Ordu.az xəbər verir ki, Avropa İttifaqının üzvü olan 13 ölkə və Norveçin daxil olduğu nəhəng konsorsium əsas döyüş tanklarını dövrün ehtiyaclarına uyğun modernləşdirmək üçün “qollarını çırmalayıb”.
“Mövcud və Gələcək Əsas Döyüş Tankı Texnologiyaları” (FMBTech) adlanan layihə müasir hibrid müharibə şərtlərinə uyğunlaşacaq tank texnologiyalarını inkişaf etdirmək məqsədi daşıyır.
Üç illik FMBTech layihəsi hazırda istifadə olunan əsas döyüş tanklarının məhdudiyyətlərini aradan qaldırmağı, performans, zireh qoruması və xərc səmərəliliyi kimi kritik sahələrdə əhəmiyyətli təkmilləşdirmələr aparmağı hədəfləyir.
Layihə təkcə mövcud tankların modernləşdirilməsini deyil, həm də gələcək nəsil, yəni 5-ci nəsil döyüş tanklarının infrastrukturunu təşkil edəcək modul texnologiyaların inkişafını əhatə edir.
Layihəyə Fransanın müdafiə nəhəngi “Thales” rəhbərlik edir. Konsorsiuma Avropanın hər yerindən 26 müxtəlif şirkət daxildir. Bu şirkətlərə kiçik və orta müəssisələr, eləcə də tədqiqat və texnologiya yönümlü təşkilatlar daxildir.
İştirakçı ölkələr arasında Almaniya, Fransa, İtaliya, İspaniya və Polşa kimi Avropa müdafiə sənayesində söz sahibi olan ölkələr var.
Sevinc Əliyeva
Ordu.az