Fransa prezidenti Emmanuel Makron aprelin 26-da “X” platformasında “Ukraynada müharibəni sona çatdırmaq – Prezident Tramp ilə paylaşdığımız hədəf budur” ifadəsini işlətdi.
Zelenski və Tramp aprelin 21-də 88 yaşında iflic keçirərək həyatını itirən Papa Fransiskin dəfn mərasiminə qatılmaq üçün Vatikan şəhərinə gələn bir çox lider arasında idilər.
Ağ Ev görüşü “çox məhsuldar” kimi dəyərləndirərkən, Zelenski də “yaxşı bir görüş” olduğunu bildirib və “birəbir bir çox mövzunu” müzakirə etdiklərini söyləyib.
Tramp Zelenski ilə görüşündən qısa bir müddət sonra “Truth Social” platformasında etdiyi paylaşımda “Putinin son günlərdə mülki bölgələrə, şəhərlərə və qəsəbələrə raket atması üçün heç bir səbəb olmadığını” ifadə etdi.
Tramp sülh razılaşması üçün təzyiq göstərərkən, Rusiya Ukraynadakı mülki bölgələrə hücumlarını intensivləşdirdi. Aprelin 24-də Kiyevdə baş verən bir Rusiya hücumunda ən azı 12 mülki vətəndaş həyatını itirdi, təxminən 90 nəfər yaralandı.
Tramp “Bu vəziyyət mənə Putinin müharibəni dayandırmaq istəmədiyini, sadəcə vaxt qazanmaq üçün taktika tətbiq etdiyini düşündürür. Bəlkə də bankçılıq vasitəsilə və ya ikinci dərəcəli sanksiyalarla fərqli bir şəkildə yanaşmaq lazımdır” deyə bildirib və Kreml tərəfdarı açıqlamaları ilə müqayisədə daha dramatik bir ton dəyişiklik nümayiş etdirdi.
Zelenski Tramp ilə qısa görüşdən sonra Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniya Baş naziri Kir Starmer, İtaliya Baş naziri Giorgia Meloni və Avropa İttifaqı Komissiyası prezidenti Ursula von der Leyen kimi Avropa liderləri ilə də görüşərək Ukraynaya dəstəklərini yenilədi.
Makron “X” hesabında etdiyi paylaşımda bildirdi: “Ukrayna şərtsiz bir atəşkəsə hazırdır. Prezident Zelenski bunu bu gün bir daha mənə təsdiqlədi. Bunun həyata keçməsi üçün amerikalılar və avropalılarla birlikdə çalışmaq istəyir”.
Makron həmçinin, Fransa və tərəfdaşlarının Parisdə başladılan “Könüllülər Koalisiyası” çərçivəsində Ukraynada həm atəşkəs, həm də tam və davamlı sülh üçün işləməyə davam edəcəyini vurğuladı.
Ukraynalı deputat və parlamentin xarici əlaqələr komitəsinin rəhbəri Oleksandr Merezko görüşün “əhəmiyyətli” olduğunu bildirib və Tramp ilə Zelenski arasında birbaşa təmasın qurulduğunu qeyd edib.
Polşa Prezidenti Andjey Duda isə “Polsat News”a verdiyi müsahibədə görüşün “bu müharibəni sona çatdıracaq yeni ideyalar və həllər üçün ilhamverici bir ruh daşımasına” ümid etdiyini ifadə etdi: “Bu müharibənin ədalətli bir sülh ilə sona çatması Polşanın və polşalıların maraqlarına uyğundur. Bu da bizə sülh təmin edəcək və gələcəkdə təhlükəsiz bir şəkildə inkişaf etməyimizi təmin edəcək”.
Görüşdən sonra Avropa İttifaqı Komissiyası prezidenti Ursula von der Leyen Ukraynaya dəstəklərini bir daha vurğuladı. Aİ Komissiyası rəhbəri bildirib: “Avropa sülh axtarışında hər zaman Ukraynanın yanında olacaq. Ədalətli və davamlı bir sülh üçün danışıqlar masasında dəstəyimizə arxalana bilərsiniz”.
Estoniya prezidenti Alar Karis də dəfn mərasimindən sonra Tramp ilə birbaşa görüşdüyünü açıqladı. Regional media qurumu ERR-ə verdiyi müsahibədə, Trampın Rusiya-Ukrayna müharibəsində vasitəçilikdən geri çəkilməyəcəyi sözünü verdiyini söylədi: “Ondan sülh prosesinin necə irəlilədiyini soruşdum və ABŞ-nin geri çəkilməməsi üçün çalışmasını istədim. Bunu edəcəyinə söz verdi”. Karisin sözlərinə görə, Tramp Zelenski ilə yeni keçirdiyi görüşdən sonra həllə olduqca yaxın olduqlarını bildirib.
Ukrayna xarici işlər nazirinin müavini Andey Sibiqa isə “X” hesabından etdiyi paylaşımda bildirdi: “Bu tarixi görüşün əhəmiyyətini sözlərlə ifadə etmək mümkün deyil”. Sibiqa “Əziz Pyotr Bazilikasında sülh üçün çalışan iki lider” ifadəsini işlətdi.
Toplantıdan sonra açıqlama verən Zelenski açıq şəkildə bildirdi: “Müzakirə etdiyimiz hər məsələdə nəticə əldə etməyi ümid edirik. İnsanlarımızın həyatını qorumaq, tam və şərtsiz atəşkəs təmin etmək və gələcəkdə yeni müharibələrin qarşısını alacaq etibarlı, davamlı bir sülhü qurmaq üçün çalışırıq. Əgər ortaq nəticələr əldə edə bilsək, bu görüş tarixi bir an olacaq”.
Asif Cəfərov
Ordu.az