında hərbi-siyasi üçtərəfli alyansa və Avstraliyada nüvə arsenalının genişləndirilməsi perspektivinə qarşı. Qeyd edilən alyans hələ ABŞ-nin əvvəlki administrasiyası dövründə yaradılmışdı.

İndi isə bu məsələ görünən odur ki, Moskva, Vaşinqton və Pekin arasında aparılan danışıqların bir hissəsinə çevrilib. Eyni şeyi, yəqin ki, Trampın qurmaq istədiyi “Qızıl Günbəz” sisteminə aid etmək olar. Pekin və Moskva hesab edirlər ki, bu cür sistemin yaradılması strateji hücum, müdafiə balansını pozur və bu məsələnin beynəlxalq müzakirəyə çıxarılmalı olduğunu vurğulayırlar.

Əsasən, Moskvada keçirilmiş Rusiya-Çin danışıqları ehtimal ki, Vaşinqtona təqdim olunacaq kompleks bir təklif paketidir. Bu, yaxın vaxtlarda keçirilə biləcək Rusiya-ABŞ təmasları zamanı, hətta ehtimal olunan Tramp-Putin görüşü çərçivəsində gündəmə gətirilə bilər. Belə bir görüşün hazırlıqları barədə həm Moskva, həm də Vaşinqton açıqlamalar verirlər. Böyük ehtimalla, bu təklifə qarşı ABŞ prezidenti Tramp öz “alternativ paketini” formalaşdırmağa çalışacaq. Bu da planlaşdırıldığı kimi mayın 13-16-da baş tutacaq Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Qətərə səfəri zamanı reallaşa bilər.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Yaxın-Şərq  


Bizi "telegram"da izləyin