Tokayev vurğulayıb ki, Qazaxıstan ətrafında “siyasi neqativ kontekst” formalaşır və buna xaricə köçmüş keçmiş vətəndaşlar da töhfə verirlər, onlar hətta dövlət orqanlarını şantaj etməyə çalışırlar. Prezident ölkədə problemlərin olduğunu qəbul edib, lakin onların milli maraqlar və qanunvericilik çərçivəsində həll olunacağına əminlik ifadə edib. Qazax xalqını isə tarixi-mədəni və siyasi bütövlük təşkil edən bir xalq kimi xarakterizə edib və əlavə edib ki, bu xalqın dəyərləri və ənənələri əsrlərin dərinliklərinə gedib çıxır.
Diqqətçəkicidir ki, Qazaxıstan Xalqları Assambleyasının iclası Tokayev və Putin arasında baş tutmuş telefon danışığından cəmi bir həftə sonra çağırılıb. Qazaxıstanda millətlərarası problemlər, şübhəsiz, mövcuddur, lakin ən ciddi çağırış Rusiyayla bağlı olan şimal vilayətləri ətrafındakı ziddiyyətlərdir. Bu məsələ ictimai şəkildə dilə gətirilməsə də, iki ölkə arasındakı münasibətlərdə daimi mövcuddur. Məsələnin ciddiyyəti ondadır ki, bu bölgələrdə təqribən üç milyon rus yaşayır və onlar istənilən anda qondarma “öz müqəddəratını təyin etmə” məsələsini gündəmə gətirə bilərlər.
Xüsusilə də nəzərə alaq ki, söhbət keçən əsrin 1950-60-cı illərinə qədər demək olar ki, boş olan və yalnız sovetlərin “bircə torpaq” proqramı çərçivəsində məskunlaşdırılmış ərazilərdən gedir.
Qazaxıstan parlamentinin aşağı palatası tərəfindən qəbul edilmiş “Yerli özünü müdafiə haqqında” qanun Rusiyadan potensial təhdidə qarşı siyasətin təzahürü kimi dəyərləndirilir. Məlumata görə, bu qanun yerli özünümüdafiə qüvvələrinin ən böyük birləşməsinin Rusiya ilə sərhəddə yerləşdirilməsini nəzərdə tutur.
Qanuna əsasən, bu birləşmələr mühəndislik, arxa cəbhə təminatı, nəqliyyat yollarının və digər infrastrukturun qorunmasını həyata keçirməlidirlər. Yerli özünümüdafiə qüvvələri Qazaxıstan Müdafiə Nazirliyinin tabeliyinə veriləcək.
Bu qanunla bağlı yerli və xarici mətbuatda yayılan məlumatlara cavab olaraq Qazaxıstan Müdafiə Nazirliyi bəyanat yayıb. Bəyanatda qeyd olunur ki, qanunun qəbul edilməsi heç bir ölkəyə, o cümlədən Rusiyaya qarşı yönəlməyib. Vurğulanıb ki, Rusiya və Qazaxıstan “strateji tərəfdaşlardır, KTMT, Avrasiya İqtisadi İttifaqı və Şanxay Əməkdaşlıq Təşkilatının üzvləridir”.
Astanadan belə bəyanat gözlənilən idi, lakin bu, məsələnin mahiyyətini dəyişmir. Birinci oxunuşdan keçən qanun Senatın təsdiqinə göndərilib. Bu prosedur Qazaxıstan Konstitusiyasına əsasən müəyyən olunub. Senat parlamentin aşağı palatası tərəfindən qəbul olunmuş qanunu təsdiq edəcəkmi?
Təxmin etmək olar ki, müzakirə mayın 9-dan sonra baş tutacaq. Həmin tarixdə Tokayev və Putinin görüşü nəzərdə tutulub. Bu barədə tərəflər bir həftə öncəki telefon danışığında razılığa gəliblər. Görünür, Tokayev Moskvaya diplomatik “ehtiyat”la yollanacaq. Tokayev hansı zəmanətlərin qarşılığında “Yerli özünü müdafiə haqqında” qanunun ratifikasiyasını dayandıracaq? Yox əgər prinsipial razılaşma əldə olunmasa, bu zaman rusdilli vilayətlərdə də yerli özünümüdafiə dəstələri yaradılacaqmı?
Asif Cəfərov
Ordu.az