Ordu.az xəbər verir ki, “Əlavə müdafiə investisiya proqramı” adlandırılan planla ölkə 2029-cu ilə qədər Ümumi Daxili Məhsulunun (ÜDM) orta hesabla 5,4 faizini müdafiə büdcəsinə ayıracaq.
Baş nazir Kristen Mixal qərardan sonra deyib: “Bu qərar o deməkdir ki, Estoniya quru, hava və dəniz qüvvələri də daxil olmaqla, müdafiə imkanlarını əvvəlkindən daha sürətlə inkişaf etdirir”.
Mixal, həmçinin bildirib ki, yeni fondlar Hava Hücumundan Müdafiə (HHM) potensialının sürətlə genişləndirilməsinə, quru qoşunlarının atəş gücünün artırılmasına, dərin hücum imkanlarının yaradılmasına, pilotsuz uçuş aparatı və radioelektron mübarizə sistemlərinə diqqət yetirilməsinə imkan verəcək.
İnvestisiya planı Estoniya Müdafiə Qüvvələrinin komandanı general-mayor Andrus Merilonun rəhbərliyinə uyğun formalaşacaq. Bu, Ukrayna müharibəsindən əldə edilən təcrübəyə və NATO-nun qarşıya qoyduğu hədəflərə uyğun olacaq.
Estoniyanın qərarı Baltikyanı qonşuları Litva və Latviyanın da müdafiə xərclərini eyni şəkildə artırmasından sonra verilib. Litva 2030-cu ilə qədər ÜDM-in 5-6 faizini müdafiəyə xərcləməyi öhdəsinə götürüb, Latviya isə uzunmüddətli perspektivdə 5 faizi hədəfləyir.
Modernləşdirmə prosesində diqqət çəkən alışlar arasında büdcəsi 200 milyon dollardan çox olan 6 ədəd M142 HIMARS sistemi də var. Estoniya ikinci sifarişi nəzərdən keçirir, lakin çatdırılma vaxtı və qiymət kimi məsələlərə görə alternativ sistemlər də araşdırılır.
Ölkə, həmçinin mart ayında Türkiyə istehsalı olan 50-yə yaxın “Arma” 6x6 və NMS 4x4 zirehli vasitəsi alıb ki, bu da piyada və döyüş dəstək bölmələrində xidmətə daxil olacaq. Fransa istehsalı olan “Sezar MK1” 155 mm-lik özüyeriyən haubitsalarının ilk partiyası yanvarda gəlib.
HHM sahəsində də yeni investisiyalar nəzərdə tutulub. Estoniya Müdafiə İnvestisiyaları Mərkəzi (ECDI) dekabr ayında qısa və uzun mənzilli sistemləri əhatə edən 7 illik “gəzən sursat” çərçivə sazişi üçün tender prosesinə başlayıb. Məqsəd müxtəlif provayderlərlə əməkdaşlıq edərək, potensialı şaxələndirməkdir.
Sevinc Əliyeva
Ordu.az