3+1 danışıqları fonunda Tehran Avropaya “əl uzadır” – BAXIŞ BUCAĞI

2025/04/1745654927.jpg
Oxunub: 576     12:40     27 Aprel 2025    
“Moskva və Pekində keçirilmiş son müzakirələrdən sonra ilk addımı atmağa hazıram – Paris, Berlin və Londona səfər edəcəyəm”, - deyə İranın xarici işlər naziri Abbas Əraqçi “X” sosial şəbəkəsində yazıb. O bildirib ki, yalnız nüvə məsələsini deyil, qarşılıqlı maraq və narahatlıq doğuran istənilən digər sahəni də müzakirəyə hazırdır.

Nazirin “ilk addımı atmağa” hazır olması ilə bağlı ifadəsi o təəssüratı yaradır ki, Əraqçi Avropa üçlüyünün (Fransa, Almaniya, Böyük Britaniya) narazılıqlarına cavab verir. Bu narazılıqlar, görünür, Tehranın ABŞ ilə danışıqları Moskva və Pekinlə müzakirə etməsi, Vaşinqtonla faktiki kommunikasiya quraraq, Avropanı prosesdən kənarda qoyması ilə bağlıdır.

İranın XİN rəhbəri faktiki olaraq Avropa tərəfi ilə də müzakirələr başlamağa hazır olduğunu bəyan edir. Amma görünür ki, bu, müəyyən bir razılaşma məntiqinə əsaslanır. Ehtimal ki, Əraqçinin “nüvə sazişindən başqa digər sahələr üzrə də danışmağa hazıram” fikrində bu işarə var. İranın təklif məntiqi belə görünür: Avropa ölkələri İrana qarşı sanksiya rejimini yumşaldır, əvəzində Tehran ABŞ ilə danışıqlarda və mümkün razılaşmalarda Avropanın iştirakına xüsusi önəm verir.

Böyük Britaniya, Almaniya və Fransa İranın nüvə proqramı üzrə əvvəlki sazişin iştirakçıları idilər və bu saziş 6+1 formatında imzalanmışdı. Lakin indi proses ən azı 3+1 məntiqi ilə – ABŞ, Çin, Rusiya və İran – irəliləyir. Bir neçə gün əvvəl Fransanın xarici işlər naziri Baro bəyan etmişdi ki, İran ətrafında baş verən proseslər Avropanın maraqlarını da nəzərə almalıdır. Qeyd olunmalıdır ki, Oman vasitəçiliyi ilə aparılan danışıqların ikinci raundu artıq sultanlıqda deyil, Romada baş tutub.

Bu dəyişikliyin səbəbi açıq şəkildə izah olunmayıb. Əgər danışıqlar yenə də Oman texniki vasitəçiliyi ilə və Oman səfirliyinin binasında keçiriləcəkdisə, onda niyə yer dəyişdi? Bu, Avropaya bir jest idi, yoxsa burada Vatikanla bağlı başqa bir məna vardı? Qeyd edək ki, ABŞ-İran (Uitkof-Əraqçi) danışıqları ilə paralel olaraq, ertəsi gün ABŞ vitse-prezidenti Vens Roma Papası I Fransisk ilə görüşüb. Bu, faktiki olaraq Papanın son beynəlxalq görüşü olub.

Bir neçə saat sonra Vatikan Papanın vəfat etdiyini açıqlayıb. Papanın səhhətinin fevraldan bəri ağır olduğu bildirilirdi. Vatikan son aylarda İran ətrafında baş verən proseslərdə mühüm rol oynayıb. Məsələn, ötən ilin noyabrında “Hizbullah”la İsrail arasında atəşkəs sazişi əldə olunmamışdan əvvəl ABŞ dövlət katibi Blinken Vatikana səfər edib və Papanın qəbulunda olub. Eyni zamanda, İran prezidenti Pezeşkian da Papanın ünvanına məktub göndərmişdi. Lakin Papa Fransiskin vəfatı müvəqqəti də olsa, yeni vəziyyət yarada bilər. Ola bilər ki, İranın xarici işlər naziri Əraqçinin Avropa üçlüyü ilə görüşə hazır olduğunu bildirməsi də bu amillə bağlıdır.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tehran   Avropa  


Bizi "telegram"da izləyin