Londonda keçirilməsi planlaşdırılan ABŞ dövlət katibi, prezidentin xüsusi nümayəndəsi və Avropa “üçlüyü” – Böyük Britaniya, Fransa və Almaniyanın xarici işlər nazirləri arasında danışıqlar, o cümlədən Ukrayna nümayəndə heyətinin də iştirakı ilə nəzərdə tutulan görüş ləğv edilib. Dövlət katibi Rubio Ukrayna prezidenti Zelenskinin “Krımın Rusiya torpağı kimi tanınmasının müzakirə mövzusu ola bilməz” bəyanatından sonra Londona getməkdən imtina edib.
Bundan əvvəl “Financial Times” məlumatlı mənbələrə istinadən yazmışdı ki, Rusiya prezidenti Vladimir Putin Trampın xüsusi nümayəndəsi Uitkof vasitəsilə təklif göndərib ki, əgər Ukrayna ilə razılaşmada Krımın Rusiyaya aid olduğu hüquqi şəkildə təsdiqlənsə, o zaman Xerson və Zaporojye vilayətlərindən imtina etməyə hazırdır.
ABŞ prezidentinin “Rusiya ilə razılaşmamız var, sadəcə Zelenski ilə razılaşmaq qalır” deməsi ehtimal ki, Putinin planına razılığını bildirir. Lakin Krım və digər ərazilər beynəlxalq hüquqa əsasən Ukraynaya məxsusdur. Tramp sosial şəbəkədə paylaşım edərək keçmiş prezident Obamanı və Ukrayna hakimiyyətini kəskin tənqid edib, on bir il əvvəl Krımı bir güllə atmadan təslim etdiklərini deyib.
Bu isə faktiki olaraq o deməkdir ki, Krımın Rusiyaya məxsusluğu artıq müzakirə mövzusu deyil. Londonda planlaşdırılmış danışıqların uğursuzluğa düçar olması da Ukrayna nümayəndə heyətinin tamamilə fərqli yanaşma sərgiləməsi ilə əlaqəlidir – əvvəlcə sabit və zəmanətli atəşkəs əldə olunmalı, sonra digər məsələlər müzakirəyə çıxarılmalıdır.
Bu fonunda Rusiya son iki gündə Ukraynanın bir neçə vilayətini, o cümlədən paytaxt Kiyevi bombalayıb. Ukrayna mənbələri çoxlu sayda mülki şəxsin həlak olduğunu və böyük dağıntıların baş verdiyini bildirirlər. ABŞ prezidenti bir daha insan həyatlarını xilas etməyin vacibliyindən danışıb. Onun sözlərinə görə, hər iki tərəf gündə təxminən beş min itki verir.
Bu şəraitdə Rusiya Təhlükəsizlik Şurasının katibi Şoyqu çox təhlükəli bir bəyanatla çıxış edib. O, Rusiyanın “nüvə silahı ilə qarşısının alınması konsepsiyasını” yenidən nəzərdən keçirdiyini və əgər Qərb ölkələri Rusiya və Belarusun ərazi bütövlüyünə təhdid yaradarsa, nüvə silahından istifadə etmək hüququna sahib olduqlarını bəyan edib. Şoyqu əlavə edib ki, Rusiya, əgər ona qarşı hücum qeyri-nüvə silahları ilə edilsə belə, “proporsional və qeyri-proporsional cavab vermək hüququna malikdir”.
Rusiyanın ərazi bütövlüyü isə 2022-ci il oktyabrın 4-də qəbul olunmuş konstitusiya qanununa əsasən yalnız Krımı və Donbası deyil, həm də həmin vaxt işğalda olan Xerson və Zaporojye vilayətlərinin ərazilərini əhatə edir. Şoyqunun məntiqinə görə, əgər Ukrayna öz ərazilərini geri qaytarmaq üçün hərbi əməliyyatlara başlasa, Rusiya “qeyri-proporsional cavab” verəcək. Ukrayna Silahlı Qüvvələrinin istənilən hərəkəti Rusiya suverenliyi və ərazi bütövlüyünə qarşı “Qərb müdaxiləsi” kimi təqdim oluna bilər.
Şoyqunun bu bəyanatından belə nəticə çıxır ki, Zelenskinin Rusiya-ABŞ “razılaşmasını” rədd etməsinin məsuliyyətini Moskva Avropa “üçlüyünün” üzərinə atır və Avropa ictimaiyyətini “apokalipsis”lə hədələyir. Etiraf etmək lazımdır ki, bu təhdid təsirlidir, çünki Avropa liderlərinin heç bir zəmanəti yoxdur ki, Putin “nüvə düyməsi”ni basmayacaq. Faşizm üzərində qələbənin 80 illiyinə az qalmış isə Putinə diplomatik triumf lazımdır.
Asif Cəfərov
Ordu.az