Polşada istehsal edilən ilk AW149 helikopteri ilk uçuşunu həyata keçirib

2025/04/1745656011.jpg
Oxunub: 564     12:25     27 Aprel 2025    
Tamamilə Polşada istehsal olunan ilk AW149 çoxməqsədli hərbi helikopteri ilk sınaq uçuşunu 2025-ci il aprelin 14-də uğurla başa vurub.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Polşa Müdafiə Nazirliyinin verdiyi açıqlamaya görə, “PZL-Świdnik” obyektlərində istehsal olunan helikopter ilk dəfə Qəbul Sınaq Proseduru (ATP) çərçivəsində havaya qalxıb.

ATP prosesi helikopterin Polşa ilə İtaliyanın əsas şirkəti “Leonardo Helicopters” arasında imzalanmış müqavilədəki dizayn tələblərinə uyğun olduğunu yoxlamaq üçün həyata keçirilir. Bildirilib ki, uçuş sınaqları müəyyən edilmiş cədvəl üzrə davam etdiriləcək.

Bu inkişaf Polşa və “Leonardo” arasında 2022-ci ilin iyulunda imzalanan və 32 AW149 helikopterinin tədarükünü nəzərdə tutan müqavilənin bir hissəsidir. İlk helikopter regional təhlükəsizlik ehtiyaclarına sürətli cavab vermək üçün “Leonardo”nun İtaliyanın Vercate şəhərindəki obyektlərində yığılıb. Bu mərhələdə Polşa texnikləri istehsal prosesinə inteqrasiya edilib və yerli istehsal üçün texniki infrastruktur yaradılıb.

AW149 qabaqcıl texnologiya sistemləri ilə təchiz edilmiş müasir çoxməqsədli hərbi helikopter kimi seçilir. Onun missiyaları sırasına personalın daşınması, tibbi yardım və axtarış-xilasetmə əməliyyatları daxildir.

Tədarük müqaviləsi çərçivəsində Polşada yerli istehsalla yanaşı texniki xidmət, təmir və dəstək infrastrukturunun yaradılması üçün texnologiya transferi təmin edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   AW149  


Bizi "telegram"da izləyin